kicik-qelebeleri-qeyd-etmek-ucun-4-sebeb

Kiçik qələbələri qeyd etmək üçün 4 səbəb

Daha çox motivasiyalı və ya həyatınızdan məmnun olmağın yollarını axtarırsınız? Kiçik qələbələri qeyd etmək sizə lazım olan enerjiyə sahib olmağınıza kömək edə bilər.
Hər birimizin həyatda öz evimizə sahib olmaq, yaxşı karyera qurmaq və s. kimi böyük hədəflərimiz var. Böyük hədəflər həyatdan məmnun olmağımıza kömək edən açardır, lakin uzunmüddətli hədəflər olduqda, yol boyunca motivasiya və enerjimizi itirmək riski ilə qarşılaşa bilərik. Bu səbəbdən kiçik qələbələri qeyd etmək böyük  uğurlar üçün çox vacib addımdır.
Kiçik qələbələr nədir?
Əvvəlcə “kiçik qələbə” nin nə olduğunu müəyyən edək. Kiçik qələbələr qərarlarınızla bağlı olaraq bacardığınız hər şeydir. Bunlar iş, şəxsi münasibətlər, vərdiş dəyişiklikləri və ya maliyyə ilə əlaqəli ola bilər. Kiçik qələbələri asanlıqla göz ardı etmək olur, xüsusilə də mükəmməlliyyətçi mühitdə böyüdüyünüz təqdirdə.
Deyək ki, başqalarını daha az mühakimə etmək qərarına gəlmisiniz. Kiçik bir qələbə, başqasının "orijinal" sözünü necə söylədiyi haqqında mühakimə edici fikir düşünməyə başladığınızda bunun fərqinə varmağınız ola bilər.  Hələ də “orjinal” olaraq tələffüz etdiklərində mühakimə edici fikirlər ağlınıza gəlsə də ən azından bunun fərqində oldunuz və öz qərarınızı  xatırladınız. 
Niyə kiçik qələbələri qeyd etməliyik?
Kiçik qələbələri qeyd etmək əvəzinə niyə böyük qələbələrin bizə yaşadacağı xoşbəxtliyi gözləməyək?
Təsəvvür edin ki, qapı zəngi çalınır və qapını açdığınız zaman sizə  "Təbrik edirəm, 3 milyon dollar qazanmısınız!" deyirlər. Belə böyük bir qələbəni qeyd etmək necə olardı?
Şübhəsiz ki, bu miqdarda pula sahib olduğunu düşünmək  sizi daha motivasiyalı etməklə bərabər  həm də xoşbəxt və həyatdan məmnun  hiss etdirəcək, düzdür? Araşdırmalara görə böyük miqdarda pul qazananlar ümumilikdə həyatlarının keyfiyyətindən daha çox razıdırlar. Ancaq gündəlik başqalarından daha çox xoşbəxtlik yaşamırlar.
Kiçik qələbələr bizim daha özgüvənli və motivasiyalı olmağımıza səbəb olur, bu da süründürməçilikdən qaçınmağa kömək edir və irəliləmək üçün bizə stimul verir. 
Əslində, kiçik şeyləri qeyd etməyin fəzilətlərinə dair çoxlu səbəblər göstərmək olar. Ancaq xoşbəxtlik, müntəzəm olaraq qeyd etməyiniz lazım olan onlarla səbəbdən yalnız biridir.
Kiçik qələbələri qeyd etmənin səbəbləri aşağıdakı kateqoriyalara bölünə bilər:

1. Enerji
Enerji az olduqda bir şeyə nail olmaq çətin ola bilər. Hər nə qədər hədəflər təyin etmiş olsanız da enerjiniz olmadan onlara nail olmaq üçün çalışmayacaqsınız. Kiçik qələbələrinizi qeyd edərkən qələbə qazanma duyğusu sizi daha enerjili edir və zaman keçdikcə bu enerji daha da artır. 
Özünüz üçün indi sınayın: bu gün əldə etdiyiniz kiçik bir şey haqqında düşünün. Bəlkə çox yorğun olmağınıza və çöldə havanın çox  soyuq olmasına baxmayaraq zibil atmaq üçün evdən çıxmısınız. Özünüzə deyin: " Bu dəhşətli hava şəraitində çölə çıxmağa  cəsarət göstərdiyim  üçün özümlə fəxr edirəm".
Bu qələbəni isti qəhvə içərək də qeyd edə bilərsiniz.   Özünüzü təbrik etmək necədir? 
Vaxt keçdikcə kiçik qeyd etmələrin sizə qazandırdığı enerjini görəcəksiniz. Yəqin ki, zibili atmaqdan  nifrət edəcəksinizsə də, heç olmasa bunu etmək üçün enerjiniz olacaq.
Kiçik qələbələrin sizə qazandırdığı enerjinin köməyi ilə "ediləcəklər" siyahınızdakı böyük və kiçik bütün işləri yerinə yetirmək üçün daha çox motivasiya hiss edəcəksiniz. Bu, müsbət bir geribildirim halqasına çevrilir. Bir şeyi bacarırsınız, qeyd edirsiniz, daha çox iş görmək üçün enerjinizi artırırsınız və yenidən yeni qələbələr üçün çalışırsınız. Əslində kiçik qələbələri qeyd etməyin sizi daha da böyük qələbələrə nail olmağa yönəltdiyini göstərən dəlillər var. Bunun əksi də doğrudur. Kiçik şeyləri bacarmadığınız zaman, böyük qələbələri qazanmağın nə qədər çətin olacağını təsəvvür edin.

2.Şəxsi və Peşəkar İnkişaf
Kiçik qələbələri qəbul etmək sizə nə qədər irəlilədiyinizi izləməyə kömək edir. Bu, yeni bir vərdiş aşılamağa və ya həyat tərzini dəyişdirməyə çalışarkən xüsusilə faydalıdır.
Davranış dəyişiklikləri, qarşılaşdığımız ən böyük problemlərdən biri ola bilər. Bir çox insan yalnız bir dəfə cəhd etməklə davranış dəyişikliyi əldə edə bilmədiklərini düşünürlər. Məsələn, siqaret çəkmək vərdişinindən əl çəkmək istəyən şəxs ilk cəhdlərindən bacarmadığını görüb bu niyyətindən vaz keçir və eynilə davam edir. 
Kiçik qələbələri qeyd etmək müvəqqəti bir döngədən sonra yenidən yolunuza qayıtmaq üçün sizə motivasiya verir. "Bu gün yalnız 3 siqaret çəkəcəyəm " fikri sizi sabah yalnız 2-yə aparacaq kiçik bir qələbə ola bilər və siz bu qələbəni qiymətləndirməyi bacarmalısınız. 
Kiçik şeyləri qeyd etmək şəxsi və peşəkar inkişaf üçün çalışdığınız müddətdə istifadə edəcəyiniz ən yaxşı vasitədir. Kiçik qələbələr sizi daha böyük nəaliyyətlər üçün addımlamağa sövq edəcək. 

3. Özünə sevgi
Təhsilin indiyə qədər edəcəyiniz ən əhəmiyyətli sərmayə olduğunu söyləyirlər. Ancaq özünüzə qarşı sevginiz yoxdursa nə təhsil sahəsində, nə də digər hər hansı bir sahədə uğur qazana bilməyəcəksiniz. Bu səbəbdən, özünüzə sevgi, edəcəyiniz ən böyük sərmayədir. Özünüzü qeyd-şərtsiz sevdiyiniz zaman, qarşılaşdığınız əngəllərin öhdəsindən gəlmək sizin üçün çətin olmayacaq. Kiçik qələbələrinizi qeyd etmək özünüzə qayğı göstərməyin yollarından biridir.  
Sevdiklərimizin ad günlərini və ya bir çox digər xüsusi günləri  qeyd edirik. Qeyd edirik, çünki qeyd etmələr başqalarına olan sevgimizi nümayiş etdirir. Kiçik qələbələri fəal şəkildə qeyd etdiyiniz zaman isə özünüzə olan sevginizi təsdiqləyirsiniz.
Kiçik qələbələrinizi qeyd etmək, öz uğurlarınızı gördüyünüzü nümayiş etdirməyin güclü bir yoludur. Ətrafınızdakı insanların  sizin barənizdə  nə düşündüyünü izləməkdənsə özünüz haqqında olan müsbət fikirlərinizə daha çox etibar etməyinizə kömək edir. Başqa insanların sizə inanılmaz dərəcədə dəyərli olduğunuzu söyləməsini gözləməyi dayandırın və bütün kiçik uğurlarınızı qəbul etməyə başlayın!
Özünü sevməyin başqa bir faydası isə  başqaları ilə daha yaxşı münasibətlərə yol açmasıdır. Özünüzü sevdiyiniz zaman başqalarına sizə necə davranılmasını istədiyinizi göstərəcəksiniz ki, bu da münasibətlərinizin daha yaxşı olmasına şərait yaradacaq. 

4. Xoşbəxtlik
Həyatımız boyu xoşbəxtlik axtarışında oluruq. Bunun əvəzinə həyatımızı mənalı  hala gətirmək üçün çalışmaq bizim üçün daha faydalı olacaq.  
Bəs niyə bu da  daxil olmaqla kiçik qələbələri qeyd etmək haqqında demək olar ki, hər məqalədə xoşbəxtlikdən bəhs olunur? Çünki istədiyimiz budur. Göründüyü kimi, istədiyimizə aparan yol birbaşa deyil.
Əslində sevinc və xoşbəxtlik öz-özlüyündə məqsəd deyil, ancaq bizim üçün həqiqətən doğru  olanı etdiyimiz anların bizdə yaratdığı anlıq təsirdir. 
Həyatımızla məna qatmağa çalışdığımızda, özümüzə olan inam daha yüksək olur, hərəkətlərimiz niyyətlərimizə uyğun gəlir, özümüzə olan sevgimiz böyüyür və məna dolu bir həyat yaşayırıq. Buna görə xoşbəxtlik yaşamaq istəyirsinizsə, mənanı həyatınıza daxil etməyin yollarını tapmalısınız. Kiçik qələbələrinizi qeyd etmək bu mənanı tapmaq üçün katalizator ola bilər.
Xoşbəxtliyi tətbiq etdiyiniz bir şey kimi qiymətləndirməyə və bütün kiçik qələbələrinizi qeyd etməyə çalışın.

Kiçik qələbələrinizin gündəlik qeydlərini götürməyə cəhd edin. Həftə sonunda qeyd etdiyiniz  bütün kiçik qələbələrinizi oxuya bilərsiniz. Bu sizin növbəti həftəyə daha enerjili başlamağınıza və yeni qələbələr üçün inamla çalışmağınıza kömək edəcək.  Və daha da böyük bir qələbə qazanmaq istəyirsinizsə, ilin sonunda qeyd jurnalınızı yenidən oxuyun!