ikigai-heyatinizin-meqsedi--

İKİGAİ: Həyatınızın məqsədi

Həyat məqsədiniz nədir?  Bu gün yaşadığınız həyatdan razısınızmı?
Bu suallar ətrafında heç düşünmüsünüz?  Bəs aldığınız cavablar necə sizi qane edirmi? 
Bu sualları nəzərdən keçirdiyinizdə şübhə və ya kədər hiss edirsinizsə, “İkigai” həyatınıza məna qata bilər. 

İkigai nədir?  

İkigai daha uzun və mənalı həyat fikrini ifadə edən Yapon konsepsiyasıdır. Hər səhər məqsəd və məna ilə dolu bir günə başlamaq üçün  yatağımızdan qalxmağımıza kömək edəcək daha mənalı  həyata aparan yoldur. Bir hobbi sahibi olmaq, ailə qurmaq və ya daima arzuladığın məqsədə doğru getmək hamısı ikigaidir. Dəyərini  açıqlamaq üçün istifadə olunan “həyat” mənasını ifadə edən  “iki” (‘き) kəliməsinin, “gai” (‘き) fayda  kəliməsi ilə bir araya gələrək yaratdığı “ikigai” sözü də elə faydalı və mənalı  həyat deməkdir.  Əslində hamımızın bu və ya digər dərəcədə axtardığımız da elə budur. Hər kəsin ən az bir ikigaisi var və bunu kəşf etmək öz əlimizdədir. 
Niyə bu qədər vacibdir? 
Dünyadakı ən pis təcrübələrdən biri məqsədsiz, boş yerə gəzdiyini hiss etməkdir. Məqsədləriniz həyat qərarlarınıza rəhbərlik edərək davranışınıza təsir göstərir və sizi gündəlik həyatınızı daha mənalı və məhsuldar keçirməyə sövq edir. Heç bir məqsədi olmayan şəxslərdə müəyyən müddətdən sonra həyatın boşa çıxması hissi formalaşır ki bu da dərin kədərə  və bəzən depressiyaya səbəb olur. İkigai həyatda məqsədinizi və ya dəyərinizi tapmaq üçün bir açardır.  Həmçinin daim sizi maraqlandıran sizə dəyər qatan bir şeylərin olması düşüncəsi həyatdan məmnunluq hissi formalaşdırır ki bu daha sağlam, xoşbəxt və mənalı  həyat üçün zəmin yaradır. İkigai də elə özündə bunları ehtiva edir. 
İkigaini necə müəyyən etmək olar?

İkigainizi müəyyən etmək üçün aşağıdakı suallar ətrafında düşünməlisiniz.  
“Nəyi sevirsən?”, “Nəyi daha yaxşı edirsən?”, “Cəmiyyətin nəyə ehtiyacı  var?”, “Nə etdikdə pul qazana bilərsən?”suallarının kəsişməsindən öz ikigainizi tapacaqsınız. 

Nəyi sevirsən?
Məqsədinizi müəyyən etmək üçün özünüzdən soruşacağınız ilk sual nəyi sevdiyinizi müəyyən etməkdir.  Hansı iş sizi xoşbəxt hiss etdirir? Uzun müddət yorulmadan və darıxmadan nə edə bilərsiniz? Bu suallar sizin sevdiyiniz fəaliyyətləri  müəyyənləşdirəcək və fikir əldə etməyinizə kömək edəcəkdir.

Nəyi daha yaxşı edirsən?
Bir çox şeyi sevə bilərsən, bəs bacarıqların necə hansı sahəyə daha uyğundu. Hansı sahələrdə yaxşı nəticələr əldə edirsiniz? Başqalarının səni tərif etməsinə və ya işini tanımasına səbəb olan nədir? Nailiyyətləriniz nə ilə əlaqədardır? Bu suallar ətrafında düşünün. Aldığınız cavablar sizə bacarıqlı olduğunuz sahələri müəyən etməkdə kömək edəcək. Lakin çox şeylərdə yaxşı ola bilərik. Hamısı bizim ikigaimiz olmayacaq. Bəzi insanlar əla aşbazdır lakin bu fəaliyyətdən çəkinirlər. Ona görə digər suallar ətrafında da düşünməlisiniz. 

Nə etdikdə pul qazana bilərsən?
Növbəti sual bizi real dünyada istək və bacarıqlarımızı uzlaşdırmağa məcbur edir. Bacarıqlarınız həyatdakı istəklərinizə uyğundurmu?  Bəs hansı bacarığınız satılır? Sizə nə pul qazandıra bilər? Ancaq sevdiyiniz şeyləri pula görə rədd etməkdə çox tələsməyin. Bacarıqlarınızın marketinqinin birbaşa və ya aşkar olmayan yolları ola bilər ki, çalışın bunları müəyyən edəsiniz. 

Cəmiyyətin nəyə ehtiyacı var ?
Son sual tez-tez görməməzlikdən gəldiyimiz ancaq çox vacib olan bir məsələni əks etdirir. Cəmiyyətlərimizə necə dəyər qazandıracağımızı və işimiz, sənətimiz, öhdəliklərimiz və töhfələrimizlə müsbət təsir göstərə biləcəyimizi düşünməyi əhatə edir.
Göründüyü kimi ikigai sevdiyiniz və zövq aldığınız bir şeydir. Edə biləcəyiniz və ya etməyi öyrənə biləcəyiniz bir şeydir.  Nəhayət, dünyaya dəyər gətirən bir şeydir. Tədqiqatlar göstərir ki, musiqi zövqü, modası və fikirləri kimi, ikigai də yaşla dəyişə və ya ortaya çıxa bilər.

Bunu tapmaq üçün zaman-zaman özünüzü dinləyə bilərsiniz. Həyatınızın mövcud vəziyyəti barədə daim məlumatlı olun. İkigaini tapmaq və həyatdan zövq almaq üçün  heç vaxt gec deyil.  Siz ikigainizi müəyyən etməklə həm də özünüzü kəşf edirsiniz. Odur ki, elə indi yuxarıdakı suallar ətrafında düşünün və ikigainizi müəyyən etməyə səy göstərin.