ise-muraciet-prosesinde-en-cox-edilen-sehvler

İşə müraciət prosesində ƏN çox edilən səhvlər

Bu gün işə müraciət prosesi zamanı ən çox edilən səhvlərdən danışacaq.

Bildiyin kimi bu heç də sadə proses deyil. Hətta bəziləri üçün psixoloji olaraq da stressli prosesdir. Bu gün bu stressli prosesi necə yüngülləşdirə bilərik, bu prosesdə necə uğurlu ola bilərik onlar qeyd olunacaq.

Başlayaq!

Proses zamanı ən çox edilən səhvlər:

CV / Resume
CV yazılarkən diqqət edilməli olan əsas 3 məsələ :

Xronoloji ardıcıllıq – ən son olanı ən birinci qeyd etməlisən. Məsələn, bakalavr təhsilindən sonra magistr təhsili almısansa, magistr birinci, bakalavr ikinci sırada yazılır. Həmçinin əmək stajını da ən son işlədiyin yerdən yazmağa başla.
Şəkil – hər kəsin bildiyi aktual bir məsələ olduğunu düşünsəm də, yenə də qeyd etməyi özümə borc bilirik. Xahiş edirik, toy-bayram şəkillərini CV-də istifadə etmə.  Onsuz da işə qəbul olduqdan sonra tələb olunan sənədlər içində şəkil də istəyəcəklər. Yaxşısı budur sən öz işini möhkəm tutub, əvvəlcədən şəkil çəkdirəsən. Bu səni daha professional göstərəcək.
Cover letter (izahat məktubu) – Bu izahat məktubunu hamı yaza bilər. İstəyən ayrıca CV-dən savayı yazıb, işəgötürənə göndərə bilər, ya da CV-nin tərkibində yuxarıda bir abzas şəklində də yazıla bilər. Bəs bu izahat məktubu nəyə yarayır deyə sual versən, burda əsas vurğulamaq istədiyim 2 məqam var. Birincisi, yeni məzunsansa, iş təcrübən yoxdursa, izahat məktubu yazıb, niyə o işi istədiyini, o sahədə özünü harada gördüyünü, xəyallarını və planlarını, varsa həmin sahədə şəxsi inkişafın üçün etdiyin əlavə şeyləri qeyd edərək bir növ işəgötürənin ağlında bir imic yarada bilərsən. İkincisi, deyək ki, oxuduğun sahə ilə işləmək istədiyin sahə fərqlidir və karyera həyatında dəyişiklik etmək istəyirsən. Bu halda da izahat məktubu yazmaq çox faydalıdır. İşəgötürən başqa bir ixtisasdan məzun olduğunu görsə də, izahat məktubunda qeyd etdiklərin hesabına səni vakant pozisiya üçün uyğun görə və ya başqa ona uyğun bir pozisiya üçün qeyd edə bilər. Lakin burda da şəxsi inkişafın üzərində nə qədər çalışdığın, özünü nə dərəcədə istəkli görsətməyin vacibdir. Odur ki, izahat məktubu yazdığın zaman tələsmə və fikrini aydın şəkildə izah etməyə çalış.
Hara müraciət etdiyindən bixəbər olmaq
Burda qeyd etmək istədiyim iş təsvirindən xəbərsiz olmaqdır. Bəzi insanlar iş tapmaq üçün qarşılarına çıxan hər elana müraciət edirlər və çox vaxt da iş təsvirinə baxmırlar. İnsanların nə vəziyyətdə olduğunun, iş tapmaq üçün nə qədər əziyyət çəkdiklərinin fərqindəyik. Sadəcə olaraq bilmədikləri yerə gedib, qarşı tərəfdən hara gəldiyini və nə iş görəcəyini bilmədən müraciət edən biri kimi görünmələrini istəmirik. Çünki bəli, İnsan Resursları sahəsində işləyən birinin ən vacib özəlliklərindən biri empatiya olmasına rəğmən, bu duyğuya sahib olmayan insanlarla da üzləşə bilərsən. Ona görə də, sən işini möhkəm tut və müraciət edəcəyin pozisiyanın sənə uyğun olub-olmamasını yoxlamaq adına iş təsvirinə mütləq bir nəzər yetir.

Şirkət haqqında məlumatsız qalmaq
İmic zədələyən növbəti səhvlərdən biri getdiyin şirkət haqqında – o şirkət nə şirkətidir, nə işi görür, missiyası, vizyonu nədir və s. məlumatsız olmaqdır. Bu səbəbdən hər hansı bir yerə müraciət etməzdən əvvəl oranı yaxşıca araşdır. Bunun ən asan yolu da varsa (ki çoxunun var) vebsaytlarına daxil olaraq onlar haqqında məlumatlanmaqdır. Müsahibə zamanı bu sənin üçün müsbət bal kimi nəzərə alınacaq.

Bilmədiyin suallar qarşısında özünü itirmə.
Hər şeyi bilmək məcburiyyətində deyilik. Yadda saxla ki bilməmək eyib deyil, öyrənməmək eyibdir. Müsahibə zamanı bilmədiyin sual olanda özünü vəziyyətdən çıxartmağa çalış. Ümumiyyətlə, bu sadəcə müsahibə üçün deyil, həyatımızın hər sferasında bilmədiyimiz, bizə tanış olmayan hadisələr, vəziyyətlər qarşısında özümüzü itirməməyi, kontrolu əldən buraxmamağı öyrənməliyik.

Sadəcə seçilən deyilsən!
Əziz dostum, sadəcə seçilən olmadığının, həm də seçən olduğunun fərqində ol. İşəgötürən əmək haqqı müqabilində görülməli olan işi görmək üçün o işi görə biləcək uyğun namizəd axtarır. İşçi də bilik və bacarıqlarına arxalanaraq həmin vakansiya üçün “A” şirkətindəmi yoxsa “B” şirkətindəmi, bəlkə də “C” şirkətində işləmək qərarını özü verir. Odur ki, sual ver. Səni maraqlandıran məsələləri vurğula, onlar haqqında ətraflı məlumat al. Əmin ol, interaktiv keçən bir müsahibə hər zaman yadda qalan olur.

Bu mərhələdə vurğulamaq istədiklərimiz bunlar idi.

Təşəkkür edirəm!