evden-isleyerken-motivasiyali-qalmaq-ucun-meslehetler

Evdən işləyərkən motivasiyalı qalmaq üçün məsləhətlər

Fərqli mühit, eyni gözləntilər. Belə şəraitdə işləmək həmişə asan deyil.
Bir çoxumuz indi iş günləri daxil olmaqla evdə daha çox vaxt sərf edirik. Adətən masa arxasında, ofis daxili intizam ilə görüləcək işləri indi yumuşaq divan və ya mətbəx masalarında icra edirik. 
Minlərlə insan evdə işləyir və böyük ehtimal var ki, gələcəkdə ev ofisi bir çox peşəkarlar üçün yeni norma olacaq. Bu o deməkdir ki, biz, produktiv qalmaq və iş yüklərimizin öhdəsindən gəlmək üçün yeni yollar tapmalıyıq. 
Belə halda enerjili qalmaq üçün məsləhətlərimiz aşağıdakı kimidir: 


1.    İş üçün lazımi mühiti yaratmaq
Bəzən evdə olduğumuz zaman yaxınlarımız və ya digər məsələlərə görə fikir dağınıqlığı yarana bilir. Ayrı otaq ayırmaq mümkün deyilsə, ən azı konkret iş məkanı seçib, ora iş üçün lazım olacaq vasitələr ilə təmin et. Günün iş bölgüsünü edərək, plan qur və reallaşdırmadan ev və ya digər işlərə keçmə. Bu proses artıq həmin məkanda olduğun müddət yalnız iş icra etdiyin ilə əlaqədar refleks formalaşdırıb, səni daha fokusda saxlayacaq. 


2.    Yaxşı işıqlandırma
Seçdiyin məkan və əşyaların önəmli olduğu kimi həmin ərazinin düzgün işıqlandırılması da səni enerjili edəcək. Ala-qaranlıq məkan yuxu və tənbəllik yarada bilir, süni işıqlandırma və ya daha çox gün işığının həmin məkana daxil olduğuna əmin ol. Əgər gün işığı kompyuterinə mane olur, və ya otağın işıqlandırması kifayət etmirsə, masa üstü lampa və digər vasitələrdən istifadə etməkdən çəkinmə. Əsas sənin iş dinamikanın azalmamasıdır.

 
3.    Bitkilərin əhəmiyyəti 
Bəzi ofis mühitində də müşahidə etdiyimiz kimi, qapalı məkanlarda kiçik təbiət nümunəsini iş mühitimizə daxil etməyimiz iş prosesi üçün faydalıdır. Ümumilikdə pandemiya səbəbindən yaranmış məhdudiyyətlər bizi daima qapalı məkanda qalmağa sövq etsə də, təbiət ilə aramızda olan bağlılığı məhdudlaşdırmamaq və canlı ortaq yaratmaq üçün evinə, xüsusən də iş məkanına bitki qoymaq da enerjili qalmağa kömək edəcək. 


4.    Düzgün geyim seçimi 
Evimiz rahatlığımızdır və əvvəl ağır iş günündən sonra evdə rahat geyimdə olmaq vərdişimiz hazırda bizim işdə peşəkar qalmağımızın əksinə işləyir. Yəni sən evdə ayırdığın iş məkanında pijamada olduqda şüuraltı səndə tənbəllik və rahatlıq hissi yaradacaq və istənilən iş daha ləng və qeyri-effektiv olacaq. Sadəcə video görüşlər üçün deyil, özün üçün peşəkar görün ki, özünü iş mühitində hiss edəsən. 


5.    Həmkarlar ilə əlaqədə qalmaq
Evdə işlədiyin zaman özünü həmkarlarından təcrid olunmuş hiss etmək mümkündür. Ancaq onlarla ünsiyyətdə olmaq və qarşılıqlı əlaqə yollarını tapmaq çox vacibdir. Bir mesaj göndər, iclaslara qoşul, video zəng et və ya tək işləmədiyini xatırladan digər üsullardan istifadə etməyə çalış. Şəbəkəni genişləndirərək öz sahənə və işinə aid əməkdaşlıqlar da bu yolda sənə yardım edəcək. Bu xüsusiyyət həmçinin yeniliklərdən xəbərdar olmaq və inkişaf üçün zəruridir. 


6.    Fasilə etmək
Evdə işləmək, 24 saat kompyuter arxasında ola bilmək demək deyil. İş saatları təyin edib, o vaxt aralılğını yalnız işə sərf etmək səni yormaz. Ümumilikdə isə hər işdə olduğu kimi, produktiv qalmaq üçün fasilə etməyi bacarmaq lazımdır. Düzgün vaxt bölgüsü etmək yorulduqda dincəlməyə və işi zamanında çatdırmağına kömək olacaq.

 
Bu məsləhətlər sənə istənilən mühitdə peşəkar və produktiv qalaraq, inkişaf etməyə və işini idarə etmənə şərait yaradacaq.