mesgulluga-destek-layihesi-uzre-artiq-2674-sexs-biznes-telimlere-celb-edilib--

“Məşğulluğa Dəstək Layihəsi” üzrə artıq 2674 şəxs biznes təlimlərə cəlb edilib

Dünya Bankının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi”nə artıq 6197 şəxs müraciət edib.

İştirakçıların 3978-nin ilkin monitorinqi keçirilib, onardan artıq 2674 işsiz şəxs isə biznes təlimlərə cəlb edilib. 48 region üzrə keçirilən təlimlərdə iştirak edən işsiz şəxslərdən 466-sı müharibə iştirakçısı və şəhid ailəsi üzvüdür.

“Öz biznesinə başla və təkmilləşdir”  Proqramı üzrə keçirilən təlimlərdə iştirakçılara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar aşılanır və onlar bu əsasda biznes planlarını hazırlayır.

Növbəti mərhələdə qiymətləndirmə komissiyası tərəfindən biznes planlar qiymətləndiriləcək və uğurlu binzes plana malik şəxslər aktivlərlə təmin ediləcəklər. Onlayn və əyani formada təşkil edilən təlimlər COVİD-19 pandemiyası ilə əlaqədar müəyyən olunmuş xüsusi karantin rejimi tələblərinə uyğun olaraq həyata keçirilir. 

“Məşğulluğa Dəstək Layihəsi”nin həyata keçirilməsində məqsəd  məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan həssas qruplara aid işsiz şəxslərin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi, onlara kiçik biznesə çıxış imkanlarının yaradılmasıdır. 

Özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan layihə üzrə 22 min işsiz şəxsin özünüməşğulluq proqramı üzrə kiçik bizneslərinin qurulması nəzərdə tutulur. Onlardan 5500-nə bu il kiçik təsərrüfatlar qurulması işləri aparılır.