avropa-regional-sosial-teminat-forumunda-azerbaycanda-sosial-teminat-sahesinde-aparilan-islahatlara-dair-melumat-verilib--

Avropa Regional Sosial Təminat Forumunda Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlara dair məlumat verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Beynəlxalq Sosial Təminat Assosiasiyasının Tallin şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlara dair ətraflı məlumat verib.

“İnstitusional transformasiya və sosial təminat idarəçiliyinin gələcəyi” sessiyasında panelçi qismində iştirak edən Fond sədri əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial müdafiə və sosial təminat sahəsində əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun qurulması sahəsində ölkəmizdə aparılan ardıcıl və genişmiqyaslı işləri diqqətə çatdırıb.

H.Məmişov sosial təminat idarəçiliyinin gücləndirilməsi perspektivləri, sosial təminat qurumlarının hazırda malik olduqları və gələcəyə hədəflənən səmərəli idarəetmə potensialının inkişaf etdirilməsindən bəhs edib.

O bu istiqamətdə qəbul edilən strategiyalar və transformativ addımlar barədə sualları da cavablandırıb.

Xatırladaq ki,  qeyd edilən Avropa Regional Sosial Təminat Forumunda Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq uğura imza ataraq,  Təşkilatın “BSTA-nın ən yaxşı təcrübəsinə görə mükafat” müsabiqəsinin qalibi olub.

Fond müstəqil beynəlxalq münsiflər heyətinin qərarına əsasən, “Ən yaxşı mütərəqqi təcrübəni təsdiq edən xüsusi qeydli Fəxri Diplom”la təltif edilib.