CİS sahəsində özümüzü necə inkişaf etdirə bilərik?
Özümüzü hər hansı bir sahədə inkişaf etdirmək istəyiriksə, öncəliklə qarşımıza məqsəd qoymalıyıq. Daha sonra sistemli bir plan hazırlayıb, bu planı məqsədimizə tam fokuslanmış şəkildə həyata keçirməliyik.
Məlumdur ki, ixtisasımız haqqında öyrəndiyimiz biliklər nəzəri və praktiki olmaqla iki yerə bölünür. Bir çox universitet təhsili nəzəri olaraq bizdə baza yaratsa da, gələcək karyeramız üçün praktiki olaraq yetərsiz olur. Biz praktik bilikləri hansısa şirkətdə, müəssisə və ya təşkilatlarda, bir sözlə bilavasitə iş mühitində olduğumuz zaman qazana bilərik. Bəs işləmədiyimiz təqdirdə təcrübə qazanmaq üçün nə etməliyik? Bakalavr təhsilinizin 4 il davam edəcəyini unutmayın. Sizin ixtisasınız üzrə özünüzü inkişaf etdirmək üçün 4 il vaxtınız var və bu illər ərzində nəzəri və praktiki olmaqla kifayət qədər bilik və bacarıq əldə edə bilərsiniz. Bu illəri şans olaraq dəyərləndirsəniz, bakalavr təhsiliniz bitdiyində özünüzü iş mühitinə hazır bir kadr kimi yetişdirmiş olacaqsınız. Bunun üçün özünüzə sual verin - Haradan başlamalıyam? Nələr etməliyəm?
Araşdırın
Ixtisasınızı tam dedikdə ağlınıza ilk nə gəlir, fəaliyyət sahələri nədir? Bu ixtisasın bilik və bacarıqları hansı şirkətlərdə istifadə olunur? İxtisasınızın aparat və proqram təminatı nələrdən ibarətdir? Hansı mənbələrə (kurslar və ya şirkətlər) istinad edərək öyrənə bilərsiniz? Sizə uyğun təcrübə vakansiyaları hansılardır? - Bunları araşdıraraq siz artıq ixtisasınız haqqında ilkin təsəvvürləri formalaşdıracaqsınız.
Məsələn: siz kadastr, xəritəçilik və s. yönümlü ixtisaslar üzrə təhsil alırsınız. Siz öyrənməlisiniz: Kadastr nədir? Hansı dövlət orqanları yaxud şirkətlər bu ixtisasın istinad etdiyi təcrübə ilə fəaliyyət göstərir, siz onlardan hansına müraciət edəcəksiniz? İşinizi görəcəyiniz avadanlıq və proqramlar hansılardır? Təcrübəni qazanacağınız vakansiyalar, könüllülük proqramları və ya kurslar hansılardır? və s. Bu sualları tək-tək analiz edin və cavablarını araşdırın.
Vakansiyalara müraciət edin
Qeyd etdik ki, müraciət etdiyiniz yer hər hansı şirkət, dövlət orqanı, könüllülük proqramları yaxud kurs ola bilər. Bunlardan hər hansı birinə müraciət edəcəksinizsə, sizin üçün uyğun olanların (məkan, zaman, maddi və s. baxımdan) siyahısını çıxarıb, onların içindən seçim edin. Şirkət yaxud dövlət orqanlarına, onların proqramlarına müraciət etdikdə siz artıq məsələyə peşəkarcasına yanaşaraq CV hazırlamalı, təcrübə vakansiyalarına müraciət etməli və müsahibəyə hazırlaşmalısınız. Siz, öyrənəcəyiniz bilik və bacarıqlarla yanaşı bu kimi məsələləri inkişaf etdirərək həmçinin gələcək karyeranız üçün yatırım etmiş olacaqsınız.
Kurslara müraciət məsələsinə gəldikdə təbii ki, ödənişli kurslar hər kəs üçün əlçatan olmur. Lakin, maddi vəziyyətiniz buna imkan verirsə, bunu dediyimiz kimi yatırım məqsədli yanaşıb dəyərləndirin. Nəzərə alsaq ki, hər kəsin maddi vəziyyəti buna imkan vermir. Bəs bu zaman nə edə bilərik? Unutmayın, alternativlər hər zaman mövcuddur. Siz onlayn şəkildə müxtəlif platformalardan faydalana bilərsiniz. Bu platformalar sizə ixtisasınızla əlaqəli müxtəlif onlayn kurslar təklif edir. Burada siz, həm nəzəri, həm də praktiki (kompüter proqramları üzrə) biliklərə yiyələnə bilərsiniz. Kursları bitirdikdən sonra büdcənizə uyğun məbləğdə ödəniş edərək sertifikat da ala bilərsiniz.
İxtisasınızın fəaliyyət sahələrini daim izləyin
Sizin üçün faydalı olan saytları, sosial media hesablarını daim izləyin. Şirkətlər, kurslar və s. daim sizin üçün faydalı olacaq seminarlar, layihə və təlimlər təşkil edirlər. Bütün bunlar sizə ixtisasınızla əlaqəli əlavə məlumatlar verməklə yanaşı, təqdimat bacarıqlarınızın inkişafı üçün şərait yaradacaq. Burada siz təlimçilərə sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz. Beləliklə, bir neçə saatlıq təlimdə həm öyrənəcəksiniz, həm sosiallaşacaqsınız, həm də şəbəkənizi genişləndirəcəksiniz.
İstinad etdiyiniz mənbələrin sayını artırın
Deyək ki, siz artıq araşdırma hissəsini tamamladınız, seçimlərinizi etdiniz. Bəs sonra nə edək? Hər hansı bir fəaliyyətlə məşğul olmağa başlamış olmanız o demək deyil ki, bundan sonra sabit şəkildə davam etməlisiniz. Əksinə, bundan sonra daha çox araşdırma aparmalı, özünüzü daha da inkişaf etdirməlisiniz.
Istinad etdiyiniz mənbələr qısıtlı olmamalıdır. Azərbaycan ədəbiyyatından kənara çıxmaq sizdə çoxtərəfli inkişafa zəmin yaradacaq. Xarici ədəbiyyatlara müraciət etsəniz, əlavə biliklərə yiyələnməklə yanaşı dil biliklərinizi də inkişaf etdirəcəksiniz.
Boş zamanlarınızı əlavə produktiv fəaliyyətlərlə doldurun
Boş zamanlarınızı, eləcə də tətillərinizi dolu-dolu keçirməyə çalışın. Yeni biliklər qazanmaq üçün kitablar və məqalələr oxuyun. Sosial şəbəkələrdə bununla bağlı video və paylaşımlar oxuyun. Beləliklə, həm də sosial şəbəkələrdən səmərəli istifadəni təmin edəcəksiniz.
Proqramlar – ArcGİS, AUTOCAD, Google Earth, QGIS, Global Mapper, ERDAS
Avadanlıqlar – GPS, Teodolit, Nivelir
Onlayn kurslar – udemy.com, edx.org, coursera.org, esri.com, classcentral.com
Dövlət orqanları və şirkətlər – Əmlak Məsələləri üzrə Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Xidmətləri Məkanı, Asan Xidmət Mərkəzləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İcra Hakimiyyəti Orqanları, CASPIAN GEOMATICS, İNTEGRİS MMC, 4MAPS
Vakansiya saytları – progro.az, jobsearch.az, hellojob.az, offer.az, hcb.az, edumap.az (əlavə olaraq qeyd olunan dövlət orqanları və şirkətlərin rəsmi saytlarının daimi izlənilməsi)
Son olaraq, 2-3 aylıq proqramları, layihələri adi bir şey kimi qiymətləndirməyin, önəmsəyin, çünki mütləq ki, nəsə öyrənəcəksiniz. Unutmayın ki, sizin üçün ən yaxşısını siz seçə bilərsiniz, özünüz üçün yeni yollar kəşf edin.
Qətiyyətlə addımlar atın. Bəhanələr sizdən qaçsın, siz bəhanələrə qaçmayın ☺
Uğurlar!