korparativ-medeniyyet-nedir-ve-neye-gore-mutleqdir

Korparativ mədəniyyət nədir və nəyə görə mütləqdir?

  Bir çox müasir sahibkarlar korporativ mədəniyyətin imkanlarından xəbərsizdirlər və buna görə də özlərini belə bir idarəçilik resursundan məhrum edərək onu öz professional fəaliyyətlərinə tətbiq etmirlər. Məşhur və nisbətən iri şirkətlərdə korporativ mədəniyyətin olmaması nəinki şirkət daxilində xaos yaradır, həmçinin, müştərilərə xidmət səviyyəsində özünü biruzə verir.

  Əməkdaşlar tərəfindən daimi şikayət, şirkətə hörmətin olmaması, professional səviyyənin aşağı olması, müştərilərə düzgün xidmətin göstərilməməsi və s. korporativ mədəniyyətin olmamasından xəbər verir.
Korporativ mədəniyyət, zamanın sınağından keçmiş və təşkilatın əməkdaşları arasında bölünən dəyər və davranış forması sistemidir. Çiçəklənmək niyyətində olan və buna can atan hər bir şirkət və təşkilat öz korporativ mədəniyyətini formalaşdırır.

  Şirkət məhz bunun sayəsində öz simasını yaradır, müştəri və əməkdaşlar üçün tanınan olur. Korporativ mədəniyyət professional qrupda münasibət sistemini formalaşdırır, şirkətin məqsəd və dəyərlərini əks etdirir, əməkdaşları intizama dəvət edir, şirkətin biznes mühitində nüfuzunu dəstəkləyir.
  Korporativ mədəniyyətin şirkətin strategiyası ilə uyğunluq və qeyri-uyğunluğu məsələsinə bir neçə yanaşma mövcuddur. Strategiya ya onun əsasında yaradılmış şirkətin norma və qaydalarını yüksəldir, ya da artıq mövcud olan qaydalara uyğunlaşır. Bundan əlavə, bu mədəniyyət forması insanların ümumi psixologiyası, həmçinin, şirkətin yerləşdiyi ölkə və yaxud qitənin psixologiyası ilə qarşılıqlı sürətdə əlaqəlidir.
Bütün bu cəhətlərlə yanaşı şirkətin fəaliyyət göstərdiyi ölkənin tarixi təcrübəsi də onun korporativ mədəniyyətinə təsir edən amillərdəndir. Belə ki, bir xalq nə qədər çox müharibə və sarsıntı keçirmişsə, öz şirkətində milli ideal və dəyərləri bir o qədər fəal olaraq irəli sürəcək. Tarixi təcrübə baxımından xalq optimist (öz gələcək inkişafına inanan) yaxud pessimist (ümumi dəyişiklikllər imkanını rədd edə bilən) ola bilər.

Korporativ mədəniyyət 2 növdə ola bilər:
  Güclü – bu zaman şirkət əməkdaşları öz hüquq və öhdəliklərini dəqiq olaraq bilir, məhsuldar fəaliyyət göstərir, bir-birilərini dəstəkləyir, rəhbərlərinə, şirkət adət-ənənələrinə, dəyərlərinə, ideallara hörmətlə yanaşırlar. Bu halda əməkdaşlar fəaliyyət göstərdikləri şirkəti “özlərinin ikinci evləri” hesab edirlər.
   Zəif – bu yuxarıda sadalanan əlamətlərin mövcud olmadığı haldır. Zəif korporativ mədəniyyətə sahib şirkətlər qeyri-effektiv fəaliyyət göstərir, cəmiyyətə, özünə, ölkə iqtisadiyyatına maddi zərər vurur, müştərilərə isə yalnızca məyusluq qazandırır.
Buradan belə nəticəyə gələ bilərik ki, öz işini yaratmağa hazırlaşan sahibkar anlamalıdır ki, şirkət korporativ mədəniyyətə malik olmadığı halda öz təşkilatının iqtisadi inkişafını ləngitməklə yanaşı onun nüfuzunu da endirir.

   İş etikası, bir işçinin müəssisə daxilində əxlaqi normalara riayət edən bütün davranışılarını ifadə edir və nəyin doğru, nəyin yanlış və nəyin uyğun olduğunu müəyyənləşdirir. Yəni şirkət daxilindəki əlaqələr dürüstlük, etibarlılıq, hörmət və ədalətli rəftar prinsipinə əsaslanmalıdır. Burda əsas məqsəd, rəhbər vəzifələrdən tutmuş, yeni işə götürülənlərə qədər şirkət daxilində münasibətlərin əxlaqi çərçivədə təmin edilməsidir.
   Bir şirkətin etik normalarının çatdırmasının əsas vasitəsi, şirkətin və işçilərinin etik standartlarını müəyyən edən "daxili intizam qaydaları" sənədidir. Çox güman ki, işə götürüldükdə sizə bu sənədin bir nüsxəsi veriləcək və iş yerinizdə iş etikasını qorumağın ən yaxşı yolunu təyin edərkən onu nəzərdən keçirə biləcəksiniz.

Ən çox yayılmış iş etikasından misallar:
•    Şəffaflıq
•    Dürüstlük
•    Etibarlılıq
•    Sadiqlik
•    Bərabərlik
•    Rəhmli olmaq
•    Hörmət
•    Qanunvericilik
•    Mükəmməlliyin təmin edilməsi
•    Məsuliyyət
•    Nüfuzun qorunması
•    Hesabatlılıq

   Bəs iş etikası niyə vacibdir? Bunun müxtəlif səbəbləri var. Hər şeydən əvvəl, iş etikası şirkəti hüquqi əsaslara uyğun olaraq işləməsini təmin edir, yəni işçilərin, müştərilərin, ümumiyyətlə istehlakçıların və ya digərlərinin hüquqlarını qoruyur. Bununla yanaşı, iş etikasının digər üstünlükləri də var.
   Şirkətlər iş etikasına riayət etməklə istehlakçılar arasında inam yarada bilər. Hər hansısa bir şirkət, istehlakçıların etibarını qazanarsa, rəqib şirkətlərə görə daha üstün mövqedə ola bilər. Bəzən şirəkətlər iş etikasının müəyyən aspektlərini marketinq vasitəsi kimi (məs., məhşur bir sosial problemi vurğulamaq) istifadə etməyi seçirlər. İş etikasından ağıllı istifadə etmək, ümumilikdə marka kapitalının artması ilə nəticələnə bilər.
Standart etik iş təcrübələrinə riayət etməklə bir çox müəssisə investorları özünə cəlb edə bilər.

Uğurlar!!!