Heç bir əlaqə olmadan xaricdə iş imkanı tapmaq realdırmı?
Əksər şəxslər xarici ölkələrdə iş vakansiyaları haqqında müəyyən stereotiplər içində olduğu üçün heç bir araşdırma etmədən cəhd etmir. Halbuki bu məqamda məsələ elanlara şübhə ilə yanaşma deyil də, həqiqətən harada, hansı vəzifədə, hansı şərtlər ilə və bütün bu məlumat qarşılığında hansı bacarıqlara sahib olmaqdan ibarətdir. Öz bacarıq və təcrübələrinizi düzgün analiz etdikdən və istiqamət seçdikdən sonra, təbii ki, öz potensialınızın səviyyəsini dəyərləndirmək üçün digər ölkələr üçün yerləşdirilmiş elanları gözdən keçirmək olmalıdır.
Axtarış zamanı yaranan bir sıra çətinliklər nələrdir?
Vakansiyaları araşdırarkən nəzərə almalı olduğunuz başlıca çətinlik viza sponsorluğu məsələsidir. Ümumilikdə, bu bir qədər mürəkkəb mövzudur. Ancaq qısa şəkildə belə ifadə etmək olar ki, Avropadakı şirkətlər üçün qeyri-Avropa vətəndaşına işçi vizası, yaxud iş icazəsi (work permit) əldə etmək uzun və bəzən müəyyən qədər çox xərc çıxan prosedurdur. Bu səbəbdən də, məsələn, şirkət Belçikada yerləşirsə uyğun namizədi tapmaq üçün öncəliyi məhz Belçikanın əmək bazarıdır. Əgər axtarış uğursuz olarsa, 2-ci dərəcəli üstünlük Avropa Birliyi ölkələrinin vətəndaşlarına verilir. Bu da onu göstərir ki, Azərbaycan da daxil olmaqla, Avropa Birliyinə daxil olmayan ölkə vətəndaşları daha böyük rəqabətlə üzləşə bilirlər. Lakin bu qarşı tərəf sizi dəvət edirsə, bu sənədləşmə məsələsi daha sürətli həll oluna bilir, odur ki, maneə görüb, həvəsdən düşməyin.
Hazırda bir çox azərbaycanlı gənc karyerasını ölkə xaricində davam etdirmək, Avropada iş tapmaq, xüsusilə də, Almaniyaya miqrasiya etmək planları, yaxud arzuları qurur. Lakin tövsiyəmiz odur ki, məqsəd olaraq ölkə deyil, məhz sizə faydalı olacaq müəssisə və sizin uğurlu olacağınız vakansiyaya fokuslanın.
Xaricdə iş elanları və intensiv iş axtarışına necə başlayım?
Xaricdə iş elanları saytlarını araşdırarkən (nümunələr məqalənin sonunda veriləcək) sizə uğyun olan çoxlu sayda elanlar tapa bilərsiniz. Ancaq CV-nizin, biliklərinizin yetərli səviyyədə olması heç də kifayət deyildir.
Sizin bu yoldakı ən yaxın dostlarınızdan biri, bəlkə də birincisi Linkedin-dir. Məhz bu sosial şəbəkədə qeydiyyatdan keçərək, həm istənilən ölkədəki vakansiyalara baxa bilərsiniz, həm də xaricdə yaşayan və vaxtilə sizinlə ortaq çətinliklərlə üzləşmiş insanlarla əlaqə qura bilərsiniz. Lakin siyahı bununla da sərhədlənmir. Aşağıda işinizə yarayacaq əlavə vebsaytlar da təqdim edirik. Xaricdə iş tapmaq üçün sizə faydalı olacağını düşünürük.
Hansı saytlar vasitəsilə xaricdə iş elanlarına baxmaq olar?
Linkedındən savayı bir çox saytlar mövcuddur ki, ölkə vurğulayaraq, sizin bacarıqlarınız əsasında uyğun vakant yerlər ilə tanış ola biləsiniz. Bunlara nümunələr aşağıdakı kimidir:
Indeed – dünyanın bir çox ölkələrindən minlərlə vakansiya ilə məhz bu vebsayt vasitəsilə tanış ola bilərsiniz.
Glassdoor – prinsip etibarilə Indeed ilə oxşardır və qlobaldır. Şəxsi təcrübəmizdən deyə bilərik ki, Macarıstanda iş tapmaq üçün çox əlverişlidir.
Pracuj – Polşada iş axtarmaq üçün ən faydalı resurlardan biridir.
StepStone – 21 fərqli ölkədəki 600000-dən artıq aktiv vakansiyaya bu vebsayt vasitəsilə baxa bilərsiniz.
Sonda onu qeyd edək ki, xaricdə iş axtarmaq yoluna baş vurarkən hər nə qədər öz sahənizdə savadlı və peşəkar olsanız da, yekun nəticəni əldə etməyiniz müəyyən qədər zaman ala bilər. Çalışmaq istədiyiniz ölkəyə əvvəlcə tələbə olaraq addım atmağınız, mümkünsə, təcrübə proqramlarında iştirak etməyiniz işinizi xeyli asanlaşdıra bilər.
Hər kəsə uğurlar!!!