Biznesini Yarat Marafonu
Biznes marafonlar vasitəsi ilə gənclərin rəqabətə davamlılığının artırılmasına və potensiallarının reallaşdırılmasına dəstək göstərən, beləliklə onlar arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihədir.
Layihə çərçivəsində gənclər arasında biznes marafonlar təşkil ediləcək. Layihə pandemiya dövründə keçirildiyi üçün marafona müraciətlər video formasında olacaq. Gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa video çarx vasitəsilə təqdim edəcəklər və müraciətlər “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndiriləcək. Marafonun qalibi olan gənclər özünüməşğulluq proqramına cəlb edilərək biznes ideyalarını reallaşdırmaq üçün dəstək alacaqlar.
Məlumat üçün bildirək ki, özünüməşğulluq proqramı Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən icra olunmaqdadır. Proqram əməkqabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsinə yönəldilən ən vacib aktiv əmək bazarı proqramlarından biridir. Proqrama əsasən, əvvəlcə özünüməşğulluğa müraciətlər qəbul edilir və dəyərləndirilir, bu mərhələni uğurla keçən şəxslər biznes planın hazırlanması ilə bağlı təlimə cəlb olunurlar və təlimi uğurla başa vuran şəxslərə natura şəklində müvafiq aktivlərlə (avadanlıq) təmin olunurlar.
Layihənin məqsədləri:
- Gənclərin rəqabətə davamlılığının artırılması;
- Gənclərin potensialının reallaşdırılması;
- İşsiz və işaxtaran gənclərin özünüməşğulluğa cəlb edilərək işlə təmin olunması.
Layihənin hədəf qrupu:
- Layihənin əsas hədəf kütləsi olan 300 nəfər gənc aşağıdakı kateqoriyalar üzrə müəyyənləşdirilmişdir:
- Yaş aralığı 18-29;
- Məsuliyyətli və öyrənməyə həvəsi olan;
- İşsiz və işaxtaran gənclər.
Aşağıda qeyd olunmuş kateqoriyalardan birinə daxil olan şəxslər müraciət edə bilməzlər:
- aktiv əmək müqaviləsi olan şəxslər;
- işi və qazancı olan şəxslər;
- təhsil müəssisəsində əyani təhsil alan şəxslər.
Müraciətlər dəyərləndirilərkən aşağıda qeyd olunmuş bəndlərə uyğun gənclərə üstünlük veriləcəkdir:
- Əmək qabiliyyətli əlilliyi olan gənclər;
- Risk qrupuna daxil olan gənclər;
- Şəhid ailəsinin üzvü olan gənclər;
- Vətən müharibəsində iştirak etmiş gənclər;
- Məcburi köçkün qəsəbələri və işğaldan azad edilmiş bölgələrdən olan gənclər.