abcde--metodu

ABCDE metodu

Bundan öncə sizinlə vaxtınızı necə səmərəli idarə edə biləcəyinizlə bağlı üsulları paylaşmışdıq. İndi isə, “ABCDE” üsulundan istifadə edərək siyahılarınızı öz priotetlərinizə görə sıralamağın əhəmiyyəti haqqında söhbətləşəcəyik. Bir işə başlamazdan əvvəl vacibi əhəmiyyətsizdən, təcilini təcili olmayandan ayırın.

Bu metod üçün ilk öncə tapşırıqlar siyahınızı nəzərdə keçirməlisiniz və hər bir tapşırığın qarşısında A,  B, C, D və ya E hərfləri qoymalısınız. İşə başlamamışdan öncə siyahını bu cür gözdən keçirmək və hər bir tapşırığıq haqda düşünmək özlüyündə artıq işinizin səmərəsini və məhsuldarlığını artırır.

İndi isə gəlin, hansı hərfin hansı tip işlərin etiketlənməsi üçün istifadə olunur ona baxaq.

“A” hərfi ilə işarətlənmiş işlər olduqca vacib işlərdir. Bu  işin görülməsi və görülməməsi ciddi nəticələrlə müşahidə olunacaq. Bunlar sizin uğurunuza ən böyük təsir edəcək işlərdir və unutmayın ki, bütün bu işlərdən əvvəl bu işləri görməlisiniz. Əgər “A” kateqoriyalı işləriniz çoxdursa, onları “A-1, A-2, A-3” və s. kimi işarətləyin. Bu tapşırığı bitirdikdən sonra bütün diqqət və enerjinizi əvvəlcə A-1 işlərinin yerinə yetirilməsi üçün sərf edin.

“B” kateqoriyalı tapşırıqlar görməyiniz gərəkli olan işlərdir. Bu işlərə misal olaraq, dosta zəng etmək, iş yoldaşınızla şam yeməyinə getmək və yaxud e-maillərinizi görməyə sərf edilən vaxt və enerjini göstərmək olar. Bu işləri görməyiniz və ya görməməyiniz müəyyən nəticələrə malik olacaq, lakin həyatınız və gələcəyiniz üçün o qədər də əhəmiyyət kəsb etməyəcək.

Ümumi qayda belədir: siyahınızda “A” kateqoriyalı işlər olduqda, heç zaman “B” kateqoriyalı iş görməyin.

“C” kateqoriyalı işlər heç bir nəticəyə malik olmayan işlərdir. Hansı ki, onları görmək, sadəcə yaxşı olardı və onların edilib-edilməməsi heç bir nəticə verməyəcək. Məs, çay içmək, iş yoldaşlarınızla söhbıt etmək, qəzet oxumaq və s. bu kateqoriyaya aid ola bilər.

“D” kateqoriyalı işlər sizin başqalarına yönləndirməli olduğunuz işlərdir. Uğurunuzu müəyyən edəcək “A” kateqoriyalı işlərə daha çox vaxt ayırmaq üçün mümkün qədər çox işi başqalarına ötürməlisiniz.

Nəhayət, sonuncu “E” kateqoriyalı işlər isə təxirə salınmalı işlər siyahısıdır. Bunlar keçmişdən qalma və sizin hazırki məqsədlərinizə nail olmaq üçün heç bir əhəmiyyət kəsb etməyən işlərdir. Gün və ya həftə ərzində gördüyünüz işlərin çoxunu heç bir fəsadı olmadan ixtisasa sala bilərsiniz.

Son olaraq, işlərinizin vacibliyini təyin etməyinizə kömək edə biləcək 80/20 qaydasının haqqında da danışaq. Bu qayda, işlərinizin 20%-nin bütün nəticənin 80%-ni verməsinə əsaslanır. Belə ki, əgər siyahınızda 10 iş varsa, onlardan ikisi digər səkkiz işdən daha vacib olacaq. İşə 80/20 qaydasını tətbiq edərək təyin etdiyiniz “A” kateqoriyalı işlərlə başlayın. Uğurlar.