agdag-natural-gipskarton-lovheleri-zavoduna-infotur-teskil-edilib--

“AĞDAĞ” Natural Gipskarton Lövhələri Zavoduna infotur təşkil edilib

Ölkəmizin tikinti materiallarının qabaqcıl istehsalçılarından olan “Mətanət A” Şirkətlər Qrupu ilə əməkdaşlıq edən inşaat materiallarının satışı ilə məşğul olan iri ticarət obyektlərinin nümayəndələri üçün “Ağdağ” Natural Gipskarton Lövhələri Zavoduna İnfotur təşkil edilib. 

İnfotur çərçivəsində iri topdan satış obyektlərinin 50-yə yaxın nümayəndəsi iştirak edib. Əvvəlcə tədbir iştirakçıları zavodun istehsal gücü, istehsal prosesi ilə yaxından tanış olub.

Zavodun direktoru Alim Bayramov qonaqlara məlumat verib ki, ölkə başçısının tövsiyəsi ilə inşa edilən “AĞDAĞ” Natural Gipskarton Lövhələri Zavodu 2021- ci ildə fəaliyyətə başlayıb. Zavod qabaqcıl “Grenzebach” alman texnologiyasına əsaslanır, istehsal prosesi tam avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə nəzarət PLC xüsusi proqram təminatı ilə avtomatik həyata keçirilir. 

Bildirilib ki, “AĞDAĞ” Natural Gipskarton Lövhələrinin keyfiyyəti Almaniya bazarlarındakı məhsul ilə eyni keyfiyyətə malikdir. İstehsal zamanı spesifik kartonların istifadəsi materialın tətbiq imkanlarını daha da artırır. “AĞDAĞ” Natural Gipskarton Lövhələrinin istifadəsi işin effektivliyinin artmasına və nəticədə tikinti xərclərinin azalmasına kömək edir.

Qonaqlar istehsal prosesini zavod ərazisində əyani olaraq izləyib. Məhsulun istehsalında istifadə olunan keyfiyyətli xammal, texnoloji innovasiyanın tətbiqi, eləcə də zavodun innovativ iş prininsipinin şahidi olublar.

Daha sonra Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının Prezidenti, “Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının Sədri Elxan Bəşirov tədbirin rəsmi hissəni öz giriş nitqi ilə açıb: “Mətanət A” Şirkətlər Qrupu olaraq daim inkişaf etmək və iqtisadiyyatımızın inkişafına töhfə vermək şirkət olaraq əsas məqsədimizdir. Ən keyfiyyətli xammalın istifadəsi, ən son texnologiyaların tətbiqi, eləcə də ən zəngin təcrübədən yararlanmaqla yerli və ixrac etdiyimiz xarici bazarlar üçün rəqabətədavamlı məhsulların istehsalı həm də “Made in Azerbaijan” brendinin nüfuzunu gücləndirməyə və bu brendin dünya bazarında tanıdılmasına xidmət edir”.

Elxan Bəşirov çıxışında vergi məsələlərinə də toxunub. Daha çox vergi ödəyən topdan satış obyektlərinin sahiblərinə təşəkkür edib. Bildirib ki, onlar öz təcrübələri ilə digər topdan satış, həmçinin pərakəndəçilər üçün örnək olmalıdırlar. Belə ki, büdcəyə ödənilən vergilər milli iqtisadiyyatımızın inkişafı və ordumuzun gücləndirilməsinə xidmət edir.

Daha sonra isə “Mətanət A” Şirkətlər Qrupunun ümumi fəaliyyəti, gələcək layihələri, həmçinin sıx əməkdaşlıq etdiyi alman şirkətlərinin təcrübəsi barədə təqdimatlar keçirilib. Çıxış edən Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru Tobias Baumann bildirib ki, “Mətanət A” Şirkətlər Qrupunun Almaniya şirkətləri ilə sıx əməkdaşlığı təqdirəqəlayiqdir. Öz növbəsində cənab Baumann “Mətanət A” Şirkətlər Qrupuna Alman-Azərbaycan İqtisadi Əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.

Tədbir “Mətanət A” Şirkətlər Qrupunun ümumi fəaliyyəti və gələcək layihələri barədə təqdimatlarla davam edib.