dovlet-mesgulluq-agentliyi-iso-sertifikatli-mutexessis-hazirligi-heyata-kecirecek--

Dövlət Məşğulluq Agentliyi ISO sertifikatlı mütəxəssis hazırlığı həyata keçirəcək

Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzi beynəlxalq idarəetmə sistemi olan ISO standartlarının tətbiqi üzrə akkreditasiya işlərinə başlayıb. Bununla əlaqədar olaraq ''PGM İnspection'' şirkətinin mütəxəssisləri tərəfindən mərkəzin kollektivinə ilk təlim keçirilib.

Bakı Peşə Hazırlığı Mərkəzi öz fəaliyyətini  ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001:2015 (ətraf mühitin idarə olunması və qorunması sistemi), İSO 45001:2015  (əməyin təhlükəsizliyi sistemi) tələblərinə uyğun olaraq yerinə yetirəcək və bununla Dövlət Məşğulluq Agentliyi nəzdində fəaliyyət göstərən ilk İSO sertifikatlı peşə hazırlıq mərkəzi olacaq.

Bakı Peşə Hazırlığı Mərkəzi İSO beynəlxalq sertifikatlarını aldıqdan sonra ‘’İnternational Organization for Standartization’’ tərəfindən dərc edilmiş təlimatlara uyğun olaraq yeni inkişaf mərhələsinə keçid edəcək. Sertifikat Mərkəzin peşəkar nüfuzunun gücləndirilməsi, habelə yeni sektorlara giriş imkanı yaradaraq müştəri, vətəndaş və tərəfdaşların etibarını təmin edəcək.

Qeyd olunan standartların tətbiqi daxili və xarici bazarda müəssisənin müsbət imicinin formalaşmasına, idarəetmədə daha müasir üsullardan istifadəsinə, sifarişçilərin tələblərinə uyğun olaraq sənədləşmənin aparılmasına, işlərin təhlükəsiz şəraitdə, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirilməsinə, uyğunsuzluqların vaxtında aşkarlanıb aradan qaldırılmasına yönəlib. ISO beynəlxalq standartların tətbiqi ilə Bakı Peşə Hazırlıq Mərkəzi  təlim fəaliyyəti zamanı müxtəlif peşələr üzrə yüksək nəticə göstərən müdavimlərə də standartın tələblərinə uyğun olaraq beynəlxalq sertifikatlar təqdim edəcək. Sertifikat almış məzunlar dünyanın istənilən ölkəsində peşəkar kadr kimi qəbul ediləcək. Beləliklə keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləyə biləcəklər.