dost-agentliyi-beynelxalq-sosial-teminat-assosiasiyasina-uzv-qebul-olunub--

DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzv qəbul olunub

DOST Agentliyi dünyanın 164 ölkəsininin müvafiq qurumlarını özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA) üzv qəbul olunub. Bu barədə BSTA-nın baş katibi Marçelo Abi-Ramia Kaetano DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədova təbrik məktubu göndərib.

BSTA üzvü olaraq DOST Agentliyi bütün BSTA məhsullarına və xidmətlərinə (konfranslar, vebinarlar, peşəkar standartlar, potensialın gücləndirilməsi üzrə fəaliyyətlər və nəşrlər) birbaşa çıxış əldə edir. Bundan əlavə, üzvlük DOST Agentliyinə BSTA-nın Texniki Komissiyasının və regional strukturlarının fəaliyyətində iştirak imkanı yaradır.

Qeyd edək ki, sosial müdafiə institutları, dövlət təşkilatları və agentlikləri üzrə dünyanın aparıcı təşkilatı olan BSTA hərtərəfli sosial təminatı, bu sahədə innovativ metodları və dəyərləri təbliğ edir. DOST Agentliyi 2021-ci ildə əhaliyə çatdırılan xidmətlərin səviyyəsini və daxili prosedurları inkişaf etdirmək məqsədilə BSTA Tanınma Proqramına qoşulub. 2022-ci ildə isə bu proqram çərçivəsində “Xidmət Keyfiyyəti” üzrə “BSTA Mükəmməllik Sertifikatı” ilə təltif edilib. Bundan əlavə, “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsində “Vətəndaş məmnunluğu monitorinq sistemi”, “DOST Agentliyi: ləyaqət və bərabər hüquqlar naminə” və “DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi” ərizələri ilə iştirak edən DOST Agentliyi müsabiqənin qalibi elan edilib.