cevik-heyat-planlamasi-agile-life-planning

Çevik həyat planlaması (agile life planning)

        Müasir dövrdə proqram təminatlarının hazırlanmasında, layihələrin idarə edilməsində istifadə olunan “çevik planlama” ifadəsi planlama proseslərində olan qeyri-müəyyənliklərin öhdəsindən gəlmək üçün istifadə edilir. Yəni, problemlər hissələrə ayrılaraq addım-addım həll edilib, təkmilləşdirilir. Fərdi olaraq çevik həyat planlaması dedikdə də eyni konsepsiya nəzərdə tutulur – problemi və məsələni həll etmək üçün ilk öncə hissələrə bölüb, ayrı-ayrı həll etmək. Buradakı əsas anlayışlar görmək və üzərinə getməkdir.
        Ətrafımızda olan şeyləri görməsək addımlarımızı düzgün ata bilmərik və nəticədə maneələrə ilişərik. Addımlamaq üçün öncə ətrafımızı görməli və gördüklərimizi dərk etməliyik. Bu bizim hədəfimizə necə çatacağımızı müəyyənləşdirməyə imkan yaradacaqdır. 
         Çevik həyat planlaması üçün ətrafı görmək özünüdərketmə ilə başlayır. Bu da özlüyündə istəklərimizə uyğun bir öngörmə və hədəf müəyyənetmə qabiliyyəti tələb edir. Bəzən həyat bizə öyrəşmədiyimiz və ya xoşbəxt olmaq üçün uyğunlaşmalı olduğumuz yeni dəyişikliklər təqdim edir: yeni iş, münasibət, yerdəyişmə, gözlənilməz səyahət və s. Dəyişikliklər bizə diskomfort hiss etdirə bilər və bu, normal haldır. Çünki, psixoloji sağlamlığımızı qorumaq üçün müəyyən sosioloji və ya psixoloji sabitliyə ehtiyacımız var. 
        Çevik həyat planlamasını həyata keçirmək üçün biz, dəyişikliklərə tez uyğunlaşan biri olmalıyıq. Biz dəyişiklikləri görüb, qəbul edib, çərçivəmiz daxilinə salmalıyıq. Bəs bunun üçün hansı addımları ataq?

Hər şey daim dəyişir, bunu rədd etməyin, qəbul edin
Biz firavan yaşamaq üçün müəyyən bir təhlükəsizliyə, sabitliyə ehtiyac duyuruq və bu belə davam etdiyi zaman düşünürük ki, hər şey stabildir. Bu isə stabillik illüziyası adlanır. Biz də daxil olmaqla ətrafımızdakı hər şey daim dəyişir, stabillik illüziyası dəyişikliklərin fərqində olmağımızın qarşısına keçir. Əslində, dəyişikliklər o qədər aydındır ki, diqqətlə müşahidə etsək görə bilərik. Beləliklə, üzləşməkdən başqa çarəmiz yoxdur. Həyatımızın bir aspekti dəyişdikdə, o, adətən əvvəlki vəziyyətinə qayıtmır. Ona görə də bu yeni vəziyyəti istəsək də, istəməsək də qəbul etməliyik. Gördüyünüz kimi, dəyişikliyi rədd etmək bizdə yalnız narahatlığa səbəb olur. Reallığı qəbul etmək, bizim həyatımızı asanlaşdıracaq.


Zehni çevikliyinizi hadisəyə tətbiq edin
Bunu anlamaq üçün yenə bir misala istinad edək: fırtınanın yaxınlaşdığını görən quşun istiqamətini sürətli şəkildə dəyişdirə bilməsi kimi, biz də zehni çeviklik tətbiq edə bilməliyik. Çünki, zehni çeviklik çalışqanlığımızla birləşib əldə etmək istədiyimiz şeyləri asanlıqla həyata keçirməyə və önümüzə çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməyə kömək edəcəkdir. Zehni çevikliyin bizə qatacağı üstünlüklər bununla bitmir. Digər üstünlüklərinə də nəzər salaq: 

  •      Qətiyyətli şəkildə irəliləməyə kömək edir
  •      Uğursuz olmaq qorxusunu aradan qaldırır, daha uğurlu olmağa dəstək olur
  •      Qarşıya çıxan fürsətləri daha yaxşı görməyə şərait yaradır
  •      Stresdən qurtulmağa kömək edir

Ümumiyyətlə, texniki olaraq kainatdakı ən güclü, ən çevik, adaptasiya qabiliyyəti yüksək olan bir sistemə (sinir sistemi) sahibik. Niyə də bundan faydalanmayaq?