biznes-muhiti-ve-beynelxalq-reytinqler-uzre-komissiyasinin-emek-bazari-uzre-isci-qrupunun-novbeti-iclasi-kecirilib--

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun “2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanması” mövzusunda  növbəti iclası keçirilib. İclasda Fəaliyyət Planının ilkin layihəsi və gələn il üçün nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən dövrdə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişaf zəminində əmək bazarı ilə bağlı aparılan ardıcıl islahatları qeyd edib. Bu islahatların müsbət nəticələrini vurğulayan nazir müavini  əsas beynəlxalq indekslərdə də ölkəmizin müxtəlif sahələrlə bərabər, əmək bazarına aid göstəricilər üzrə də mövqeyinin mütəmadi yüksəlməkdə olduğunu bildirib. A.Kərimov növbəti ilin Fəaliyyət planının təkmilləşdirilməsi işlərində indikatorların və hədəflərin düzgün müəyyən edilməsinin, eyni zamanda, işçi qrupu daxilində qurumların səmərəli əməkdaşlığının vacibliyini vurğulayıb.

İclasda ötən dövr ərzində görülmüş işlər barədə məlumat verilib, beynəlxalq "Qadın, Biznes və Hüquq"  hesabatında ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində irəli sürülən təklifləri qeyd edilib.

Dövlət qurumlarının və özəl sektorun, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri növbəti ilin Fəaliyyət planı layihəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini bildirib,  görüləcək işlərlə bağlı müzakirələr aparıblar.