emek-bazari-uzre-isci-qrup-novbeti-iclasini-kecirdi--

Əmək bazarı üzrə işçi qrup növbəti iclasını keçirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı üzrə işçi qrupu növbəti iclasını keçirib.

İclasda əmək və əhalinin sosial müdafiəsi, iqtisadiyyat, təhsil, ədliyyə nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, AMEA və aidiyyəti qurumların işçi qrupun müvafiq Fəaliyyət Planının icrasına cəlb olunan məsul şəxsləri iştirak edib.

İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə aparılan uğurlu iqtisadi və sosial islahatlar nəticəsində əsas beynəlxalq indekslərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşmaqda davam etdiyini vurğulayıb. O, əmək bazarı üzrə də bu müsbət tendensiyanın mövcud olduğunu deyib.

Nazir müavini son illərdə aparılan islahatların ölkənin əmək bazarında da inkişaf meyllərinin davam etməsinə imkan verdiyini qeyd edib. Qeyri-formal məşğulluğun qarşısının alınması, əmək qanunvericilliyinə əməl olunmasına nəzarətin e-sistem üzərindən çevik və effektiv təşkili, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi sahələrində aparılan işlərin önəmini diqqətə çatdırıb.

İclasda işçi qrupun 2021-ci il üçün Fəaliyyət Planının cari ilin 9 ayı üzrə icra vəziyyəti müzakirə olunub,  “İqtisadi Azadlıq İndeksi -2021” barədə məlumat verilib.

Qeyri-formal məşğulluğun qarşısının alınması, peşə təhsili sisteminin inkişaf edən iqtisadiyyatın və işəgötürənlərin tələblərinə uyğunlaşdırılması işlərinə, “ITUC Global Rights Index” və Dünya Bankının “Women, Business and the Law” hesabatlarına dair təqdimatlar edilib. Təqdimatlar əsasında müzakirələr aparılıb.

 Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının veb portalı: www.azranking.az