dost-is-merkezi-daha-900-sexsi-aqrar-saheler-uzre-islere-celb-edib--

“DOST İş” Mərkəzi daha 900 şəxsi aqrar sahələr üzrə işlərə cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş” Mərkəzi və  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlığı çərçivəsində bu ilin əvvəlindən daha 900 nəfər  işlə  təmin edilib.

Onlardan 150 nəfəri  “Elektron kənd təsərrüfatı” informasiya sistemi üzrə  proqramçı işində çalışır. Həmin şəxslər müxtəlif kənd təsərrüfatı sahələri üzrə subsidiyaların alınması üçün vətəndaşların müraciətlərinin qəbulu, bu müraciətlərin qeydiyyatı, sənədləşmənin aparılması prosesində kompyuterlər vasitəsilə texniki işlərin yerinə yetirilməsini təmin edirlər. Qalan 750 nəfər isə  baytar köməkçisi kimi fəaliyyət  göstərir.

Qeyd edək ki, 2020-ci ildə də “DOST İş” Mərkəzi tərəfindən həmin peşələr üzrə  2500 şəxs işlə təmin edilib. Beləliklə, ödənişli ictimai işlər proqramı çərçivəsində hazırda 64 rayon üzrə 3400 şəxs kənd təsərrüfatı sahələri üzrə işlərdə çalışır, həmçinin müvafiq fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqları qazanırlar.