evde-oyrenmeni-daha-semereli-eden-vasiteler-1-ci-hisse

Evdə öyrənməni daha səmərəli edən vasitələr (1-ci hissə)

         Dəyişən və inkişaf edən dünyamızda inkişafa mütəmadi olaraq nəzarət etmək vacibdir. Öyrənməyi heç vaxt dayandıra bilmərik, bu səbəbdən öyrənmək üçün doğru vasitələri seçmək hər zamankindən daha vacibdir.
         İstər tələbə olun, istərsə də təhsili davam etdirən bir mütəxəssis olun, 2020-ci il hər kəs üçün bu öyrənmə çarxını yenidən nəzərdən keçirmək üçün bir fürsət oldu. Fiziki cəhətdən sosial həyatdan təcrid olunduq və bu da təbii olaraq öyrənmə mühitindən əlaqəni itirməyimizə səbəb oldu. Bir daha texnologiya bizi xilas etdi və bir çox şirkət bu boşluğu doldurmaq üçün yeni çox funksiyalı vasitələr təqdim etdi.
         Bəzi alətlər əvvəllər mövcud idi, lakin son dövrlərdə tanınmağa başladı. Bu vasitələr həm çətin vaxtları idarə etməyə kömək edir, həm də öyrənməyi daha səmərəli edir.  
Öyrənməyin bir çox cəhəti var, amma bu baxımdan məsafədən təhsil və ya təkbaşına öyrənmə məsələsində kritik olan əsas sahələrə diqqət yetirək: 

  •  Oxu - əsas bilik mənbəyi
  •  Kurslar - qabaqcıl təhsil proqramları

Oxu - Bilik mənbəyi
Öyrənmə prosesinin əsas hissəsi mütaliə yolu ilə baş verir və kitablarda ilham mənbələrinə tez-tez rast gəlirik. Oxumalı olduğunuz kitabları müəyyənləşdirmək çətin ola bilər və bəzən üslubundan zövq almadığınız və ya sadəcə ehtiyacınızı qarşılamayan kitablar ala bilirsiniz. 
Buna görə indi nəzər yetirəcəyimiz iki tətbiq oxumaq istədiklərinizi müəyyənləşdirməyiniz üçün çox lazımlı olacaq.
Bu tətbiqetmələr öyrənmək üçün yeni bir şey tapmağa çalışarkən də faydalıdır. Bu tətbiqetmələr vasitəsilə yüzlərlə kitabı sıralamağa və marağınızı çəkəcək kitabları tapmağa kömək edəcək.


1. Blinkist
Həvəsli oxucular üçün konkret mövzulara dair əsas kitabları tapmaq ən böyük problemdir. Xüsusilə nəşr evlərinin sayı çoxaldığından kitab çeşidi də təbii olaraq çoxalıb, bu da mövcud kitab alternativlərini çeşidləməyi çətinləşdirir. Nəticədə seçim etmək problemə çevrilə bilir. 
Bu problemi aradan qaldıran ən yaxşı tətbiqetmələrdən biri Blinkist-dir.  Blinkist kitabları seçir və "blink" (yanıb sönmə) adlanan qısa səs parçaları ilə ümumiləşdirir. Tipik olaraq, bir Blinkist girişini dinləmək (və ya istəsəniz oxumaq) təxminən 15 dəqiqə çəkir.
Tətbiqdə sürətli bir etiketləmə sistemi var, beləliklə ehtiyac duyduğunuz kitabları növünə görə və ya oxuduğunuz digər kitablara əsasən seçə bilirsiniz. Bu tətbiq oxumaq və öyrənmək üçün yeni kitabların müəyyənləşdirilməsində səmərəliliyinizi artıracaq. Həmçinin vaxt sərf etməməli olduğunuz kitabları müəyyənləşdirməyə də kömək edəcək.

2. Headway
Headway tətbiqi Blinkistə bənzəyir, lakin bazarda yenidir. Tətbiqetmələri sadə, istifadəçi interfeysi intuitivdir və istifadəsi asandır.
Alət oxu qaydalarınızı müəyyənləşdirmək üçün əla vasitədir və oxuduqlarınıza əsasən kitab təklifləri verir. Kitabxanası hələlik Blinkistin kitabxanası qədər geniş olmasa da, yeni kitabların və bəzi məşhur elmi kitabların xülasələrini formalaşdırma prosesindədir.
Kurslar - Bilikləri dərinləşdirmək
Onlayn kurs bazarı son bir neçə ildə məşhurlaşan başqa bir sahədir. Hər şeyə dair müxtəlif səviyyələrdə kurslar tapa bilərsiniz. Müəllimlər bu əlverişli vasitələrlə öz biliklərini bölüşürlər.
Kurslar kifayət qədər anlaşıqlı, rahat və səmərəlidir. Bu vasitələri telefonunuza və ya planşetinizə yükləyərək avtomobil idarə edərkən, məşq zamanı və ya yatmadan əvvəl istifadə edə bilərsiniz.
Kursların müxtəlif səviyyələri olduğundan yeni başlayanlar üçün olan səviyyədən başlayaraq bunun sizin üçün uyğun olub olmadığını görə bilərsiniz. Daha sonra daha yüksək səviyyələr yoxlaya və müxtəlif mövzuları öyrənməyə davam edə bilərsiniz. 

3. Udemy
Udemy video kursları vasitəsilə onlayn öyrənməni təmin edən bir sayt və tətbiqdir. Saytın kontenti müxtəlifdir və şəxsi və peşəkar inkişafa yönəlmişdir.
Saytın istifadəsi çox asandır və ehtiyac duyduğunuz mövzunu tapmaq çox sadədir. Tətbiqdən minlərlə istifadəçi yararlandığından  hər bir kurs haqqında yazılan rəylərlə fikir sahibi ola bilirsiniz.
Udemy-nin bir çatışmaz cəhəti abunə modelinin olmamasıdır, beləliklə bir neçə dərs almaq istəyirsinizsə, hər biri üçün ayrıca ödəniş etməlisiniz. Bununla birlikdə, şirkət daha çox tələbə cəlb etməyə çalışdığına görə tətbiq tez-tez əhəmiyyətli endirimlər edir.

4. Coursera
Coursera öyrənmə platformasıdır. Udemy-dən fərqli olaraq Coursera daha çox akademiklərə fokuslanır və ödənişli bir şəkildə kursu bitirdiyinizi təsdiqləyən bir sertifikat təqdim edir. 
Coursera platformasını Stanford Universitetindən iki professor yaradıb və platformanın bu cür akkreditasiya təklif etməsi təəccüblü deyil. Hal-hazırda sayt 2020-ci ildə 70 milyon tələbəyə xidmət etdiyini və illik 60% artım göstərdiyini iddia edir. Qeyd edilən rəqəm kifayət qədər yüksəkdir.
Coursera sertifikatlar da daxil olmaqla, məhdudiyyətsiz, bütün kurslara giriş imkanı verən bir abunə modeli təqdim edir. Əlbətdə ki, bütün kurslar şəxsə uyğun öyrənmə imkanları yaradır,  buna görə də öyrənmək üçün effektivdir.

5. The Great Courses
Coursera əsasən peşəkar bacarıqlara yönəlibsə, The Great Courses demək olar ki, düşünə biləcəyiniz hər bir hobbi üçün müxtəlif növ dərslər təklif edir. Platformanın "The Great Courses Plus" adlı təkmilləşdirmə proqramı var və bu proqram zəngin kontentə məhdudiyyətsiz giriş imkanı verən bir abunə modeli təklif edir.
The Great Courses-in yaxşı cəhəti dünyanın ən yaxşı müəllimləri və hər sahə üzrə ustaların rəhbərliyi altında peşəkar şəkildə hazırlanmış video kurslarına sahib olmasıdır. The Great Courses istifadəçi dostu bir interfeysə əlavə olaraq birbaşa Roku TV pleyerinə inteqrasiya olunur və Amazon Kindle-da da mövcuddur.
Bu vasitələrlə öyrənməni daha effektiv şəkildə həyata keçirə bilərsiniz. Təcrübədən keçirərək sizin üçün ən uyğun öyrənmə vasitəsini müəyyənləşdirin.