beynimizde-mukafatlandirma--sistemini-nece-formalasdirmaq-olar--

Beynimizdə mükafatlandırma sistemini necə formalaşdırmaq olar?

Həyatdakı ən böyük hədəflərimizə necə nail ola bilərik?

Çox çalışmaq, yeni bacarıqlara yiyələnmək və diqqətlilik çox vacibdir, ancaq ehtiyac duyduğumuz ən vacib şeylərdən biri motivasiyadır. Motivasiyanı itirmək bizi inamla əldə etməyə səy göstərdiyimiz hədəflərimizdən   uzaqlaşdıra bilər.  Gördüyümüz işləri təxirə salmağımıza, bacarıqlarımızdan şübhə duymağımıza və nəticədə müvəffəqiyyətsizliyə düçar olmağımıza səbəb olar. Ən pis vəziyyətdə motivasiyanın  olmaması hədəflərimizi məhv edib  xəyallarımızı öldürər.  
Motivasiya haradan qaynaqlanır?
Motivasiya beynin mükafat mərkəzi tərəfindən idarə olunur.  Beynimizdə inkişaf etməyə davam edir və davranışlarımızla daha da formalaşır. Beynin işini araşdıran nevrologiya bu səbəbdən çox vacibdir.
Motivasiyanın Nevrologiyası
İnsanlar çətinlikdən qaçmaq və gördükləri hər bir işdən zövq  almaq istəyir. Zövq axtarma davranışımız beynimiz tərəfindən idarə olunan zehni mükafat sisteminə əsaslanır. Bu mükafat sistemi bizi motivasiya edən,  ən böyük hədəflərimizə və arzularımıza çatmağımıza kömək edən şeydir.
Nörotransmitterlər beynimizdəki düşüncələrimizi və davranışlarımızı formalaşdırmağa kömək edən kimyəvi maddələrdir. Mükafat sistemimizdəki əsas nörotransmitterlərdən biri də “həzz verən” kimyəvi dopamindir. Dopamin əsasən beynin ortasında istehsal olunur və daha sonra beynin digər hissələrinə, məsələn, emosional inkişafımızda böyük rol oynayan amigdala kimi hissələrə keçir. Həm də düşünmək, hiss etmək, planlaşdırmaq və hərəkət etməkdən məsul olan prefrontal korteksə doğru hərəkət edir. 
Xoş bir şey etdiyiniz zaman beyniniz zehni və fiziki cəhətdən yaxşı hiss etməyiniz üçün dopamin buraxır. Bu, ən çox sevdiyimiz qidaları yeyəndə,  bir şəxslə yaxşı bir söhbət etdikdə və ya həqiqətən sevdiyimiz başqa hər hansı  bir şeyi etdiyimiz zaman ola bilər.  Bir şeyi etməkdən zövq aldığımız zaman  beynimiz bizə nəyin yaxşı hiss etdirdiyini  xatırladır. Əslində etdiyimiz hər şey üçün bir mükafat dəyəri təyin edir. Məsələn, ən sevdiyimiz pizzanın bir dilimini yemək, çox bahalı bir yeməyi yeməkdən  daha yüksək mükafat dəyərinə sahib ola bilər.  
Beynimiz, bizi xoşbəxt edən şeylərlə məşğul olmazdan əvvəl onlar haqqında düşündüyümüz zamanda belə dopamin buraxır.  Həqiqətən həvəsli olduğumuz bir  layihəyə başlamaq barədə düşünmək, mükafat sistemimizi də aktivləşdirir. 
Beynimizdə mükafatlandırma  sistemini necə formalaşdırmaq olar? 
Motivasiyalı  qalmaq üçün beyninizdəki mükafat sistemini formalaşdırmanın 4 yoluna diqqət yetirək:
1. Davamlı inkişa səy göstərin 
Eyni şeyləri təkrar-təkrar etdiyiniz zaman, dopamin səviyyəsi getdikcə azalmaya meyl edir. Həvəsli qalmağın ən yaxşı  yolu daha böyük  işlər görərək inkişafa səy göstərməkdir.
Sizi rahatlıq zonasının kənarına itələyəcək yeni bacarıqları öyrənməyə davam edin. İşdə daha böyük, daha çətin layihələr götürün. Məsələn, xarici dildə səlis danışırsınızsa, daha mürəkkəb, fəlsəfi söhbətlər aparmağı öyrənin. 
 Daha böyük çətinliklər götürmək beynimizin mükafat sistemində etdiyimiz şeylərə yüksək mükafat dəyəri təyin etməsinə səbəb olur. Əvvəlcə kiçik hədəfləri yerinə yetirməklə başlayın.  Qazandığınız kiçik qələbələr  sizə daha böyük hədəflər üçün stimul verəcək. 
2. Vizualizasiyadan istifadə edin
"Təsəvvür bir məqsəd üçün  xəyal qurmaqdır." - Bo Bennett
Motivasiyalı qalmağın ən yaxşı yollarından biri də hələ də tamamlamamış olsanız da, bir hədəfə çatdığını təsəvvür etməkdir. Vizualizasiya əslində  dopaminin artmasına səbəb olur. Bu, bizi gələcək mükafatlarımızı daha aydın görməyə və onların ardınca daha səylə getməyə məcbur edir.
Beyin dopamin buraxdığı zaman hiss etdiyimiz xoş anları limbik sisteminin bir hissəsi olan hipokampusumuz uzun müddətli yaddaşımızda qeyd edir. Uğuru nə qədər çox təsəvvür etsək, beynimiz də bu vizuallaşdırılmış uğuru ləzzətli hisslərlə əlaqələndirir.
Daha yaxşı bir gələcəyi təsəvvür edə bildiyimiz zaman irəliləməyə və yolumuzdakı maneələri aşmağa davam edirik və təsəvvür etdiyimiz gələcəyə çatmaq üçün səy göstəririk.  
 Xəyal gücünüzdən istifadə uğur qazanmaq üçün daha motivasiyalı olmağın yaxşı bir yoludur. 
3. Həddindən artıq stresdən çəkinin
Yüksək stres, motivasiyamızın azalmasına səbəb ola biləcək əsas amillərdən biridir. Aşağı  stress səviyyəsi, əslində bizi daha ayıq tutaraq daha yaxşı fəaliyyət göstərməyimizə kömək edə bilər. Stresdən aldığımız adrenalin əlimizdən gələnin ən yaxşısını etmək üçün bizə enerji və üstünlük verə bilər. Ancaq stress səviyyəsi yüksək olduqda  bədənimizə, ağlımıza və motivasiyamıza zərər verə bilər.
Yüksək stres tükənməyə səbəb ola bilər ki, bu da iş motivasiyasını azaldır. Bunun nəticəsində isə işçinin məhsuldarlığı azalır, ən pis halda işdən çıxmasına belə səbəb olur. Həmçinin yüksək stress anksiyete və ya depressiya kimi zehni problemlərə səbəb ola bilər. Ürək xəstəlikləri, diabet, yüksək qan təzyiqi və digər sağlamlıq problemləri də yüksək stress nəticəsində yarana bilir. Dərin nəfəs məşqləri etmək, meditasiya etmək, qaçmaq və ya müntəzəm olaraq idman etməklə stresi azaldın.
4. Problemlərə baxış tərzinizi dəyişdirin
“Əgər baxış tərzinizi dəyişsəniz, baxdığınız şeylər də dəyişər.”-Wayne Dyer
Beyninizin mükafat sistemini formalaşdırmaq üçün başqa bir yaxşı yol, həyatınızdakı problemlərə baxış tərzinizi dəyişdirməkdir. Əsas problem, bir çox insanın çətin işi bir maneə və ya sadəcə etmək istəmədiyi bir şey olaraq görməsidir.
Yaxşı bir strategiya çətin vəziyyətlərə və maneələrə özünüzün və ətrafınızdakıların inkişafına kömək edəcək bir fürsət kimi baxmaqdır. Bu, çətin görünən şeylərə  müsbət yanaşmağımıza kömək edəcək və həqiqətən qorxmaq əvəzinə onların öhdəsindən gəlməyə çalışacağıq. 
Məsələn, komandanızdakı üç işçi bir-birləri ilə münasibət qurmursa və ikisi işdən çıxmağı düşünürsə, buna çox stresli, dəhşətli bir problem kimi baxmayın. Bunun əvəzinə vəziyyətə işçiləri bir yerə toplamaq, problemlərini səsləndirməsinə icazə vermək və sonra problemi həll etmək üçün şəxsiyyətlərarası bacarıqlarınızdan istifadə etmək üçün bir fürsət kimi baxın.
Bu vəziyyət  sizin şəxsi və peşəkar cəhətdən inkişafınıza kömək edəcəkdir. Eyni düşüncə tərzinizi şəxsi həyatınıza da tətbiq edə bilərsiniz. Dostlarınız və ya ailə üzvləriniz uyğunlaşmırsa, fikir ayrılığını özlərinə və sizə fayda gətirəcək bir fürsət kimi düşünün. 
Çətin şeyləri əla fürsət kimi gördükdə, onları gözləməyə başlayacaqsınız. Bir şeylər etməyi səbirsizliklə gözlədiyimiz zaman beynimizdəki mükafat sistemini daha çox dopaminlə mükafatlandırır və gələcək problemlərə inkişaf  üçün bir fürsət olaraq baxma şansımızı artırır.


Nəticə
Motivasiya fərdi və peşəkar inkişafın  bir hissəsidir. Ən çətin vaxtlarda belə motivasiyalı olmağı bacarmaq üçün beynimizin necə işlədiyini anlamalıyıq.  Elm bizə beynimizin mükafat sistemi və davranışımızı formalaşdırmağa imkan verən kimyəvi maddələr və yollar barədə yaxşı bir məlumat verir.
Daha böyük problemlərlə qarşılaşaraq, müvəffəqiyyəti təsəvvür edərək, həddindən artıq stresdən qaçaraq və çətin vəziyyətləri başqalarına kömək etmək və özünüzü inkişaf etdirmək üçün fürsət olaraq nəzərdən keçirərək beyninizdəki mükafat sistemini formalaşdırın. Bununla siz böyük hədəflərə asanlıqla nail ola bilərsiniz.