gender-esasli-zorakiligin-aradan-qaldirilmasi-komponenti-cercivesinde-teskil-olunan-sosial-teatrin-yekun-tedbiri-kecirilib--

“Gender-əsaslı zorakılığın aradan qaldırılması” komponenti çərçivəsində təşkil olunan sosial teatrın yekun tədbiri keçirilib

20 avqust tarixində Biləsuvar Heydər Əliyev Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi,  BMT-nin İnkişaf Proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə icra etdiyi “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsinin “Gender-əsaslı zorakılığın aradan qaldırılması” komponenti çərçivəsində təşkil olunan sosial teatrın yekun tədbiri keçirilib.

Tədbir zamanı 16 gənc dörd gün ərzində öyrəndiklərini tamaşalar vasitəsilə nümayiş etdiriblər və öz istedadlarını sərgiləyiblər. Tamaşalar erkən nikah, qızların sosial həyatı, məişət zorakılığı və selektiv abort mövzularını əhatə edib.

Tədbirdə AQUPDK-nın Qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova, BMTİP-nin layihə əməkdaşları Nadir Quluzadə və Günel Məmmədova, Biləsuvar rayonu icra hakimiyyəti nümayəndələri, Biləsuvar Heydər Əliyev Mərkəzi əməkdaşları, Biləsuvar Qadın Resurs Mərkəzi üzvləri, gənclər, valideynlər və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən layihə müşaviri Günel Məmmədova layihə haqqında iştirakçılara məlumat verib və icma üzvlərini gender-əsaslı zorakılıqla mübarizədə fəal iştirak etməyə dəvət edib.

İzləyicilərlə tamaşalar arası müzakirələrdə iştirak edən AQUPDK-nın Qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova gənc istedadlara öz təşəkkürünü bildirib və gənc nəslin bu mövzuda məlumatlı və təşəbbüskar olmasının vacibliyini vurğulayıb. S. Rəhimova Komitənin gender-əsaslı zorakılıqla bağlı gördüyü tədbirlər barəsində də iştirakçılara məlumat verib.

Tədbirdə xüsusi qonaq qismində çıxış edən dünyaca məşhur Amazon şirkətinin biznes analitiki Yaşar Əhmədli parlaq, sosial məsuliyyət hissi olan və özgüvənli gəncləri görməkdən məmnunluğunu bildirib. O, qeyd edib ki, inklüziv cəmiyyətin qurulması və keyfiyyətli təhsil gender bərabərsizliyi və digər problemlərin həllində mühüm rol oynayır.

Qeyd edək ki, “Ritual Mobil Teatr Laboratoriyası”-nın Biləsuvar QRM-də apardığı sosial teatrın məqsədi gəncləri gender mövzusunda maarifləndirmək və gender-əsaslı zorakılıqla birgə mübarizədə həm oğlanların, həm də qızların rolunun önəmini aşılamaqdır.