Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib
Sentyabrın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin tərəfdaşlığı ilə “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyaların və ictimai birliklərin nümayəndələri, sosial sahibkarlıqla məşğul olan və ya biznes fəaliyyətinə maraq göstərən Vətən müharibəsi qaziləri və əlilliyi olan şəxslər iştirak ediblər.
Forumda sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.
Forumun moderatoru KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov sosial baxımdan həssas qruplar üçün layiqli məşğulluq və gəlir imkanlarının formalaşdırılmasının, onların cəmiyyətə hərtərəfli inteqrasiyasının, sosial sahibkarlığın təşviqinin ölkəmizdə prioritet istiqamətlərdən olduğunu qeyd edib, forumun sosial sahibkarlıq sahəsində mövcud vəziyyətin və müvafiq təkliflərin öyrənilməsi məqsədilə təşkil edildiyini bildirib.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev həssas əhali qruplarının, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və məşğulluq, kiçik biznesə yiyələnmək imkanlarının artırılması üçün aparılan işləri diqqətə çatdırıb. Qeyd olunub ki, cari ilin yanvar-avqust ayları ərzində 900 əlilliyi olan şəxs həm kvota, həm də ictimai işlər proqramı üzrə işlə təmin edilib, 1045 nəfər əlilliyi olan şəxs özünüməşğulluq üzrə təlimlərə cəlb olunub. Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçirilən “Özünüməşğulluğa dəstək” layihəsi çərşivəsində 2020-ci ildə 1015, bu il isə 251 nəfər, BMT-nin İnkişaf Proqramı ilə birgə layihə üzrə 40 nəfər aktivlərlə təmin olunub. “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində 2500 vətəndaş Dünya Bankı ilə birgə təlimlərə cəlb edilib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Sosial bağlar” layihəsi üzrə 625 aztəminatlı ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.
Sahil Babayev bildirib ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə nazirlik tərəfindən başladılan “Məşğulluq marafonu”na artıq 505 işəgötürən qoşularaq 2446 vakansiya təqdim edb. Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı 702-yə çatıb. Nazir özəl sektorun, sosial tərəfdaşların ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin, digər həssas qrupların rifah halının yaxşılaşdırılması, onların mənzil və fərdi evlə, avtomobillə təminatı işlərinə korporativ sosial məsuliyyət çərçivəsində göstərdikləri dəstəyi, həmçinin aztəminatlı ailələrə, həssas qruplara aid şəxslərə ərzaq dəstəyini də qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial sahibkarlığın təşviqinin, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın inkişafına dəstək göstərilməsinin Agentliyin fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, KOBİA özünüməşğulluq proqramına dəstək göstərir və ötən dövrdə 400-dən çox vətəndaşın proqrama qoşulmasına KOBİA tərəfindən dəstək təmin edilib. Əlilliyi olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün onlar Agentliyin dəstəyi ilə təlimlərə cəlb olunur. Agentlik tərəfiindən əlilliyi olan şəxslərin əl işlərinin satışına müxtəlif sərgilər çərçivəsində dəstək göstərilib. KOBİA “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi ilə səmərəli əməkdaşlıq edir. Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu”nu çərçivəsində KOBİA-nın çağırışına qoşulan 190 sahibkarlıq subyekti tərəfindən 345 vakant iş yeri çıxarılıb. Artıq 38 sahibkarlıq subyekti tərəfindən 73 nəfər işlə təmin edilib. Orxan Məmmədov bu xeyirxah aksiyaya dəstək göstərən bütün sahibkarlara təşəkkür edib, eləcə də sosial sahibkarlığın inkişafı və bu sahədə müvafiq qurumlarla əməkdaşlığa dair müxtəlif təkliflər səsləndirib.
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev çıxışında sosial sahibkarlıq sahəsində mövcud vəziyyətə, həssas kateqoriyadan olan şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğı, görülən tədbirlər nəticəsində əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların aktiv məşğulluğa cəlb edilməsi tədbirləri, əlilliyi olan şəxslərin əldə etdikəri naliyyətlər barədə fikirlərini və təkliflərini bölüşüb.
Forum çərçivəsində əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi də təşkil olunub.