goycayda-aqroturizm-ve-mesgulluq-festivali-kecirilecek--

Göyçayda "Aqroturizm və Məşğulluq" festivalı keçiriləcək

25 İYUN-da Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi -Tədqiqat İnsititunun birgə təşkilatçılığı ilə GöyçayFest keçiriləcək.

Festivalda kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin sərgiləri təşkil olunacaq. Həmçinin bu istiqamətlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məhsulları və həyata keçirilmiş layihələr nümayiş etdiriləcək.

Tədbir Dövlət Məşğulluq Agentliyi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu,  Dövlət Turizm Agentliyi, Göyçay Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, “Aznar” QSC, “Göyçay-Süd” ASC və Azərbaycanda Qadın Sahibkarığının İnkişafı Assosiasiyasının birgə tərəfdaşlığı ilə baş tutacaq.

Məqsəd regionda aqroturizm və ekoturizmin, eləcə də milli qastronomiyanın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirməkdir. Həmçinin peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərini inkişaf etdirməkdir.