azerbaycan-konulluleri-arasinda-nizami-kvest-intellektual-komanda-oyununun-final-merhelesi-kecirilib--

Azərbaycan könüllüləri arasında “Nizami Kvest” intellektual komanda oyununun final mərhələsi keçirilib

Azərbaycan könüllüləri arasında “Nizami Kvest” intellektual komanda oyununun final mərhələsi keçirilib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Bir Könüllü Təşkilatının dəstəyi ilə ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar olaraq dahi şairin yaradıcılığının könüllülər arasında təbliği, ədəbi irsinin daha yaxşı öyrənilməsi, eləcə də könüllülərin intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən “Nizami Kvest” intellektual komanda oyununun final mərhələsi baş tutub.

Xatırladaq ki, Bakı şəhərində keçirilən ilk mərhələdə kvesti bütün komandalardan tez başa vuran “Bakı Şəhər Halqası” komandasının (Baku City Circuit Volunteers) könüllüləri #Gəncə şəhərində keçirilən final mərhələsində paytaxtı təmsil etmək hüququ qazanıblar. Həlledici yarışda Bakı və Gəncə şəhəri, eləcə də Samux, Göygöl, Şəmkir və Goranboy rayonlarını təmsil edən könüllülərdən ibarət 6 komanda iştirak edib. Oyunun qaydalarına əsasən komandalar Gəncə şəhərinin müxtəlif ərazilərində dahi şairin həyat və yaradıcılığı ilə bağlı hazırlanan sualların cavablarını xüsusi ipucları vasitəsilə həmin məkanlarda taparaq birincilik uğrunda mübarizə aparıblar.

Yekunda başlanğıc nöqtəsinə bütün komandalardan tez qayıdan və kvesti ilk başa vuran Gəncə komandasının könüllüləri yarışın qalibi olublar. Samux rayonu və Bakı şəhərini təmsil edən komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok və dəyərli hədiyyələr təqdim olunub.