liderlik

Liderlik

Çoxları üçün bu bir vəzifə, bir istedad və ya mənimsənilən bacarıqdır. Bəs əslində liderlik nədir? Necə bəziləri lider digərləri izləyici olur?

Yaxşı liderin nəyə nail olması məsələsi—başqa sözlə desək, liderlik keyfiyyətlərinin nədən ibarət olması geniş müzakirə edilir. Aydındır ki, effektiv rəhbərlik qabiliyyəti bir sıra əsas bacarıqlardan asılıdır, həm də müxtəlif liderlərin çox fərqli xüsusiyyətləri və üslubları var. Yəni bu bacarıqlar olmasa lider olmaq mümkün deyil deyə bir qayda yoxdur. Liderlik insanları məcburi idarə etmək deyil, öz iradəsi ilə heç kəs diktaturanı bəyənməz. Bacarıqlı lider ortaq dəyər yaradaraq insanları istiqamətləndirən, inandıran, bir məqsəd uğrunda irəlləməyə vadar edən şəxslərdir. Daha dəqiq desək, liderlik, digər insanların müəyyən bir məqsədə nail olması üçün səylərini maksimum dərəcədə artıran sosial təsir prosesidir.

Platon. Aristotel, Y.Sezar, M. Qandi, N.Mandela, M.L.Kinq, A.Hitler və daha milyonlarla tarixi nümunələr bizə göstərir ki, bu dəyər və məqsədlər müsbət və ya mənfi olaraq dəyişir, əsas maraqlısı, kifayət qədər geniş kütlənin buna baxmayaraq həmin liderləri izləməsidir. Bəs buna səbəb nədir? Ölkə liderlərindən tutmuş komanda liderlərinə qədər formula eynidir. 

Ünsiyyət bacarığı bir liderin ətrafına insanları toplaması üçün ən əsas vasitədir. Lider olmaq istəyirsinizsə, kommunikasiya bacarıqlarınızı və şəbəkəni genişləndirin. Daim ünsiyyətdə olmaqla həm öyrənə. əlaqələr qura, yeni informasiyaya ilk sahiblənə və digər insanlar üçün vasitəçilik etmək imkanını əldə etməklə siz, artıq liderliyin təməlini qoymuş olacaqsınız. Unutmayın ki, ünsiyyət yalnız verbal yox həm qeyri-verbaldır. Bədən dili, səs tonu, göz kontaktı, digərlərinə münasibət kimi faktorlar sizin nə dediyinizə və necə dediyinizə təsir etməklə, sizi izləyəcək, maraqların ətrafında toplaşacaq insanlar üçün siqnaldır. 

Motivasiya etmək bacarığı bir liderin malik olduğu ən əsas itələyici qüvvəsi, onu ilhamlandıran, motivasiya edən amilini bilməsidir. Lider olmaq xətrinə lider adlandırmayın özünüzü. Sizə dəyərli olan, sizi həvəsləndirən və hərəkətə gətirən amilləri bəlirlədikdə, və bunu ifadə edə bildikdə, ətrafınıza həmfikirləri cəlb etmək asandır. Özünə əmin olmayan, məqsədsiz, motivasiyasız insan digərlərini necə motivasiya edə bilər? Əgər motivasiyanı necə stabil saxlamaq haqqında daha ətraflı öyrənmək istəriysinizsə, növbəti məqaləmizə keçid edin.

Məsuliyyətli olmaq lider üçün nəinki ortaya qoyduğu məqsədin həmçinin ətrafına topladığı insanların məsuliyyətini daşıyır. Sizin yalnız nəticəyə deyil həm də prosesə olan məsuliyyətli yanaşmanızı görən insanlar daha proaktiv olmaqla, yüksək nəticə verə bilir. Yox əgər özündə qeyri-əminlik və işə məsuliyyətsiz yanaşma biruzə versəniz, insanlarda laqeydlik və işin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxardacaq. Güzgü kimi olun, nümunə olun, qarşıdan görmək istəyidiyinizi birinci özünüz nümayiş etdirin, lider olun.

İnam hissi az öncə qeyd etdiyimiz kimi, məqsədin və prosesin müsbət və ya mənfi olmasından aslı olmayaraq bir dəyərə inanan və digərlərini özü ilə aparandır lider. Bütün dövlət çevrilişləri, mədəni inqilablar, dini revolusiyalar, partilər və sektalar inam üzərində yaranıb. İnsan daima nəyəsə inanmaq istəyir, və həmişə onları ortaq inam ətrafında toplayıb aparan liderlər olub. Özünüz məqsədinizə, ideyanıza real ola biləcəyinə, işinizin uğurlu olacağına inanın.

Kreativ olmaq lazımdır, təbiki rutin işdə də liderlik bacarıqları tələb olunur. Lakin yenilik gətirmək, bir addım öndə olmaqdır. Önə çıxıb təklif irəli sürmək, idealarından qorxmamaq, utanmamaq və digərlərinə bunun faydalarını və müsbət nəticələrini təqdim etmək sizi daim iş və sosial həyatda uğura aparacaq.  

Bu kimi keyfiyyətləri təcrübədə sınayaraq ətrafdakı insanaların əsas da işinə cəlb etmək  istədiyiniz şəxslərdən fikir alın. Bu sizə inkişaf prosesinin uğurlu ya uğursuz, səhvlər üzərində işləmək və əlaqələr qurmağa kömək edəcək. Əsas odur ki yeni imkanlar zamanı lider olduğunuzu daima xatırlayasınız. Liderlik kənardan əlavə edilmir, o sizin daxilindədir.