emosional-zeka

Emosional Zəka

Son dövrlərdə emosional zəka daha çox diqqət mərkəzində olan mövzu halına gəlmişdir. Bunun səbəbi, həyatda müvəffəqiyyət və xoşbəxtlik əldə etmək üçün müəyyən bir intellektual zəka ilə yanaşı emosional zəkanın da olmasının zəruriliyidir. Araşdırmalara görə, yüksək emosional zəkaya sahib olan şəxslər ailəsində və sosial çevrələrində yaxşı əlaqələr qura bilən, müvəffəqiyyəti daha asan əldə edən, daha məhsuldar olan və karyerasında daha sürətli yüksələn insanlardır.

Emosional zəka stressi aradan qaldırmaq, effektiv ünsiyyət qurmaq, başqaları ilə empatiya qurmaq, çətinliklərin öhdəsindən gəlmək və münaqişələri həll etmək üçün çox effektivdir. Emosional zəka, daha güclü əlaqələr qurmağınıza, məktəbdə və işinizdə uğur qazanmağınıza, karyera və şəxsi hədəflərinizə çatmağınıza kömək edir. Həm də hisslərinizlə əlaqə qurmağınız, istəklərinizi həyata keçirməyiniz və sizin üçün ən vacib olan şeylər barədə qərarlar verməyinizə kömək edə bilər.

Emosional zəka ümumiyyətlə dörd xüsusiyyət ilə müəyyən edilir:

Özünüdərketmə - Yüksək emosional zəkalı insanlar ümumiyyətlə özlərini çox yaxşı tanıyırlar. Duyğularını başa düşür və bu səbəbdən hisslərinin onları idarə etməsinə icazə vermirlər. Özgüvənli olurlar - çünki intuisiyalarına güvənirlər və duyğularının nəzarətdən çıxmasına imkan vermirlər.

Həm də özlərinə dürüst baxmağı bacarırlar. Güclü və zəif tərəflərini bilir və daha yaxşı fəaliyyət göstərə biləcəkləri sahələrdə işləyirlər. Bir çox insan bu özünüdərkin duyğusal zəkanın ən vacib hissəsi olduğuna inanır.

Hisslərini idarəetmə - Bu duyğuları və impulsları idarə etmək qabiliyyətidir. Hisslərini idarə edən  insanlar, ümumiyyətlə, çox hirslənmirlər və impulsiv, diqqətsiz qərarlar vermirlər. Addım atmazdan əvvəl düşünürlər. Hisslərini idarəetmə xüsusiyyətlərinə düşüncəli olmağı, dəyişikliklərə asan uyğunlaşmağı, yox deməyi bacarmağı misal gətirə bilərik.

Empatiya - Bu, bəlkə də duygusal zəkanın ikinci ən vacib elementidir. Empatiya, ətrafdakıların istəklərini, ehtiyaclarını və baxışlarını müəyyənləşdirmək və anlamaq qabiliyyətidir. Empatiyası yüksək insanlar başqalarının hisslərini yaxşı tanıyır, hətta bu hisslər aşkar görünməsə də. Nəticədə, empatik insanlar adətən münasibətləri idarə etməkdə, dinləməkdə və başqaları ilə münasibətdə uğur qazanırlar. Stereotip və mühakimədən uzaq dayanır və həyatlarını açıq və dürüst bir şəkildə yaşayırlar.

Sosial Bacarıqlar - Yüksək emosional zəkanın başqa bir əlaməti olan yaxşı sosial bacarıqlara sahib insanlarla danışmaq və onları bəyənmək ümumiyyətlə asandır. Güclü sosial bacarıqlara sahib olan insanlar adətən komanda oyunçusu olur. Əvvəlcə öz uğurlarına diqqət yetirmək əvəzinə, başqalarının inkişafına və yüksəlməsinə kömək edirlər. Mübahisələri idarə edə bilir, mükəmməl ünsiyyət qurur, insanlarla asan əlaqələr qurur və davam etdirirlər.

 

Bəs emosional zəka niyə vacibdir?

Bildiyimiz kimi, həyatda ən uğurlu və ya ən çox qazanan insanlar ən ağıllı insanlar deyil. Yəqin ki, akademik cəhətdən parlaq və eyni zamanda sosial cəhətdən təcrübəsiz və işdə və ya şəxsi münasibətlərdə uğursuz insanlar tanıyırsınız. Həyatda uğur qazanmaq üçün intellektual qabiliyyət və ya zəka tək başına kifayət deyil. Bəli, intellektual zəka sizin kollecə girməyinizə və ya universitetə qəbul olmağınıza kömək edə bilər, ancaq imtahanlarda stres və duyğuları idarə etməyə emosional zəka kömək edir. Hər iki zəka növü uğur qazanmaq və həyatınızdan məmnun olmağınız üçün vacibdir və bu iki zəka növünün olması fərd olaraq sizi daha güclü birinə çevirir.

İş mühitində Emosional Zəka niyə vacibdir?

Niyə emosional zəka iş mühitində tələb olunan əsas bacarıqlar sırasındadır? İnsan resursları mütəxəssisləri arasında aparılan sorğuya görə, respondentlərin demək olar ki, 75% -i işçilərin emosional zəkasını intellektual zəkasından daha çox qiymətləndirdiklərini qeyd edirlər.

Emosional zəka, ünsiyyət, idarəetmə, problem həlletmə və iş yerindəki əlaqələri inkişaf etdirməyə kömək edən bacarıq olaraq tanınır. Bu bacarıq mütəxəssislərin də fikrincə inkişaf etdirilə bilən bir bacarıqdır.

Emosional zəka bütün növ işlərdə performansın 58 faizini təşkil edir.

2019-cu ildə keçirilən Dünya İqtisadi Forumuna görə də emosional zəka, işçilərin 2020-ci ildə müvəffəq olmaq üçün ehtiyac duyduğu 10 ən vacib bacarıqlar sırasında idi.

Daniel Golemana görə Emosional zəka insan məmnuniyyəti və müvəffəqiyyəti üçün ən vacib amillərdən biridir.

Emosional zəkanın dəyəri və faydaları şəxsi və peşəkar uğur baxımından genişdir. Akademik və peşə sahəsində uğur qazanmağa kömək ola bilər, əlaqələri inkişaf etdirə bilər və ünsiyyət bacarıqlarını artıra bilər.