ai-ve-bmt-nin-inkisaf-proqrami-pese-tehsiline-konullulerin-celbi-ucun-yeni-tesebbus-elan-edir--

Aİ və BMT-nin İnkişaf Proqramı peşə təhsilinə könüllülərin cəlbi üçün yeni təşəbbüs elan edir!

"Peşə könüllüsü” təşəbbüsü "Gələcək üçün peşə təhsili və təlimi" layihəsi çərçivəsində həyata keçirilir və ölkədə gənclərin peşə təhsilinə cəlb edilməsi fəaliyyətlərinə dəstək xarakteri daşıyır. Peşə könüllüsü olacaq şəxslərin peşə təhsilində yeniliklərin təşviqi prosesində iştirak edərək öz fərdi bacarıqlarını inkişaf etdirməsi nəzərdə tutulur.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan bütün peşə təhsili müəssisələrində təhsil alan və son 5 ildə məzun olan şəxslər peşə könüllüsü olmaq üçün bu təşəbbüsə müraciət edə bilər.

"Peşə könüllüsü olacaq şəxslər aşağıdakı istiqamətlər üzrə bir sıra fəaliyyətlərdən yararlana biləcəklər:

- Peşə təhsili müəssisələri tərəfindən həyata keçirilən sosial təşəbbüslərin və ictimai yönümlü layihələrin icrası prosesində iştirak etmək;

- Təhsil aldıqları və yaşadıqları ərazidə gənclər arasında peşə təhsilinin təbliği işlərinin təşkilində təcrübə qazanmaq;

- Könüllü fəaliyyətlər çərçivəsində özlərinin təşəbbüskarlıq, layihə idarə edilməsi, təşkilatçılıq, məsuliyyətlilik, planlaşdırma kimi iş bacarıqlarını formalaşdırmaq

- Müxtəlif peşə istiqamətləri üzrə fəaliyyətlərdə yaxından iştirak edərək öz potensiallarını kəşf etmək və seçdikləri istiqamət üzrə mütəxəssis kimi inkişaf etmək;

- PTDA-nın, habelə peşə təhsili müəssisələrinin təşkil etdiyi və təşkilində iştirak etdiyi tədbirlərə həm iştirakçı, həm də təşkilatçı olaraq qoşularaq bir sıra peşə istiqamətləri üzrə praktiki biliklər qazanmaq.

Bunlarla yanaşı, "Peşə könüllüsü” təşəbbüsü çərçivəsində könüllülərin inkişafına yönəlik müvafiq təlim və tədbirlərin keçirilməsi, eləcə də kiçik miqyaslı sosial fəaliyyətlərin təşkili nəzərdə tutulur.

Peşə könüllüsü olmaq istəyən şəxslər aşağıdakı formu tamamlayaraq yollamalıdır.

Müraciətçilər 25 noyabr tarixinə qədər müsahibəyə dəvət ediləcək və seçilmiş namizədlər 1 dekabr tarixinədək müvafiq olaraq məlumatlandırılacaqlar. Ümumilikdə, 80-ə qədər qadın və kişi könüllünün bu təşəbbüsdən faydalanacağı gözlənilir.

Peşə təhsilində gənclərin cəlbi üçün pilot addımların dəstəklənməsi, Ai tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən PTDA ilə birgə həyata keçirilən "Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Markazlarinin yaradılmasına dəstək" layihəsi çərçivəsində aparılır. Layihənin əsas məqsədi amak bazanının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.