gelecek-heyatiniz-bu-gun-neler-edeceyinizden-asilidir-

Gələcək Həyatınız bu gün nələr edəcəyinizdən asılıdır !

Bu gün nələr etdiyin, Sabahını müəyyən edir.


Bir gün Mahatma Qandi: “Gələcək, bu gün nə etdiyinizdən asılıdır” deyə bir ifadə işlətmişdi.
Özünü on il sonra necə hiss edəcəyini bu gün atdığın addımlardan aslı olduğunu dərk etdikdə, nələri dəyişməkdən başlayardın? 
Xüsusilə uşaqlıq dövründən, bütün həyatımız boyu müəyyən təsirlərə, xaricdən gələn fikir və təzyiqlərə məruz qalaraq, müəyyən istək və xəyallar formalaşdırırıq. Lakin başqalarının təcrübələrinə və ya fikirlərinə əsasən yaranmış həyat deyil, sabah öz istəklərini reallaşdırmaq üçün bu gün çalışmalı, səy göstərməlisən. Formalaşdırdığın məqsəd uğrunda dayanmadan sərf etdiyin enerji, zaman və gücün sənə istədiyin nəticəni əldə etməyə kömək olacaq. 
Bəli, bu sözdə olduğu kimi asan deyil, lakin unutma ki, Roma bir günə salınmadığı kimi, sənin uğurun da bir gün içində ilk addımla əldə edilməyə bilər. Bəs nələrdən başlayacağını bilmirsənsə, bu gün harda olduğunu və hara çatmaq istədyini analiz et. Anlamalısan ki, bu marşrut çox uzun və keşməkeşli də ola bilər. Lakin sənin atdığın hər kiçik addım, bu yolda öz gələcəyin üçün qoyduğun sərmayədir. 
Əgər qarşıya qoyduğun məqsədin çox ali və böyükdürsə, onu kiçik hissələrə böl. Yəni A-dan Z-ə getdiyin yolun kifayət qədər zaman alıb, səni həvəsdən sala bilər. A-dan B-yə əldə etdiyin nəaliyyət sənin o yolda məqsədinə çatmağın üçün kiçik uğurlarındır. Bunu görmək, qiymətləndirmək və üzərində çalışmaq peşəkar bacarıqdır. 
Bu gün həmin məqsədə görə nə etdin? Hər gün özünə bu sualı ünvanla. Ünvanla ki, gündəlik inkişaf edəsən, yeniliklər aşılayasan, məqsədinə çatmağın üçün bu dəqiqə səndə olmayan bacarıqlara yiyələnəsən. Bu gün öyrəndiyin hər bir kiçik məlumat gələcəkdə sənə lazım gələn vasitələrə çevriləcək. 
Zamanı düzgün idarə etmək bacarığı da əlindən tutacaq xüsusiyyətdir. Bəzən məqsədli irəllədiyimizi düşünsək də, hansı zaman aralığında nəyi etmək istədiyimizi, nə vaxt nə əldə etmək istədiyimiz haqqında planlı addımlamırıq. Halbuki, bu xüsusiyyət daha qısa zamanda daha çox nəaliyyət qazanmağa fokuslanan beyni formalaşdırır. Buna nail olmaq üçün özünə hər hansısa kiçik tapşırıqlar qoy. Bu növ tapşırıqlar real edə biləcəyin, nəticəni dərhal görə biləcəyin olmalıdır. Həmin tapşırıqları nə vaxta qədər, hansı son tarixəcən bitirməli olduğunu müəyyənləşdir. Bəlkə başlanğıcda, çatdırmaya bilərsən, bu normaldı, lakin həvəsdən düşmə. Növbəti dəfə yoxla və tapşırığı uğurla reallaşdırdıqda özünü mükafatlandır. 
Bütün bu prosesi özün qurub, idarə edib, reallaşdırmaq sənin məsuliyyətin olmalıdır. Başqalarından sənə tapşırıq qoyub, mükafatlandıracağını gözləmə. Bu gün özündə formalaşdırdığın disiplin və faydalı vərdişlərin, gələcəkdə əsas məqsədə çatmağında əvəzolunmaz rolu olacağına şahid olacaqsan. 
Hər şey yolunda kimi görünür, bu dəqiqə istənilən uğura imza atmış ola biləcəyin halda, özgüvənsizlik daxil olur. Daima eşitdiyimiz ifadələr sırasında “nədənsə sonra- təhsilimdən, hərbi xidmətdən, gələn il, gələn həftədən” və şah əsər “Sabahdan 100% edərəm”. Buna səbəb nədir? Həqiqətən vaxt yoxdur düşünürsənsə, yanılırsan. Adətən buna səbəb ilk addımı atmaqda etdiyimiz tərəddüdlərdir. Gələcəyini sabah deyil, bu gün qurursansa, bugündən başlamalı, öz gücünə inanmalısan. Nə qədər tez başlasan o qədər daha çox təcrübə əldə edə, səhvlər üzərindən öyrənə və nəticədə məqsədinə çatmış olacaqsan. 
Öz uğurunu, xoşbəxtliyini və bugününü boşa sərf etmə. İtirdiyin hər an səni 10 il sonra özünü necə hiss etmək istədiyin vəziyyətindən uzaqlaşdırır. İradəli ol və öz həyatının sükanını öz əlinə alaraq, zamana meydan oxu. 

Sabahını məhz Bu gün Yarat!