evde-oyrenmeni-daha-semereli-eden-vasiteler-2-ci-hisse

Evdə öyrənməni daha səmərəli edən vasitələr (2-ci hissə)

Evdə öyrənməni daha səmərəli edən başqa hansı vasitələr var? Bu vasitələr sizə hansı imkanları yaradır? Bu vasitələr öyrənmə prosesindəki effektivliyinizi necə artıracaq? Gəlin, evdə öyrənməni daha səmərəli edən vasitələrinin 2-ci hissəsi haqqında danışaq.

Bildiyiniz kimi, öyrənmə prosesi günümüzdə daha sürətli getdiyi üçün təbii olaraq köməkçi vasitələrə ehtiyac olur. Bu vasitələr həm bu sürətə uyğunlaşmağa kömək edir, həm də öyrənməni daha səmərəli hala gətirir. Haqqında danışacağımız növbəti vasitələr aşağıdakılardır:

          - Məlumatı saxlamaq - öyrənmənin qalıcılığını təmin etmək
          - Məlumatları arxivləşdirmək - məlumat bazasına asanlıqla çıxış əldə etmək

Uzunmüddətli öyrənmə

Məlumatın qalıcılığını təmin etmək öyrənmə prosesinin vacib bir hissəsidir. Onlarla kurs keçib, yüzlərlə kitab oxusanız da bütün bu məlumatların qalıcığını təmin edə bilmirsinizsə, öyrənmə prosesini effektiv şəkildə həyata keçirmirsiniz deməkdir.

Başqa bir vacib nüans odur ki, məlumatın qalıcılığını təmin etmək hər şeyi kor-koranə əzbərləmək demək deyil. Məlumatın qalıcılığını təmin etmək öyrəndiklərinizin əsas cəhətlərini ehtiyac duyduğunuz zaman axtarıb tapmaq deməkdir.

Buna görə daima barmaqlarınızın ucunda olan və şəxsi öyrənmə bazanızı toplamağa və yaratmağa imkan verən bir sistemin olması vacibdir. Öyrənmək üçün bu cür vasitələr təhsilinizin bütün hissələrini saxlayacaq və məntiqi cəhətdən birləşdirəcəkdir. Sonrakı mərhələdə siz məlumatı ala və ondan səmərəli istifadə edə biləcəksiniz.

Anki

Anki öyrəndiklərinizi xatırlamağınıza və məlumatları daha dəqiq və daha uzun müddət saxlamağınıza kömək edəcək bir vasitədir. Elektron kartları təqlid edən bir iş metodudur, lakin yaradıcıları bunu digər ənənəvi öyrənmə metodlarından daha effektiv olması üçün hazırlayıblar.

Əsas ideya sistemin mövcud səviyyənizə uyğunlaşması və öyrənmə prosesini buna uyğunlaşdırmasıdır. Məsələn deyək ki, yeni bir dil öyrənirsiniz və bir sıra elektron kartları nəzərdən keçirirsiniz. Tətbiq bildiyiniz cavabları qeyd edir və iki həftə ərzində bu sual kartlarını qarşınıza çıxarmır. Bilmədikləriniz isə növbəti gün yenidən tətbiqdə qarşınıza çıxır.

Bu metodla unutduğunuz məlumatı effektiv şəkildə öyrənir və davamlılığını təmin edirsiniz.
Anki haqqında ən yaxşı şeylərdən biri ödənişsiz olmasıdır. İkinci ən yaxşı şey bu tətbiqi həm Windows, həm də Mac üçün, həm də mobil cihazların dəstəkləməsidir.
Anki yaddaşınızı yaxşılaşdıracaq və vaxtınıza qənaət edəcək əla bir öyrənmə vasitəsidir.

 

Quizlet

Quizlet öyrəndiklərinizin qalıcılığını təmin etməyə kömək edən başqa bir tətbiqdir. Sadə bir elektron kart sistemini ağıllı xüsusiyyətləri ilə öyrənmə sisteminə çevirən köməkçi vasitədir.
Quizlet evdə öyrənməni təmin edən mükəmməl bir vasitədir. Tətbiqdə quraşdırılmış süni zəka problem yaşadığınız hissələri hədəf alaraq öyrənmə üsulunuzu tədricən uyğunlaşdırmağa imkan verir.

Məlumat bazasını arxivləşdirmək və saxlamaq
Yaddaşınız nə qədər yaxşı olsa da, xüsusən məqsədiniz səmərəliliyinizi optimallaşdırmaq olduğunda yalnız ona etibar edə bilməzsiniz. Bu səbəbdən də öyrənmə prosesinizə öyrəndiklərinizi saxlamağa kömək edən və ehtiyac duyduğunuz zaman asanlıqla çıxışınız olan güclü bir sistem əlavə etməlisiniz.
Burada məqsəd kurslardakı qeydləri, kitabın əsas məqamlarını, video və səs sənədlərini, etiketlənmiş hissələri saxlayaraq lazım gəldikdə bir neçə kliklə əldə etməkdir.

 

Diigo

Diigo, öyrənmə arsenalınıza əlavə edə biləcəyiniz əla bir vasitədir. İnternetdə keçirdiyiniz vaxt artdıqca maraqlı məlumatlarla qarşılaşma şansınız da artır.
Ətrafınızda öyrənmək üçün bir çox fürsətlər var, lakin çox vaxt məlumatların çoxluğu və sürətinə görə yaddan çıxa bilir, ancaq Diigo kimi bir vasitə istifadə etsəniz bu baş verməyəcək.
Diigo, vebdə qarşılaşdığınız hər hansı bir məlumatı işarələməyə və ya müəyyənləşdirməyə, etiketləməyə və arxivləşdirməyə imkan verən şəxsi məlumat idarəetmə sistemidir. Qarşınıza çıxan məlumatı saxlayır və daha sonra öyrənmək üçün sistemə daxil edirsiniz.

Evernote

Evernote qeyd götürmə funksiyasını yerinə yetirən tətbiqetmələrdən biridir. 2000-ci illərin əvvəllərində başlamış və mobil inteqrasiya və cihazlar arası sinxronizasiyanı təmin edən ilk şirkətlərdən biri olmuşdur.
Diigo ilə Evernote arasında oxşarlıqlar var, ancaq əsas fərq, Diigo'nun məzmun toplamaq üzərində qurulması,  Evernote-un isə istifadəçilərə məzmun yaratmağa imkan verməsidir.
Tətbiqin intuitiv redaktorundan istifadə edərək qeydlər apara və bu qeydləri etiketlərlə qovluqlarda  və ya dəftərlərdə saxlaya bilərsiniz.
Ümumiyyətlə, öyrənmə prosesini səmərəli etmək istəyirsinizsə, Evernote-dan istifadə edə bilərsiniz. Tətbiqetmə fotoları çəkərək PDF-ə çevirməyə və arxivləşdirməyə imkan verir. Skanlanmış sənəd mətnə çevrilə bilirsə, asan axtarış üçün indeksləşdirilir.

Notion

Notion qeyd götürmə tətbiqetməsi olması ilə yanaşı fərqli funksiyalar da təklif edir. Bu tətbiq şəxsi öyrənmə mərkəzinizi formalaşdıra biləcəyiniz bir sistemdir. Əsas olaraq, Notion qeydlərinizi aparmaq üçün dizayn edə biləcəyiniz bir məlumat bazasıdır və məlumatlarınıza asanlıqla çıxış verir.
İstənilən bir media forması ilə işlədiyinə görə video seminarlar, audio kurslar və ya bütün kitabları və ya PDF-ləri saxlaya bilərsiniz. Notion'da edə bilməyəcəyiniz bir şey yoxdur. 
Əlbətdə kiçik bir çatışmazlığı var. Notion tətbiqini öyrənmək biraz az vaxt tələb edir və insanların çoxu tətbiqdən istifadənin çətin olduğunu düşünür. Ancaq bir az təcrübə və bir az vaxt sərf etməklə tətbiqdən istifadəni asanlıqla öyrənə bilərsiniz. Bu tətbiqdən istifadəni öyrəndikdən sonra digər məlumat toplama metodlarından istifadəni dayandıracaqsınız.