mutalie-bacariqlarinizi-inkisaf-etdirecek-tovsiyeler

Mütaliə bacarıqlarınızı inkişaf etdirəcək tövsiyələr

Mütaliənin faydası xüsusilə hər gün oxuyanlar üçün çox böyükdür. Oxumaq təxəyyülü genişlətməyə, yaradıcılığınızı inkişaf etdirməyə kömək edir. Mütaliə sizi heç vaxt görə bilməyəcəyiniz yerlərə apara bilər. Video görüntülər sizə bir hekayə danışır, oxumaq isə hekayəni beyninizin içində yaradır.

Gənc, sağlam və yaradıcı zehinə sahib olmaq istəyənlər üçün müntəzəm oxumaq mütləqdir. Əgər siz xaraktercə oxumağa həvəsli deyilsinizsə, bu məqalədə mütaliə bacarığınızı inkişaf etdirməkdə sizə kömək edəcək bir neçə məsləhət var.

 

Marağınızı çəkən mövzulardan başlayın

Bir çox insan əslində istəmədiyi kitabları oxumağa çalışır. Dost-tanışın məsləhəti, dünya klassikası və ya çox satan kitab olmasına görə,  özünü maraqlanmadığı mövzuda olan hər hansı kitabı oxumağa məcbur edir, bununla da kitab oxumağa olan motivasiyası yox olur.Unutmayın, heç bir kitab hər kəs üçün ola bilməz.

İnsanlığa məlum olan hər bir mövzü haqqında yazılar var, buna görə də sizə maraqlı olan bir mövzü-janr seçin. Bədii janr olaraq fantastika, mistika, dedektiv, romantika,  macəra, yaxud sizi cəlb edən hər hansı bir mövzudan başlaya bilərsiniz.

Eyni hal qeyri-bədii materiallar üçün də keçərlidir. Oxumaqla yeni bir bacarıq öyrənə, müəyyən bir mövzuda biliklərinizi genişləndirə və ya az bildiyiniz bir sahə haqqında daha çox məlumat əldə edə bilərsiniz. Əvvəlcə maraq göstərdiyiniz şeylərdən başlayın ki, mütaliə bacarıqlarınız inkişaf etsin.

Hər gün ən azı 15 dəqiqə oxuyun

Ən azı 15 dəqiqə oxumaq üçün günün müəyyən bir vaxtını seçmək vacibdir. Mütaliə bacarığınızı inkişaf etdirmək və qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gün ərzində kiçik bir vaxtı ayırmalısınız.  Video izləməyə, sosial şəbəkələrdə dolanmağa musiqi dinləməyə vaxt ayırdığınız kimi oxuma prosesi üçün də hər gün ən azı 15 dəqiqə ayıra bilərsiniz.

Oxumaq kimi müsbət vərdişlər davamlı ardıcıllıq və əzmkarlıq tələb edir.Başlanğıç üçün bütün gün üzərinizdə gəzdirə biləcəyiniz kiçik bir kitab seçə bilərsiz. Bir çox kitab mağazasında məhz bunun üçün kiçik hekayələr ibarət cib kitabları mövcuddur.

Hər gün davamlı  oxumaqla mütaliə bacarığınınızın tez bir zamanda yaxşılaşdığını görəcəksiz.

İnsan pis vərdişlərə də, yaxşı vərdişlərə də ancaq təkrarla sahib olur.

Özünüzü “15 gün kitab oxumaq çelenc” ilə yoxlayın

Artıq gündəlik oxumağa vaxt ayırmağa başlamısızsa  “15 gün kitab oxumaq çelenc” ilə öz disiplinizi yoxlaya bilərsiz. Ola bilər ki, 15 gün həvəslə oxumaq üçün  material tapmaqda çətinliyiniz olsun, lakin əksər insanlar üçün bu, orta böyüklükdə bir romanı oxumaq üçün yetərincə uzun vaxtdır. Macəra, fantastika, dedektiv, triller, tarixi və ya bioqrafik  bir roman seçə bilərsiniz, hətta seçdiyiniz kitabdan ayrıla bilməyib 2-3 günə də bitirməyiniz mümkündür. Ancaq diqqətli olun, hələ  mütailə bacarıqlarınızı inkişaf etdirməmisizsə sizə oxuması çətin gələcək kitablardan bir müddət uzaq durmağınız məsləhətdir. Kitabsevər bir dostunuzdan bununla bağlı tövsiyə almaq da faydalı olacaqdır.  

Eyni kitabı 15 gün oxumaq təkcə mütaliə bacarığını yaxşılaşdırmayacaq, bu həmçinin sizdə bir romanı oxuyub bitirməkdən alınan zövqü formalaşdıracaq.

Oxuma materiallarınızı genişləndirin

Artıq mütaliə vərdişinizi formalaşdırdıqdan sonra növbəti addım oxumaq istədiyiniz kitabların siyahısını formalaşdırmaqdır.Bu siyahını hazırlayarkən kitabları sizdən öncə oxumuş insanların rəyləri əsasında və sizə nə dərəcədə maraqlı  olmasına görə seçməyə çaışın. Həmçinin azərbaycan dilində bəzi kitab tərcümələri heç də oxuyucu dostu sayılmaz. Məsələn,  goodreads.com kimi platformalardan oxuyucu fikirlərinə baxa bilərsiz. Əks təqdirdə bəyənmədiyiniz  ancaq özünüzü oxumağa məcbur etdiyiniz bir kitab sizi uzun müddət mütaliədən uzaqlaşdıra bilər