fovqelade-hallar-konulluleri-proqramina-start-verilir--

“Fövqəladə hallar könüllüləri” proqramına start verilir!

Ölkəmizdə və ölkə hüdudlarından kənarda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində könüllülük hərəkatını inkişaf etdirmək, o cümlədən əhaliyə zəruri yardım və dəstək göstərməyə hazır olan könüllüləri formalaşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Fövqəladə hallar könüllüləri” proqramına start verilir.

“Fövqəladə hallar könüllüləri” proqramına qoşulmaq üçün təhsil səviyyəsindən asılı olmayaraq, 18-35 yaş arası gənclər müraciət edə bilər. İlkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş iştirakçılar nəzəri və təcrübi biliklər qazanmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəsisləri tərəfindən yanğın təhlükəsizliyi, mülki müdafiə, axtarış-xilasetmə işi, ilk yardım, ilkin psixoloji yardım, su hövzələrində təhlükəsizlik, fövqəladə hallar zamanı davranış qaydaları və digər sahələr üzrə təlimlərə cəlb olunacaqlar.

Təlim proqramını uğurla başa çatdırmış könüllülərə proqramın sonunda Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq sertifikat veriləcəkdir.

Könüllü kimi fəaliyyət göstərmək istəyən şəxslər 31 avqust 2023-cü il tarixinədək linkə daxil olmaqla müraciət edə bilərlər.