isinizde-daha-pesekar-olmaq-ucun-bezi-tovsiyyeler

İşinizdə daha peşəkar olmaq üçün bəzi tövsiyyələr

Sahə və peşədən aslı olmayaraq mükəmməl iş ərsəyə gətirmək arzusundasansa, burda olmaqla, bu istiqamətdə artıq bir addım atmış olursan.

 
Mükəmməl iş nədir? Hər kəsə görə mükəmməllik eynidirmi? Deyildir. Əsas olan məsuliyyətində olduğun istənilən peşə və sahədə ən yüksək nəticələrə nail olmaq üçün produktiv çalışmaqdır. 


Bunu vərdişə çevirdikdən sonra hər gün dəyişən və yenilənən iş həyatında peşəkar və mükəmməl işin yaradıcısı olaraq qala bilməkdir. Məktəb və ali təhsil ocaqlarında yiyələnmədiyin və ya təcrübədən keçirmədiyin bacarıqları artıq iş ortamında gündəlik rutin halına gətirmək, səni inkişafa aparacaq. 


Bu inkişaf yolunda dəstək olacaq 7 prinsip aşağıdakı kimidir:


Peşəkar Davranış
Vəzifəndən və ya komandadakı rolundan aslı olmayaraq, özünü peşəkar kimi apar. İlk növbədə özün bunu icra etsən, ətrafdakıların da sənə və gördüyün işə münasibəti dəyişər. Yox əgər öz rolunu və gördüyün istənilən işi kiçiltsən, heç kəs əziyyətini qiymətləndirməz. Bundan əlavə geyim də, peşəkar görünüş yaradır ki, səndə özünə əminlik doğuracaq. Peşəkar görün ki, özünü peşəkar hiss edəsən.


Təşəbbüskar ol
İşini bilən işçi olmaq əladır. Lakin bununla kifayətlənməməlisən. Bugünün işəgötürəni öz komandasında kreativ, istedadlı və yeniliklərdən qorxmayanı istəyir. Dəyişən mühitə adaptasiya olub, yeni təşəbbüslərə can atan olmaqla, bir şirkət üçün problem yaradan yox, həll yaradıcısı olacaqsan. 


Özgüvənli ol
İşində uğur qazanmaq istəyən, hər bir kəsin qızıl qaydası- özgüvənli olmaqdır. Bu da, bir anda baş vermir, təcrübə aldıqca, səhvlərdən öyrəndikcə, inkişaf etdikcə formalaşır. Fərgi dərhal danışıq tərzin, yerişin, oturuşun və davranışın göstərəcək. Artıq rəhbər pozisiyasındakı insanlar da sənə güvənə biləcəklərini, arxayın ola biləcəklərini hiss edəcəklər. 


Özünü evindəki kimi hiss et
İş yerinə sadəcə qazanc mənbəyi kimi yanaşma. Soyuq və həvəssiz münasibətin həm işinə həm də insanlara təsir edir və gözə dəyir. Özünü elə apar ki, sanki bu ofis məkanı sənindir və məsuliyyəti sənin üzərindədir. Özünə əmin olduqdan sonra istənilən məkanı “mənimsəyə” biləcəksən. İstənilən iş görüşü və ya digər səbəbdən fərqli məkana dəvət aldıqda bu xüsusiyyətin səni peşəkarcasında gözə çarpan edəcək. 


Ünsiyyət qurmaqdan çəkinmə
Ünsiyyət və şəbəkələşmə uğurlu işin təməlidir.  Hansı sektorda işləməndən aslı olmayaraq, səni peşəkar edən ünsiyyət bacarıqlarındır. Verbal və qeyri-verbal ünsiyyət bacarıqlarını inkişaf etdirmıklə, həm işçilər, müstəri, əməkdaşlar və həmkarların ilə məhsuldar və peşəkar münasibətdə olacaqsan. 


Həmkarların ilə dostluq et
Böyük şirkətlərdə iş yoldaşlarının hamısını tanımaq çətinliyindən, daxildə laqeydlik müşahidə oluna bilir. Lakin sən bir peşəkarsan, işlədiyin departamentin və həmkarların ilə yalnız işçi kimi yox, dost münasibəti yarat. Bu həm iş mühitini müsbət, həm də komanda ruhunu yüksək edəcək. 


Daim öyrənməyə açıq ol
“Mən hər şeyi bilirəm” tip işçi həm özü inkişafa açıq olmur, həmçinin iş mühitində rəğbət ilə qarşılanmır. Onu bilməlisən ki, nə qədər təcrübəli olsan da, daim öyrənə biləcəyin yeniliklər mövcuddur. Rəqabətə dayanıqlı olmaq üçün öyrənməyə can atan işçi və lider olmağa çalışmalısan. 


Bu məsləhətləri düzgün tədbiq etsən, hər işində mükəmməl olacaqsan!