dovlet-mesgulluq-agentliyi-tebieti-qoruyaq-adli-yeni-mesgulluq-layihesine-baslayir--

Dövlət Məşğulluq Agentliyi "Təbiəti qoruyaq" adlı yeni məşğulluq layihəsinə başlayır

Dövlət Məşğulluq Agentliyi “Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsinə start verir. İşsiz və işaxtaran şəxslərin məşğulluğuna dəstək məqsədi daşıyan və haqqı ödənilən ictimai işlərin əhatə dairəsini genişləndirəcək layihə üzrə 1000-ə yaxın şəxs işlə təmin ediləcək.  

Layihə çərçivəsində:

Bakı şəhəri üzrə Novxanı, Türkan, Hövsan, Şıx, Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zuğulba, Pirşağı və Sumqayıt şəhəri üzrə çimərliklərdə (2 ay müddətində),
Gəncə şəhəri üzrə Nizaminin məqbərəsi, Göygöl və Maralgöl Milli Parkı, Lənkəran üzrə Hirkan Milli Parkı, Salyan rayonu üzrə Şirvan Milli Parkında (4 ay müddətində),
Bakı, Sumqayıt, Gəncə, Şamaxı, Şəki, Mingəçevir, Lənkəran, Quba, Bərdə şəhərlərindəki Şəhidlər Xiyabanında (4 ay müddətində)
abadlıq işləri aparılacaq.

Habelə layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, İsmayıllı, Zaqatala, Sabirabad, Goranboy, Gədəbəy, Tovuz rayonlarında və işğaldan azad edilmiş şəhər və rayonlarımızda ağacəkmə kampaniyası (2 ay müddətində) təşkil ediləcək.

Layihənin əsas məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, işçi qüvvəsinin əməyindən səmərəli istifadə edilməsi, ictimai yerlərin abadlaşdırılması, ekoloji təmizliyə, yaşıllıqların artırılmasına töhfə verilməsidir. 

İşsiz və işaxtaran şəxslər layihəyə cəlb olunmaq üçün müvafiq ərazi məşğulluq mərkəzlərinə müraciət edə bilərlər. Son müraciət tarixi 31 oktyabr 2021-ci il müəyyən edilib.