Çox düşünmək (overthinking, anxiety)
Çox düşünmək və ya həddindən artıq düşünmək (narahatlıq, nigaranlıq, şübhə və s. kimi hisslərin cəmi) bəzən xəstəlik kimi bilinən sindrom, bəzən də aludəçilik kimi qəbul edilir və biz bunu həyatımızın müəyyən dövrlərində mütləq ki, yaşayırıq. Məsələn, biz keçmişdə yaşadığımız hər hansı bir xatirəni unuda bilmir, daim xatırlayır, o ana ilişib qalırıq. Bu xatirələr çox vaxt bizi incidən, utandıran və ya peşman hiss etdirən hadisələrdən ibarət olur və bizim gündəlik həyatımıza ciddi şəkildə mənfi təsirini göstərir.
Bəs çox düşünməyin aludəçisi olduğumuzu necə müəyyən edə bilərik? Psixoloji olaraq ümumi simptomları aşağıdakılardır:
▪ Keçmişdə yaşadığımız anlarda ilişib qalmaq
▪ Gələcəkdə yaşayacağınız hadisələr haqqında daha pis ssenarilər yazmaq
▪ Utandığınız və ya peşman olduğunuz hadisələri daim xatırlayıb beyninizdə yenidən yaşamaq
▪ Qərar verdikdə özünüzü çarəsiz və yalnız hiss etmək, qərar verə bilməmək
▪ Rutin işlərinizi görməyi “şüursuzca” unudub, onun yerinə keçmişdəki anı düşünmək
▪ Vəziyyətin fərqində olsanız belə, bunu qəbul edə bilməmək və ya düzəltmək üçün hərəkətə keçməmək.
Amerikalı psixiatr Reymond Fauler apardığı tədqiqatların nəticəsində bu prosesi belə açıqlamışdır: “Stresli hadisələri çox düşünmək uzun müddət davam edərsə, bu narahatlıq (anksiyete) və depressiyaya səbəb ola bilər. Narahatlıq öz növbəsində sizin problemi həll etmək qabiliyyətinizi zəiflədəcək, depressiya isə sizdə kədər, təklik və boşluq hissini oyadacaqdır”.
Anksiyete və depresiyanın mənfi tərəfləri təkcə psixoloji sağlamlığımızı deyil, həm də fiziki sağlamlığımızı öz təsiri altına alır. Fiziki simptomları aşağıdakılardır:
▪ Yorğunluq, halsızlıq
▪ Baş ağrıları
▪ Ürəkbulanma
▪ Konsentrasiyada çətinlik
▪ Yuxusuzluq
▪ İştahsızlıq
Bəs çox düşünməkdən necə qurtulaq? Çox ciddi hal aldıqda peşəkar psixoloji dəstək almaq daha yaxşı olacaqdır, lakin siz özünüz də öhdəsindən gələ bilərsiniz. Bu zaman xatırlamalısınız ki, stresli fikirləri beyninizdə yaradan sizsiniz və bunu dayandırmaq ancaq sizin əlinizdədir. Bunun üçün bir neçə diqqət etməli olduğunuz məsələ var:
1. Çox düşünmək demək, məhsuldar düşünmək demək deyil
Çox düşünmək sizə yeni şeylər qatmır, əksinə bildiyiniz şeylərdə tərəddüd edərək qərarsız qalmağınıza səbəb olur. Bununla mübarizə aparmaq üçün ilk etməli olduğunuz vəziyyəti görüb, qəbul etməyiniz olacaqdır. Çox düşünməkdən stresli hiss etməyə başladığınız zaman özünüzü vəziyyətin mərkəzində deyil, kənardan izləyən üçüncü şəxs olaraq təsəvvür edin. Fərqli baxış bucağından baxmaq sizə vəziyyəti daha asan həll etmək üçün yardımçı olacaqdır.
Verəcəyiniz qərar son deyil
Ən yaxşı qərarı vermək üçün götür-qoy etdiyinizdə və ya qərarsızlıqdan hər şeyi ətraflı düşünməyə çalışdığınızda beyniniz avtomatik olaraq bu sindromu aktivləşdirir. Şablon səslənsə də, burada xatırlamalı olduğunuz cümlə budur: “dünyanın sonu deyil ki”. Siz qərar verərkən həqiqətən də dünyanın sonunu gətirəcək qərar vermədiyinizi dərk etsəniz, həddindən artıq düşünməkdən qurtulmaqla yanaşı, özünüzlə barışmağı öyrənəcəksiniz.
2. Boş zamanlarınızı hər hansı bir fəaliyyətlə doldurun, düşünməklə deyil
Düşünmək beyin üçün yaxşı idmandır, lakin bu uzunmüddətli düşünməyə çevrilərsə, psixoloji və fiziki sağlamlığınızı təhlükəyə atacaqsınız. Hər hansı fəaliyyətlə məşğul olmaq sizi düşünməkdən uzaqlaşdıracaqdır. Məsələn, kitab oxuyun, məqalə yazmağa başlayın, özünüz üçün rutin təyin edin və nə olursa olsun bu rutini gün sonuna kimi tamamlayın. Hər hansı bir mövzu tapın, bu mövzu haqqında düşünün, araşdırın. Bu cür fəaliyyətlər sizə rahat hiss etdirəcək və yaxşı xüsusiyyətlər qazanacaqsınız.
3. Çox düşündüyünüz zamanı limitləyin və yazın
Düşünməyə başladığınızda müəyyən zaman limiti (20-30 dəqiqə) təyin edin və bu zamanı düşündüklərinizi yazaraq, özünüzlə paylaşaraq keçirin. İlk başlarda sizi düşündürən problemləri yazsanız, problemlərlə üzləşib, növbəti dəfə artıq həll yollarını yazmağa başlayacaqsınız. Bu sizin enerjinizi daha doğru yerə xərcləməniz üçün vasitə olacaqdır.
4. Meditasiya edin
Meditasiya zehindəki mənfi düşüncələrdən xilas olmaq üçün etdiyimiz fəaliyyət növüdür və düzgün nəfəsalma məşqlərinə əsaslanır. Narahatlıq, nigaranlıq, stress kimi hallarda sakitləşmək üçün düzgün nəfəsalma son dərəcə effektiv nəticə göstərir. Nəfəsalma məşqləri də öz növbəsində diqqəti cəmləməyə müsbət təsir göstərir. Sizin meditasiya ilə fokuslandığınız nöqtə nəfəs almağınız olacaqdır, daha sonra isə gələcək qayğılarınızdan uzaqlaşaraq, “indiyə” fokuslanıb vəziyyətin fərqinə varacaqsınız. Yəni, hazırkı vəziyyətdə mənfi hisslərə qapılmaq yerinə, həll yolları axtarmağa çalışacaqsınız. “Olduğum vəziyyətdən necə çıxa bilərəm?” sualı ətrafında düşünməyə başlamaqla siz, ilk uğurlu addımı atmış olacaqsınız. Bu həm də sizə düşüncələrinizi idarə etmək üçün yardımçı olacaqdır.
Yaşaya bildiyimiz bütün anlar dəyərlidir. Yaxşı və ya pis yaşadığınız hər şey kilitlənib qalacağınız pis xatirə olmasın, bunu təcrübə kimi dəyərləndirin. Təbii ki, bunları bir gecədə dəyişdirə bilmərik, müəyyən qədər zamanımızı alacaqdır. Yetər ki, özünüzü olduğunuz vəziyyətdən çıxarmaq üçün gərəkli olan gücün sizdə olduğunun fərqinə varın. Dəyişdirmək istəmək dəyişməyiniz üçün kifayətdir. Çox düşündüyünüzdə itirdiyiniz boşa zamanı xatırlayın, o zamanı bir daha geri qaytara bilməyəcəksiniz. Buna görə də zamanı dəyərləndirin, özünüzü xoşbəxt hiss etdirən işlərlə məşğul olun, zamanınızı xoşbəxt hiss etdirəcək işlərlə doldurun.
Zamanınızı dəyərləndirin, həyatınızı dəyərləndirin.
Uğurlar!