melanxoliyanin-beynimize-tesirleri

Melanxoliyanın beynimizə təsirləri

      İlkin olaraq melanxoliya nədir? sualına cavab tapaq.
      Psixologiyada melanxoliya dərin iztirab, sıxıntı, ətrafa marağın yox olması, insanlara qarşı sevgisizlik, fəaliyyət növlərinin ləngiməsi və ruh düşkünlüyü ilə özünü göstərir.
Melanxoliya ilə kədər eyni əlamətlərə malikdir. Lakin onları bir-birindən fərqləndirən yeganə cəhət odur ki, kədərdə ruh düşkünlüyü olmur.
      Adətən melanxolik insanlar həddindən artıq səssiz və həssasdırlar. Onlar ətrafında baş verən heç bir hadisəyə cavabsız qala bilmir. Təbiidir ki, onlar çox həssas olduqları üçün söhbət zamanı ən adi diqqətsizlikdə belə inciyib, küsə bilir.
       Bu tip insanlar baş verən ən xırda mənfi bir hadisəni belə uzun müddət unuda bilmir. Onlar dönə-dönə eyni hadisəni xatırlayır, kədərlənir və bu hadisənin nə üçün baş verməsi haqqında düşünür. Melanxoliklər adətən özlərinə güvənsiz və ən çox da özlərindən narazı olurlar. Onlar heç bir qabiliyyətlərinin və ya üstün cəhətlərinin fərqinə varmır. Çox zaman özlərini bacarıqsız və qabiliyyətsiz olaraq qiymətləndirir. Onlar çox vaxt özlərini tənqid edir və mənfiyə fokuslanırlar. Məhz elə bunlara görə də öhdəsindən gələ biləcəkləri işləri belə edə bilmir.  Bədbin fikirlər onların tez ruhdan düşmələrinə səbəb olur. Melanxolik insanlar adətən başladıqları işi bitirə bilmir və işin yarısında “onsuzda alınmayacaq”, “onsuzda mən bacarıqsızam” kimi fikirlərlə özlərini demotivasiya edir, ruhdan düşür və işi sona çatdırmaqdan imtina edirlər. Onlar uğursuzluğu ən başdan qəbul edirlər. Amma onu da qeyd etmək lazımdır ki, melanxoliklər həssas düşüncə tərzinə sahib və xırdalıqlara gedən insanlar olduqları üçün onlar həm də yaxşı müşahidəçi olur və onların intuisiyaları güclü olur.
        Melanxolik insanlar özünə qapalı olduqları üçün onlarla ünsiyyət qurmaq kifayət qədər çətindir. Onlar çox vaxt təklik sevir və cəmiyyətdən qaçırlar. Bu tip insanlar məmnunluq hissindən uzaq və depressiyaya meyilli olduqları üçün onları nadir hallarda xoşbəxt görmək mümkündür. Melanxolik insanlar emosiyalarını gizlətməyi çox yaxşı bacarır, amma bu əslində heç də yaxşı bir şey deyil. Emosiyalarını gizlətmək bir çox xəstəliklərə səbəb ola bilər. Qaraciyər, mədə ağrıları və.s bu xəstəlikərdəndir.
Təbiidir ki, melanxoliyanın beynimizə təsirləri heç də müsbət deyil.
        Bunu da unutmayaq ki, düşüncələrimiz əməllərimizə, əməllərimiz isə həyatımıza təsir edir. Düşünürəm ki, insan inandığından daha bacarıqlıdır. Boş yerə “inanmaq bacarmağın yarısıdır” deməyiblər. İnsan özünü psixoloji cəhətdən nəyə inandırırsa, beyin də onu qəbul edib hərəkətə keçir.Ona görə də hər zaman beynimizi müsbət düşüncələrə fokuslamağa səy göstərməliyik. Unutmayaq ki, hansı tip bölgüsünə aid oluruqsa olaq bu müəyyən sərhədi keçdikdən sonra xəstəliyə çevrilir. Amma unutmayaq ki, daxilimizdəki melanxoliyaya qalib gəlmək bizim öz əlimizdədir.