azerbaycan-karyera-inkisaf-forumu-kecirilecek--

Azərbaycan Karyera İnkişaf Forumu keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 8 dekabr 2021-ci il tarixdə Azərbaycan Karyera İnkişaf Forumu keçiriləcək.

“Gələcəyə hazır ol!” devizi ilə keçiriləcək forumun məqsədi daim dəyişməkdə olan əmək bazarı barədə məlumatlılığı artırmaq, iştirakçıları gələcəyin peşə və bacarıqları ilə tanış etmək, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün atılmalı addımları müzakirə etməkdir.

Tədbirdə bu sahə üzrə 3 tanınmış beynəlxalq məruzəçi – Amerika Birləşmiş Ştatlarından Malka Edelman, Türkiyədən Murat Koç və İsraildən Tal Catran iştirak edəcək.

Əsas məruzəçilərlə yanaşı, təcrübəli yerli ekspertlər tərəfindən də forumda müxtəlif mövzularda təqdimatlar ediləcək. Forumun işində iştirakçıların fəallığının təmin olunması, məhsuldarlığının artırılması məqsədilə birgə müzakirələr, işçi qruplar formatında görüşlər keçiriləcək.

Müzakirələrin sonunda iştirakçılar məruzəçi ekspertlərlə birgə gələcəyə yönəlik təklif, ideya və həllər toplusu hazırlayacaq. Daha sonra həmin nəticələr müvafiq dövlət qurumları və özəl müəssisələrə göndəriləcək.

Azərbaycan Karyera İnkişaf Forumuna iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyata da başlanacaq.