bugun-sosial-xidmetler-agentliyi-sosial-is-uzre-mutexessisler-hazirlayan-daha-bir-tehsil-ocagi-ile-emekdasliga-basladi--

Bugün Sosial Xidmətlər Agentliyi sosial iş üzrə mütəxəssislər hazırlayan daha bir təhsil ocağı ilə əməkdaşlığa başladı

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında əməkdaşlıq memorandumu imzalanıb.  

Tədbirdə ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova rəhbərlik etdiyi təhsil ocağının ixtisaslı kadrların yetişdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.

Bildirib ki, müxtəlif sahələr üzrə kadrların, o cümlədən sosial iş ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün bu sahədə fəaliyyət göstərən qurumlarla birgə əməkdaşlıq xüsusi önəm kəsb edir. Universitetin “Sosial iş” və “Gənclərlə iş” ixtisasları üzrə də mütəxəssis hazırlığı həyata keçirdiyi diqqətə çatdırılıb.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov həssas əhali qruplarına göstərilən reabilitasiya yönümlü sosial xidmətlər, bu xidmətlərin operativ və səmərəli təşkili, sosial xidmətlərə əlçatanlığın artırılması üçün görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Agentlik sosial xidmətlər üzrə mütəxəssis hazırlığı həyata keçirən təhsil müəssisələri ilə birgə iş təcrübəsi qurmaqda davam edir. Bununla yanaşı, sosial xidmətlər sahəsi üzrə ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi əhəmiyyət verilir.

Memoranduma  əsasən növbəti 5 il ərzində Universitetin “Sosial iş” və “Gənclərlə iş” ixtisasları üzrə bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr üçün Agentlikdə müvafiq sahələr üzrə istehsalat və elmi-tədqiqat təcrübə proqramları təşkil olunacaq.

Eləcə də hər iki tərəfin mütəxəssisləri birgə sosial layihələrin hazırlanması və həyata keçirilməsində iştirak edəcəklər.