Empatiya
Əgər bir insanın kədərini görəndə başa düşə bilirsinizsə, bunun səbəbi empatiyadır.
Ümumiyyətlə, empatiya bir insanın duyğu və düşüncələrini anlama bacarığıdır. Bəzi hallarda dərdini bölüşdüyün insanlar “sənin yaşadıqlarını hiss edə bilirəm” deyirlər. Əslində bu yanlışdır. Çünkü sizin yaşadıqlarınızı yaşamayan bir insan, sizin hiss etdiklərini hiss edə biməz, sadəcə anlaya bilər. Əslində bunun özü də çox önəmlidir.
Empatiya bir insanı qınamadan, qərəzlərini kənara ataraq şəxsin nəyi nə üçün etdiyini anlamaq, onun dərdinə şərik olmaq, onunla eyni duyğuları paylaşmaq deməkdir. Bununla yanaşı empatiya, bir insanın söylədikləri ilə qeyd-şərtsiz razılaşmaq və ya o insana haqq qazandırmaq deyil. Sadəcə olaraq həmin şəxsin o andakı emosional vəziyyətini, nə hisslər keçirdiyini, niyə belə davrandığını analiz etmə, dərk etmə, anlama prosesidir.
Empatiyası yüksək olan şəxslər yaxşı dinləyici, diqqətli müşahidəçi, müsbət tərəfi görməyə üstünlük verən insanlardır.
Əslində öz şəxsi həyatımıza da nəzər yetirsək, bir dərdimiz olduğu halda və ya öz düşüncələrimizi paylaşmaq istədikdə “o məni anlayar”, “o məni əsla qınamaz”, dediyimiz insanlara yönəldiyimizi görərik. Məhz bu insanlar empatiya bacarığı yüksək olan insanlardır. Həmin insanlarla danışmaq rahatdır, onların yanında komfortlu və mənəvi cəhətdən rahat hiss edirik.
Necə ki, empatiya ünsiyyətdə, şəxsiyyətin inkişafında vacib rol oynayırsa, eləcə də empatiya əskikliyi olan şəxslərə nəzər yetirib, onları müşahidə etsək belə insanlarda aqressiya, qəddarlıq hətta bəzi hallarda narsistliyə belə rastlandığını görərik.
Empatiya həyatımızda çox mühüm rol oynayır. Empatiyası olmayan insan sağlam düşüncəyə sahib ola bilməz.
Məsələn; İkinci Dünya Müharibəsi dövründə alman əsgərlərinə “mən necə bir cinayət işləyirəm?”, “mən nə edirəm?” demək qadağa halını alıb və onun yerinə “belə olmalıymış” kimi bir fikir formalaşdırılıb. Beləliklə belə təlim-tərbiyə görmüş insanlarda mərhəmət hissi zamanla aradan qalxmış, əziyyət çəkən tərəfə rəhm hissi tamamilə yoxa çıxmışdır. Bu cür psixologiya ilə həyat yaşayan insanlarda empatiyadan söhbət belə gedə bilməz. Ümumiyyətlə, insan olmağın yolu qarşındakını anlamaqdan keçir. Qərəz həyata kirli pəncərədən baxmaqdır. Bir insanın yaşadığı hissləri bölüşüb, yaşadığı sevincə, kədərə şərik ola bilirsinizsə, bu həyatda mənəvi olaraq çox şey qazanıbsınız deməkdir. Günümüzdə cinayətlərin, qəddarlıqların sərhəddi yoxdur. Hər gün xəbər saytlarında amansızlıqla qətlə yetirilən onlarla insan görürük. Bütün bunlara dərindən nəzər yetirsək, çoxunun kökündə empatiya çatışmazlığı, insanların ön yarğıları, insanların bir-birlərini başa düşmədiklərini görərik.
Ona görə də hər kəs empatiya qurmağı ən azından sınamalı, qarşısındakını anlamağa səy göstərməlidir. Çünkü empatiya qurmağı bacarmayan bir cəmiyyətin sonu uçurumdur.