gundelik-heyatimizda-manipulyasiya

Gündəlik həyatımızda manipulyasiya

        Manipulyasiya - insanların istifadə etdiyi və ya edildiyi psixoloji fenomendir. Psixoloji manipulyasiya sosial təsir növüdür. Gündəlik həyatımızda, ailə daxilində, iş mühitində, mediada, münasibətlərimizdə ixtiyari və ya qeyri-ixtiyari olaraq manipulyasiya edirik, həmçinin manipulyasiyaya məruz qalırıq. Manipulyasiya edənin məqsədi əsas hədəfi gizlətmək, müxtəlif taktikalar vasitəsilə insanların davranışını, qəbuletmə prinsipini dəyişməyə can atmaqdır.
      Çox vaxt manipulyasiya ilə inandırma eyniləşdirilir. Lakin bilmək lazımdır ki, inandırma - başqasını müəyyən bir istiqamətə yönəltmək üçün təsir etmək, qarşılıqlı şəkildə faydalanmaqdır. Manipulyasiyada isə qarşılıqlı fayda yoxdur, yalnız manipulyator üçün faydalıdır.
      Hər bir insan həyatının ən kiçik dövrlərindən başlayaraq fərqində olmayaraq manipulyasiya edib. Məsələn, elə uşaqlıqdan başlayaraq. Uşaqlar öz istəklərini həyata keçirmək üçün ağlayırlar, küsürlər, hirslənirlər. Bu yolla onlar valideynlərini manipulyasiya edərək istəklərini həyata keçirirlər. Həmçinin dərsə gecikəndə, gələ bilməyəndə müəllimə dediklərimizlə əslində onu manipulyasiya etmiş oluruq.
       Manipulyatorlar ya özlərində olmayan bir şeyi əldə etməyə çalışırlar, ya da özlərininki hesab etdiklərini əllərində  saxlamağa çalışırlar. Bunun üçün müxtəlif taktikalardan istifadə edirlər:
1. Tərif edirlər, uyğunluqları vurğulamağa çalışırlar və dərhal sonra necə etdiyiniz barədə sual verirlər;
2. Problem yaradaraq, necə reaksiya verəcəyinizi gözləyirlər;
3. Vəziyyəti öz mənafelərinə xidmət etdirmək üçün tövsiyələr verirlər;
4. Özlərindən asılı vəziyyətə salırlar;
5. Qorxudaraq şərtləndirirlər;
6. Günahlandırırlar.
          Manipulyasiyaya ən çox mükəmməliyyətçi, günahkar hiss edən, təkəbbürlü, məhdudlaşdırıcı sərhəd təyin edə bilməyən, bəyənilmə-təsdiq olunma ehtiyacı olan insanlar uğrayırlar.
          Bütün bunlara baxmayaraq biz icazə vermədiyimiz müddətcə heç kəsi bizi manipulyasiya edə bilməz. Odur ki, fərqinləyimizi yüksəldib manipulyatrlara qarşı daha diqqətli, ehtiyatlı davranmalıyıq.