bugun-umumdunya-emeyin-muhafizesi-gunudur--

Bugün Ümumdünya Əməyin Mühafizəsi Günüdür

İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT)  tərəfindən 2003-cü ildən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü elan edilib. Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü üçün “Pozitiv təhlükəsizlik və sağlamlıq  mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” devizi müəyyən edilib.

Azərbaycanda layiqli əməyin təminatı, işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmiz BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasını (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar Konvensiyalarını) və bir protokolunu ratifikasiya edib.

Milli qanunvericilikdə əməyin mühafizəsi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalardan irəli gələn norma və standartlar təsbit olunub. Əmək Məcəlləsində ayrıca bir fəsil əməyin mühafizəsi normalarını, əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatları və s. əhatə edir. Məcəlləyə əsasən, əmək müqaviləsinin bağlanması şərtləri əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalı, müqavilədə işəgötürən tərəfindən işçinin sağlam, təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyi göstərilməlidir.

Yaxın günlərdə istifadəyə veriləcək Nazirliyin “Əmək və Məşğulluq” altsistemi  işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması olacaq və rəqəmsal kadr uçotunun qurulmasını təmin edəcək. Yeni e-platforma əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinə riayət olunması və s. məsələlərdə də öz dəstəyini göstərəcək.

Ətraflı