emek-ve-ehalinin-sosial-mudafiesi-nazirliyi-usaid-ve-bmtip-gencleri-geleceyin-is-yerlerine-hazirlamaq-ucun-seylerini-birlesdirir--

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, USAID və BMTİP gəncləri gələcəyin iş yerlərinə hazırlamaq üçün səylərini birləşdirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə həyata keçirilən “Azərbaycanda İnnovasiya və Məşğulluğun inkişafı” layihəsinin 2020-ci ildəki nailiyyətləri ictimaiyyətə təqdim olunur. 2016-cı ildən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə icra olunan və hal-hazırda Gəncə, Zaqatala Sumqayıt ərazilərini əhatə edən layihənin məqsədi gənclərin əmək bazarına inteqrasiyasına dəstək verməkdir.
2020-ci ildə layihə çərçivəsində gənclərin peşəkar kadr hazırlığı və biznes mühiti ilə dialoqa təşviq edilməsi məqsədilə “Peşəkar İnkişaf və İnnovasiyalar Platforması -PROGRO” fəaliyyətə başlamışdır. Platformanın əsas məqsədi gənc peşəkarları dəyişkən əmək  bazarının tələb və gələcək perspektivlərinə uyğun hazırlamaq və onlara uğurlu karyera qurmaqda kömək etməkdir.
İlk olaraq, Gəncə, Zaqatala və Sumqayıtda 47 gənc PROGRO-nun innovativ təlim metodologiyasına əsasən uğurlu karyera planlaması və praktik peşəkar səriştələr sahəsində 2-aylıq təlimlərdə iştirak etmişdir.
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq layihənin bütün fəaliyyəti onlayn rejimə keçirilmişdir.  Bu dövr ərzində PROGRO Platforması “Peşəkar İnkişaf Təlimləri” adlı 2-həftəlik intensiv kursları ilə Azərbaycanın onlayn təhsil bazarına çıxmışdır. 6 dəfə təşkil olunmuş bu kurslarda 297 nəfər, o cümlədən 76 gənc oğlan və 221 xanım iştirak etmişdir. Təlimlər ərzində gələcəyin gənc peşəkarlarına “Karyera planlaması”, “Təqdimat bacarıqları”, “Tənqidi düşüncə”, “Emosional zəka”,  “Şəxsi brendinq”, “Effektiv CV” , “Müsahibə hazırlığı”  və “ Onlayn biznes bacarıqları”  haqqında faydalı və praktik məlumatlar verilmişdir.
PROGRO Platforması gənclərin məşğulluq imkanlarını artırmaq məqsədilə onlayn qısamüddətli təlimlər silsiləsinə başlamışdır.  “Fotoqrafiya”, “Sosial media marketinqi “və “Microsoft Excel” mövzularında keçirilən onlayn təlimlərdə  228 nəfər gənc (64 kişi, 164 qadın) iştirak etmişdir. Təlimçilər öz sahəsinin ən öndə gedən mütəxəssisləri arasından seçilmişdir.
PROGRO Platforması pandemiya dövründə PROGRO Veb Platfoması (progro.az)  gənclərin istifadəsinə vermişdir.  Veb Platformada davamlı olaraq yeni vakansiyalar və frilanserlik fürsətləri, məhsuldar həyat və karyeraya dair müxtəlif resurslar, onlayn mentorluq xidmətləri, habelə Azərbaycandan və dünyadan olan işgüzar xəbərlər təqdim olunur.
Bütün bunlarla yanaşı  PROGRO Platforması gənclərin əmək bazarındakı real vəziyyətini öyrənmək üçün də təşəbbüs göstərmişdir.  COVİD-19 dövründə gənclərin məşğulluğu, əmək bazarı haqqında təsəvvür və gözləntilərini öyrənmək məqsədilə  "Gənclərin Məşğulluq Problemləri və Gözləntilərinə dair Çevik Sorğu”  keçirilmişdir. Respondentlərin böyük bir hissəsi praktik təcrübə proqramlarına, sahibkarlarla işaxtaranların bir araya gətirilməsinə, əmək bazarının tələb etdiyi texniki bacarıqlara dair daha çox təlimlərə ehtiyac olduğunu vurğulamışdır.  Sorğunun nəticələri PROGRO Veb Platfomasında  (progro.az) paylaşılmışdır.
PROGRO Platforması gənclərin karyera təlimləri və ya karyera qurmaqla bağlı axtardıqları hər şeyi tapa biləcəkləyi unikal məkandır.
 PROGRO komandası 2021-ci ildə COVİD - 19 və ondan sonrakı dövrün tələblərinə uyğun olaraq gənclərin real ehtiyaclarına yönəlmiş fəaliyyətlərini davam etdirəcək.