her-gununu-ozun-idare-et

Hər gününü özün idarə et

Günü necə idarə etmək olar?

       Hələ də istədiyinizi etməkdə çətinlik çəkirsiniz? Nə isə etməyə hazırlaşırsınız? Nə zaman başlayacağınızı bilmirsiniz? Narahat olmayın, bir çox gənclər belə suallarla üzləşirlər və bu suallar demək olar ki, qlobal xarakter daşıyır. Yəni, siz tək deyilsiniz. Qorxub motivasiyanızı itirmək yerinə necə işi öz əlinizə ala bilmək haqqında düşünün.
Bu məqalədə sizə yardımçı ola biləcək vasitələr qeyd edilmişdir. Qeyd edilənləri mütləq və mütləq sınaqdan keçirin.Əminik ki, metodlar işə yarayacaqdır. 
       İlk öncə qeyd edək ki, gənclərin əksəriyyəti səhər oyanmaqda çətinlik çəkirlər. Səbəb isə gec saatlarda yuxuya getməkdir. Uğur qazanmış insanlar əldə etdikləri uğurun sirrinin məhz erkən  qalxmaq olduğunu deyirlər. Səhər oyananda ilk işiniz telefona baxmaq olmamalıdır. Çünki bu diqqət yayınıqlığına gətirib çıxardır. 
       Gecə yatmazdan bir saat əvvəl telefondan istifadəni dayandırmaq lazımdır, çünki mavi işıq yuxunu pozmaq qüvvəsinə malikdir. Telefonunuza gələn adi bir pis mesaj və ya e-mail gününüzün bərbad keçməsinə səbəb ola bilər. Buna görə də, hər gecə növbəti gün üçün sizin üçün ən vacib olan üç hədəfi qeyd edin və səhər oyandığınız zaman heç olmasa bir hədəfə çatmamısınızsa, telefonunuzu götürməyin .Bu həmişə mümkün olmaya bilər. Amma ən azından çalışmağa dəyər. 
         Bir layihə və ya hədəfiniz varsa və doğrusunu bildiyiniz şeyi özünüzə etdirə bilmirsinizsə aşağıda qeyd olunanları diqqətlə oxuyun və yerinə yetirməyə ən azından cəhd göstərin : 
1.    “Sonra edərəm”ləri gecikdirin.
 Bir az qəribə və gülməli gələ bilər, amma siz görüləcək işləri gecikdirməkdə ustasınızsa, bunu da bacaracaqsınız.


2.    Bir yerdən başlayın.  
Əgər görüləcək işə necə və haradan başlayacağınızı bilmirsinizsə, sizə asan və rahat gələn hissədən başlayın.


3.    Görüləcək işləri hissələrə ayırın.
 İşi kiçik hissələrə ayırın və onları asandan çətinə doğru sıralayın. 


4.    Özünüzə qarşı incə olun. 
Araşdırmalar göstərib ki, bir işi vaxtında və düzgün etmədikdə, özünüzü danlamaq əvəzinə nəzakətli davranmalısınız. “Səhv etmiş ola bilərəm, amma düzəldəcəm” və s.kimi cümlələrdən istifadə edin.


5.    Vaxtınızı idarə etməyi bacarın. 
Görüləcək işlərin vaxtında yerinə yetirilməsi ən önəmli ünsürlərdən biridir. İşləri hissələrə ayırdıqdan sonra onları müəyyən vaxt ərzində  bitirməyə çalışın. 


6.    Bir səbəblə başlayın. 
İnsanların çoxu işdən sonra əylənir və istirahət edir. Siz də işinizi bitirdikdən sonra nə edəcəyinizi düşünüb bunu səbəb kimi götürə bilərsiniz.

         Çox səhvlər edilə bilər, insan olduğunuzu unutmayın. Əlbəttə ki, səhvlər edəcəksiniz. Əsas məsələ səhvi etdikdən sonra onu necə düzəldəcəyinizdir. Ola bilər ki, ətrafınızdakı insanlar sizi qınasın və inanmasın. Motivasiya, özünə inam və güvəninizi itirməyin. Risk etməkdən qorxmayın.  Dözümlü olun və dik durmağı bacarın. Araşdırmalar göstərir ki, ən xoşbəxt insanlar xoşbəxtliyin öz əllərində olduğunu düşünənlərdir.
Bu düşüncədə sizə uğurlar diləyirik!