Fəal dinləməni necə formalaşdırmaq olar?
İnsanlar bildiklərini öyrətmək və bilmədiklərini öyrənmək üçün hər zaman öz bilik və təcrübələrini bizlərlə bölüşmək istəyir. Müasir dövrdə “fikir azadlığı”, “söz azadlığı”, “tənqid azadlığı” kimi məfhumlar insanlara onların daha çox fikir irəli sürməsi, danışması, daha çox sorğulama və tənqid etməsinə ehtiyac olduğunu düşündürür.
Gündəlik nitq praktikasında insanlar başqaları ilə dialoqa, fikir mübadiləsinə, diskussiyaya girirlər. Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir informasiya, hadisə barədə məlumatlanmaq, müsahibini nəyəsə inandırmaq, sövq etmək, nədənsə çəkindirmək, deyilənlərə münasibət bildirmək və s.) xidmət edir. Geniş mənada dialoq müxtəlif əqidələrə, mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub insanların bir araya gələrək, mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması, müəyyənməsələlərin müzakirə edilməsi yoludur. Hər bir şəraitdə şəxslərin normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, şərtlərə, etik normalara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu o deməkdir ki, birinci şəxs danışarkən digəri (və ya digərləri) onu axıra qədər dinləməli, müsahibinə fikrini açıqlamağa imkan verməli, sonra söhbətə qoşulmalıdır.
“Nitq mədəniyyətinin əsasları” N.Abdullayev
Dinləmə-dialoq mədəniyyətinin bir hissəsidir. Dialoq mədəniyyəti dedikdə ağlımıza gələn ünsiyyət normaları, ünsiyyət normaları dedikdə isə ağlımıza ilk gələn “danışmaq”dır. Fikirləri, hissləri bölüşmək təbii olaraq çox mühümdür, çünki insan anlaşılmaq, başa düşülmək istəyir. İnsan düşüncələrini ifadə etməyi bacarmadıqda və ya qarşı tərəfdə dinləmək mədəniyyəti olmadıqda bu zaman şiddət meydana çıxır.
Şiddət,söyləmək istədiklərimizin sözə çevrilə bilməyən hal və enerjisidir. İnsanlar sözü bitəndə şiddətdən istifadə etməyə başlayır. Fikirləri daha aydın izah etmək üçün, “başa düşülmək” üçün daha çox intelektə sahib olmaq lazımdır.
“İnsanlar nəyi hiss edir və başa düşürlərsə, onu ifadə edirlər, onlar yalnız özləri yaxşı başa düşmədiklərini ifadə etməkdə söz tapa bilmirlər “(V.Q.Belinski).
Kitab, məqalə, jurnal oxumaq yəni mütaliə etmək bu səbəbdən çox mühümdür. İnsan “başa düşülməməkdən” qorxur, çünki, çoxumuz hisslərimizi, duyğu və düşüncələrimizi düzgün şəkildə anlada bilmək bacarığına malik deyilik. Məsələ burasındadır ki, həyatımız boyu müxtəlif elmi biliklərə yiyələnsək də ən vacib olanı yəni insanı tanıma, insan psixologiyası haqqında heç nə öyrənməmişik. İqtisadi sistemdən,devalivasiyadan, marketinqdən,siyasətdən və ya futboldan saatlarla danışa bilərik, amma “özündən danış desələr”, üçüncü cümlədə duruxub qalar, fikirlərimizi ifadə etməkdə çətilik çəkərik.
Deməli danışmaq özünü-ifadə forması kimi informasiya mübadiləsi prosesində mühüm alətlərdən biridir. İnformasiya mübadiləsində digər mühüm alətlərdən biri isə dinləmə bacarığıdır.
Məhşur türkiyəli aktyor Haluk Bilginerin “Şahsiyyet” seriyalından bir replikanı misal gətirək: “İnsanlar səbrlə dinləmir bir birini, cümləni bitirmədən avtomatik cavab verirlər.”
Həqiqətən insanlar bir birini dinləmir. Gündəlik həyatın təlaşı, ehtiyac və tələbatlar, stress, həyəcan və s. kimi həyatımızı əhatə edən şeylər bizdə avtomatik cavab funksiyasını yaradıb. Ətrafımıza diqqət etsək, müşahidə aparsaq bütün bunların şahidi olarıq. Çox uzağa getməyək, gündəlik standart dialoqlara baxaq: “Necəsən?” sualını adiləşdirdiyimiz kimi, cavabını da çox bəsitləşdirmişik: “Yaxşıyam, şükür, salamatçılıq, belə də, yavaş-yavaş” və s. Verdiyimiz cavabların heç biri bizim həqiqi hisslərimizi ifadə etməsə də qarşımızdakı şəxs buna heç bir əhəmiyyət vermir, çünki dinləmir, çünki cavab onun üçün o qədər də maraqlı deyil, sual da adət halını aldığımız üçün verilib. Bəli, “maraq” bizi dinləmək üçün motivasiya edir. Ancaq məsələnin maraqsız olması onu dinləməməli olduğumuz mənasına da gəlməməlidir. Bugün peşəkar iş mühitində tələb olunan yumşaq bacarıqlar sırasında problem həll etmə, dinləmə, öyrənmə kimi lazım olan səriştələr bizə dinləmə bacarığının problemin mənbəyini müəyyən etmək, planlamada dəqiqlik, öyrənmədə adaptasiya üçün vacib olduğunu göstərir.
Biz baş verən hadisələrin fərqində olmaq üçün dinləməliyik. İnsanları dinləmək, onlara qarşı yaranacaq önyarğının, lövbərləmənin, stereotiplərin qarşısını qismən alır. Maeve Binchy’nin “The Lilac Bus” kitabı insanların bir-birini dinləmədən bir-biri haqqında fikir formalaşdırması mövzusunda yazılmış möhtəşəm əsərdir. Dinləmə bacarığı empati qurma bacarığınızı da inkişaf etdirir. Belə ki, insanları dinlədikdə kim olduqlarını, nə istədiklərini, haradan gəldikləri və haraya getdiklərini müəyyən edə bilərik və bunları bilməyimiz həmin insanların adət və davranışlarının səbəbini anlamağımıza kömək edir. Eyni ilə, satış sahəsində, bazarda müştərinin tələbatlar və ehtiyaclarını öyrənmək üçün əlimizdə onlar haqqında bir qədər məlumat olmalıdır və bunu müştərini dinləyərək toplaya bilərik. Müştərinin nə istədiyini bilsək, niyə istədiyini və bunun üçün nə qədər büdçə ayırdığını bilsək, satış prosesi hər iki tərəf üçün şəffaf və uğurla nəticələnək.
“Müxtəlif səciyyəli insanların ürəyinə nüfuz etməyi bacarmayan, onları həyəcana gətirən və ya sakitləşdirməyin səbəblərini bilməyənlər öz nitqləri ilə arzu etdikləri məqsədə çata bilməzlər” (Siseron).
Bəs dinləmə bacarığını necə formalaşdıra bilərik? Daha çox bilmək və biliyimizi artırmaq üçün dinləməliyik. Hər birimizin başa düşülməyə ehtiyacı var. Əgər bir-birimizi qarşılıqlı və mütəmadi şəkildə başa düşməsək “sənin-mənim” davasında hələ min illərlə mübarizə aparmağa davam edəcəyik. Günümüzdə innovasiyalar, süni intellekt bizi bir-birimizə yaxınlaşdırmır əksinə uzaqlaşdırır. Ünsiyyətin degenerasiya və deqradasiyası insanların kompakt şəkildə sülh və əminamanlıq içində yaşamasını bir müddət sonra daha da çətinləşdirəcək. Qəhrəmanlar yerinə yüksək təzyiq altında, travmalı, öz-özünü sağaldan, öz-özünü böyüdən, özünü sübut etməyə çalışan natamam, egoist və narsist insanlar yetişdirəcəyik və bu qeyri-ciddi yanaşılacaq bir mövzu deyil.
Söhbət edin bir-birinizlə, danışın-dinləyin. Yaşanmışlıqlar dəyərlidir. Hisslərinizi və fikirlərinizi sözlərlə və gözlərlə ifadə edib, insanları da sözlərindən və gözlərindən anlamağa çalışın. Müsbət yanaşın. Mərifət – daşlara baxan gözlərin gülləri görməsidir!
Uğurlar!!!