mehkeme-huquq-islahatlari-movzusunda-genclerin-maariflendirilmesi-layihesi-yekunlasib--

“Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsi yekunlaşıb

“Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun, Ali Məhkəmənin və Vəkillər Kollegiyasının dəstəyi ilə reallaşdırılan “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsi 5 dekabr tarixində yekunlaşıb.

Qeyd edək ki, 3-5 dekabr tarixlərində baş tutan konfransın məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası istiqamətində məhkəmə-hüquq sistemində reallaşdırılan islahatlar barədə hüquqşünas tələbələri və gənc hüquqşünasları maarifləndirməkdir.

Layihə çərçivəsində gənc hüquqşünaslar və tələbələr “Vəkillik institutunda keçirilmiş islahatlar”, “Məhkəmə etikası, məhkəmədə davranış qaydaları”, “Elektron məhkəmə sistemi, ondan istifadə qaydaları, məhkəmələrə ərizə və şikayətlərin elektron məhkəmə sistemi ilə verilməsi”, “Praktiki iş - prosessual sənədlərin tərtibi qaydaları” üzrə təlim sessiyalarında iştirak ediblər.

Silsilə təlimlərdə təlimçi qismində Ali Məhkəmənin Sədrinin müavini Çingiz Əsgərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev, Ali Məhkəmənin hakimi Elşad Şamayev, Ali Məhkəmənin elektron məhkəmə məsələləri və İnformasiya texnologiyaları şöbəsinin müdir müavini Yusif Bayramov, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov və Vəkillər Kollegiyasının üzvü Natavan Rüstəmova çıxış ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikat və xüsusi hədiyyələr təqdim olunub.

Avropanın 44 ölkəsindən 350-dən çox şəhər və universiteti, həmçinin 60 mindən çox gənci sıralarında birləşdirən ELSA dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə, Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis olunub.