bu-gununuzu-deyerlendirin--

Bu gününüzü dəyərləndirin

Həqiqətən sahib olduğumuz tək şey bu gündür. İndi yaşadığımız bu dəqiqə əlimizdə olan real vaxtdır və bəzən bu vaxtı lazımi qədər dəyərləndirə bilmirik.
Düşündükdə keçmişi dəyişdirmək mümkün deyil.

Buna görə narahat olmaq və ya peşiman hiss etmək də bizə heç bir şey qazandırmır. Əksinə keçmişdə qalmaq daha çox səhvlər etməyə gətirib çıxara bilir.  Bu da əlimizdə olan vaxtı dəyərləndirməyə maneə olur. 
Gələcək üçün də narahat olmağın bir mənası yoxdur. Adından da göründüyü kimi gələcəkdədir. Hələ real deyil. Real olan indiki zaman, yaşadığımız bu gündür.
Bunu olduğu kimi qəbul etdikdə, diqqəti bu günə yönəldə və yaşadığımız günü prioritet olaraq qəbul edə bilirik. Gələcək və keçmiş narahatlıqlar üzərində çox düşünmək - bu günümüzü məhv edə bilir və diqqətimizi həqiqətən vacib olan şeylərdən uzaqlaşdıra bilir. Ona görə əsas vacib olan hazırda əlimizdəki vaxtın qədrini bilmək və onu maksimum dəyərləndirməyə çalışmaqdır.
Keçmişi və ya gələcəyi düşünmədən bu gündə yaşamaq həyatımıza böyük dəyişiklər gətirir. Real olmayan şeylər üzərinə düşünməklə bağlı vaxt itirmirik. 
İndi bura, bu ana fokuslandıqda günü də maksimum dəyərləndirə biləcəksiniz. Gözləmək əvəzinə nələrisə etməyə qərar verəcək və hərəkətə keçəcəksiniz. 
Bu günü elə bu gündə yaşayın! Vacib olan şeyləri elə indi edin, etmək istədiyiniz şeyləri "vaxtı gələndə" deyərək qeyri-müəyyən bir vaxta təxirə salmayın. Doğru zaman elə bu gündür, çünki gerçək olan yeganə məqam elə indinin özüdür.
Bu gündə yaşamağı öyrənmək elə asan bir proses deyil. Təbii olaraq bunu öyrənmək vaxt və səy tələb edir. Ancaq vaxtı və enerjini effektiv istifadə etməyin bundan yaxşı yolu da yoxdur. Elə indi bu dəqiqəni yaşamağı təcrübədən keçirin. Yayınmalar, fikrinizin hazırki andan ayrıldığı vaxtlar olacaq, fərqinə vardıqda düşüncələrinizi getdiyi yerdən indiki ana qaytarın. Bunu vərdiş halına gətirdiyiniz təqdirdə yayınma ilə bağlı problem yaşamamağa başlayacaqsınız.
Gəlin günü dolğun yaşamaq üçün nələr edə bilərik nəzərdən keçirək. Hazırda nə görür və eşidirsiniz? Bunlar sizə necə hiss etdirir? Hazırki vəziyyətinizdən razısınız? və s. kimi suallarla  hazırda hiss etdiklərinizi nəzərdə keçirin.

Bu sualların siyahısını artırmaq olar. Bu suallar sizə hazırki vəziyyətinizin fərqinə varmağa və hiss etdiklərinizi düşünməyə təşviq edəcək.
Yaşadığımız hər bir an unikaldır, təkrarlanmır və geri qaytarmaq mümkün deyil. Bu unikal anları və günləri maksimum yaşamağa və ondan zövq almağa kökləndikdə həqiqətən günü dəyərləndirmiş oluruq.
Bəzən keçmişin keçmişdə qalmasına icazə vermək edə biləcəyimiz ən şeydir. Hər  kəsin peşimanlıqları, geri qaytara bilmədiyi şeylər var. İndi edə biləcəyimiz ən yaxşı şey burada və indi çatmaq istədiyiniz hədəflərimiz üçün anın da dadını çıxararaq çalışmaqdır. Diqqətinizi bu gün üzərində cəmləyin - onu ən yaxşı şəkildə yaşamaq üçün nə edə bilərsiniz?

Peşman olmayacağınız bir həyat qurmağın yolu budur.