Ehtiyacımız olan MOTİVASİYADIR yoxsa DİSİPLİN?
Bu gün sənə motivasiya ilə disiplindən, arzularımızı həyata keçirmək, niyyətlərimizə ən qısa zamanda nail ola bilmək üçün ən çox hansına ehtiyac duyduğumuzdan, onların həyatımıza təsirindən, ayrı-ayrılıqda hansı amala xidmət etdiklərindən bəhs edəcəyik.
Son zamanlarda da məşhurlaşan, “Şəxsi inkişaf” sahəsində əsasən motivasiya və disiplin məsələlərinə toxunulur. Şəxsi inkişaf kitabları da əsasən motivasiya mənbələri kimi xidmət göstərərək, insanları disiplinə çağırır. Bu əlbəttə ki, gözəldir. Fəqət bəzi məqamlar da gözardı edilə bilməz. Bəs bunlar nələrdir?
Həqiqətənmi bizim istədiklərimizi əldə etməyimiz üçün sadəcə disiplinə ehtiyacımız var?
Disiplinsiz motivasiya kifayətdirmi? Bəs motivasiyasız disiplini qorumaq mümkündürmü?
Ümumiyyətlə bunlar nəyə xidmət edirlər? Zehinlərimizdə necə bir təsirə malikdirlər?
Motivasiya əslində bizim müəyyən şeyləri hansı səbəbdən istəməyimizdir. Müəyyən bir işi görməyimiz, müəyyən bir addımı atmağımız, nələrəsə başlamağımız, nələrisə saxlamağımız, həyatımızı bir anda dəyişdirmək qərarı verməyimiz, hansısa qərarlarımızı ləğv etməyimiz (və s.) üçün səbəbimizdir.
Motivasiya, ilkin mərhələdə, bizə hər hansı bir işə başlamamışdan əvvəl lazım olur.
Bəs niyə başlanğıcda lazım olur deyə sual etsən:
Ona görə ki, bəzən bizlər heç istəmədiyimiz şeyləri müəyyən öhdəliklər adı altında etmək məcburiyyətində qala bilirik. İstəklərimiz xaricində hərəkət etməyimiz bizim həvəssiz, motivasiyasız yola çıxmağımız və bunun də gördüyümüz işi görmə keyfiyyətimizdə, sərf etdiyimiz vaxt bölümündə, nəticələrimizdə öz əksini tapması ilə nəticələnir. Fəqət istəkli olduğumuz, bizə nə qazandıracağını bildiyimiz bir hədəf üçün yola çıxanda motivasiyamızın yüksəklikliyi ondan törəyən yüksək enerji, əhval-ruhiyyə, maksimum diqqət, keyfiyyət və vaxt bölgüsündə özünü nümayiş etdirir. Başqa sözlə izah etsək, bir işə motivasiyalı və ya motivasiyasız başlamağımız növbəti mərhələlərdə bizləri nələrin gözlədiyini və onlara qarşı duruşumuzu əvvəlcədən proqnoz etməyimizə köməkçi olur.
Burada motivasiyanın daxili yoxsa xarici mənbələrdən bəslənməsi bu məqalənin mövzusu olmadığından toxunmayacam. Lakin toxunmaq istədiyim hissə: BƏS bu motivasiya başladığımız işin bütün mərhələlərində bizi izləyərək, ilk günkü təsirini qoruya bilirmi??
Təəssüf ki, xeyr!
Bəli, əziz dostum. Motivasiya hər nə qədər müəyyən bir işə başlama ərəfəsində vacib amillərdən biri olsa da, qalıcılığa malik deyil. Yaşadığımız həyat, günlük problemlərimiz, qayğılarımız, üzləşdiyimiz çətinliklər, şəxsi məsələlərimiz, psixoloji ruh halımız – bütün bunlar birbaşa proses zamanı bizlərə təsir göstərərək, ilk günkü motivasiyamızı, yüksək enerjimizi aşağı salan qaçınılmaz amillərdir. Hər zaman olub və olmağa da davam edəcək. Bəs bu məqamda nə etməli?
DİSİPLİN!
Disiplinin zəruriyyəti məhz bu məqamda ortaya çıxır. Disiplin bizlərin hər hansı bir işə başlamağından daha çox, başladığımız işi başa çatdırmağımız prosesində köməkçi olur. Arzu və xəyallarımıza nail olma motivasiyası ilə çıxdığımız yolda qarşımıza çıxan çətinliklər qarşısında ruhdan düşdüyümüzdə, ümidsizliyə qapıldığımızda, ilk günkü motivasiyamız öz təsirini itirdikdə disiplinin köməyi ilə davamiyyətimizi qoruyaraq, çıxdığımız yolu başa vurmaq bacarığına sahib oluruq. Disiplin bizə özgüvənimizi bərpa etmək, gücümüzü, iradəmizi test etmək, konfort zonamızı tərk edərək məqsədyönlü qala bilmək, başladığımız işi tamamlamaq imkanını verir. Disiplinli insan qarşısına çıxan problemlərə deyil, onların həllinə fokuslanma zehniyyətinə sahib, bəhanələrdən uzaq, məqsədyönlü şəkildə hərəkət edərək, zamanını düzgün idarə etmək qabiliyyətinə malik bir şəxsdir. Bu səbəbdən də disiplin şəxsi inkişaf, məqsədyönlü həyat tərzi yaşamaq, xəyallarımızı gerçəkləşdirə bilmə əzmimizi qorumaq adına olması mütləq bir daxili intizamdır.
Xülasə, disiplinin olmaması motivasiyanın təkbaşına yetərsizliyidir. Çünki yuxarıda da vurğuladığım kimi motivasiya qalıcı olmayan, müxtəlif faktorların təsiri altına düşə bilən, daim yenilənməyə ehtiyac duyan bir məfhumdur. Fəqət sadəcə disiplin də insan ruhu və psixologiyası üçün uzunmüddətli baxışda müsbət nəticə vermir. Bu səfər də həyatını sadəcə disiplin üzərinə quran insanlar robot kimi bir həyat yaşadıqlarından, müəyyən zaman çərçivəsində yaşam həyəcanlarını itirməsi, ruhlarının, emosiyalarının ölməsi, ehtiyaclarını dinləməmələrindən və onların doğurduğu nəticələrdən şikayətlənir və hətta depresiv semptonlar göstərirlər. Bu da təbii prosesdir. Çünki bir çox hallarda disiplin bu günü yaşamayaraq, gələcəyə investisiya yatırmaq mənasında başa düşülür.
Müşahidələr və təcrübələrdən yola çıxaraq, qeyd etmək istəyirik ki, hər şey balanslı olanda gözəldir. Həddən artıq disiplin bizi xoşbəxt etmədiyi kimi, sadəcə motivasiya axtarışında olan zehnimiz də bizə istədiyimiz nailiyyəti qazandırmayacaq.
Ehtiyacını anlamağın, disiplin ruhunu motivasiyan ilə ahəngdar şəkildə yaşatmağın ümidi ilə