Analitik düşünmə bacarıqlarını necə formalaşdırmaq olar?
Günümüzdə tez-tez iş elanlarında insan resursları üzrə mütəxəssislər tərəfindən qoyulan tələblərdən biri də müraciət edəcək şəxslərdə analitik düşünmə bacarığının olmasıdır. Buna görə də analitik düşüncənin nə demək olduğunu, öyrənməyə ehtiyac var. Dünya İqtisadi Forumuna görə də 10 ildən sonra iş mühitində tələb olunan 5 əsas bacarıq arasında analitik düşüncəni ilk sıralarda gəlir. Buna görə də analitik düşünmə qabiliyyətini inkişaf etdirmək həm də zamanın tələbidir. Bəs analitik düşünmə bacarığı nədir? Necə inkişaf etdirmək olar?
Analitik düşüncə insanlara problemləri sürətlə və təsirli şəkildə həll olunmasına şərait yaradan düşünmə üsuludur. Fərdlər həyat fəaliyyətləri zamanı müxtəlif topluluqlarda və müxtəlif şərtlər altında problemlərlə qarşılaşa bilirlər. Bəzi problemlərin öhdəsindən gəlmək çətin olmasa da, bəzilərinin həlli çox çətin olur. Bu qarışıq problemləri həll etmək bu məsələlərə yanaşma üsulunun doğru olması ilə mümkündür. Problemləri analiz edib, kateqoriyalara bölərək həll yollarının axtarılması həm vəziyyəti qiymətləndirmək, həm düşünülmüş qərarlar qəbul etmək, həm də planlaşdırmaq üçün lazımdır. Analitik düşünmə bacarığı isə bu yanaşmanı əsas götürərək istifadə olunan texnikadır. Analitik zəka məlumatları toplama, problemi və ya hadisələri kiçik hissələrə ayırma, analiz etmə, həll etmə və qərar vermə bacarıqlarına sahib olmağı gərəkdirir. Bu bacarıq düzgün istifadə edildikdə üstün tərəflərdən birinə çevrilə bilir və bu da iş prosesində uğurları və məhsuldarlığı artırmaqda təsirli olur.
Bu yanaşma bütün mümkün qərarlar arasında ən yaxşısını qəbul etməyə imkan verir. İngilis alimləri Harrison və Bramson deyirlər ki, bu bacarığı olan insanların problemlərin həlli üçün məntiqi bir metodları olur. Qərar qəbul etmək üçün zehni olaraq detallı bir plan hazırlayırlar. Onlar üçün həmişə mümkün qədər çox məlumat toplamaq şərtdir.
Analitik düşünmə zamanı aşağıdakı üç əsas xüsusiyyəti formalaşdırır:
1. Vəziyyəti proqnozlaşdırmaq. Analitiklər problemləri baş verməzdən əvvəl proqnozlaşdırmağı əla bacarırlar. Belə insanlar əvvəlcədən addımları hesablaya və hadisələrin inkişafının bütün mümkün variantlarını təxmin edə bilərlər.
2. Prioritetləri müəyyənləşdirmək. Moskva bir günə tikilməyib. Analitik zəka sahibi olan insanlar böyük hədəflərə gedən addımları necə atacaqlarını yaxşı bilirlər. Bu da enerjinin səmərəli şəkildə istifadəsini və qüvvələri düzgün bölüşdürməyi tələb edir.
3. Şəxsiyyət kimi böyümək. Bu bacarığa sahib insanlar hər bir uğursuzluğa inkişaf imkanı kimi baxırlar. Səhvlərin düzgün təhlili ilə keçmiş uğursuzluqların qazandırdığı təcrübə üstünlüyə çevrilir. Bir qayda olaraq, bu, növbəti dəfə problemin ən effektiv həllini tapmağa və əvvəlki səhvləri təkrarlamamağa kömək edir.
Jeff Bezos “Amazon” şirkətini qurmağı planlayanda analitik bacarıqlarından effektiv şəkildə istifadə etmişdi. Məqalələrdən birində Jeff 90-cı illərin sonlarında internet istifadəçilərinin sayının hər il 2000% -dən çox artdığını oxuyur. O, qlobal şəbəkənin potensial alıcı auditoriyasının həcmini əvvəlcədən hesablayır və məhsulları onlayn satmağı planlaşdırır. Jeff 20 maddədən ibarət bir siyahı tərtib edir: birinci yerdə kitablar, ikinci yerdə isə musiqi diskləri olur. Bu addım onu Forbesin dünyanın ən zəngin adamına çevirir.
Analitik düşüncənin inkişafı üçün müxtəlif tapşırıqlar var. Sözsüz ki, dərhal nəticə gözləmək lazım deyil, amma bu məşğuliyyətlər bu bacarığı formalaşdırmağa kömək edəcək. Prosesi sürətləndirmək üçün çalışın ki, böyük fasilələr etməyəsiniz. Bu cür məşqlərdən istifadə edərək beyninizi məşq etdirməyə çalışın:
1. Məntiq problemləri həll edin. Analitik düşüncə üçün məntiq vacibdir. Bunun üçün də müxtəlif məsələləri həll edə bilərsiniz. Əvvəlcə sadə problemləri seçin, tədricən çətinə doğru hərəkət edin.
2. Krossvord həll edin. Bu da düşünmə prosesini aktivləşdirir deyə çox effektiv metodlardan biridir.
3. Kitab oxuyun. Oxu yalnız analitik təfəkkürün inkişafına imkan yaratmır, həm də fantaziyanı, kreativliyi, intuisiyanı inkişaf etdirir. Dedektiv janrının kitablarını seçin, cinayəti özünüz həll etməyə çalışın, özünüzə suallar verin, cavablar axtarın və hadisələr zəncirini izləyin.
4. Zəka oyunları oynayın. Zəka oyunları analitik düşünmə bacarıqlarını inkişaf etdirmək üçün həm əyləncəli, həm də təsirli üsullardan biridir. Bu masaüstü və ya onlayn oyunlar ola bilər. Məsələn, şahmat, dama, "monopoly" və digər oyunlar ola bilər.
5. Hər gün yeni bir şey öyrənin. Hər gün yeni şeylər öyrənməyi vərdiş halına gətirin. Sizi maraqlandıran mövzular haqqında araşdırma edin. Yeni məlumatlar sizin düşünmə qabiliyyətinizi inkişaf etdirməklə yanaşı dünya görüşünüzün artmasına da təkan verəcək.
6. Debat klublara qatılın. Bu qruplar insanlara fərqli mövzular ətrafında ünsiyyət quraraq fikir bildirməyə və fərqli yanaşmalarla tanış olmağa imkan yaradır. Bu formada müzakirələr aparmaq analitik bacarıqların güclənməsini artıran vasitələrdən biri hesab olunur.
7. Detallara diqqət edin. Avtomobildə, avtobusda, metroda və ya gəzərkən olduğunuz otaqda, ofisdə, hər yerdə detallara diqqət edə bilərsiniz. Ətrafınızdakı obyektlərin fərqliliklərini incələyin. Detallara diqqət etməyə başladıqda analitik düşünmə bacarığınızın inkişaf etdiyini görəcəksiniz.
8. Gündəlik tutun. Məqsədlərinizi, onlara nail olmaq yollarını və nəticələri qeyd etdiyiniz gündəlik götürün. Məqsədə nail ola bilmədikdə səhvlər üzərində iş aparın. Səbəbləri axtarın və təhlil edin.
Analitik düşüncə qabiliyyəti inkişaf etmiş insanlar araşdırmağa və sorğulamağa daha çox meyllidirlər. Hətta ümumi olaraq qəbul edilmiş nəzəriyyələri araşdırıb sorğulaya bilirlər. Bu şəkildə son nəticənin şəraitdən asılı olaraq dəyişə biləcəyinin fərqində olurlar. Siz də analitik bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Oyunlar və ya dil öyrənməklə problemin həllini tez və effektiv şəkildə necə tapacağınızı öyrənəcəksiniz. Analitik vərdişlər həyatın bir çox sahələrində şüurlu və ya şüursuz şəkildə istifadə etdiyimiz bacarıqlardır. Buna görə də oyun və ya ünsiyyət zamanı inkişaf edə bilər.