mutalie-etmeyin-faydalari

Mütaliə etməyin faydaları

Müasir dövrdə uğurlu olmaq üçün oxumaq nə dərəcədə önəmlidir? Bunu anlamaq üçün mütaliə prosesini incələyək

Mütaliə özündə “kitaba sevgi”, “oxuya maraq”, “oxuduğunu qavramaq və anlamaq” və “yaradıcı oxu” kimi anlayışları birləşdirir. Kitab və mütaliənin təbliği – hər bir kitabxana fəaliyyətinin əsas istiqamətidir. Kitab və mütaliənin təbliği üzrə proqram əhalinin bütün kateqoriyalarının kitabxanalara cəlb edilməsi ilə həyata keçirilir, lakin əsas diqqət uşaq, yeniyetmə və gənclərin mütaliəsinə yönəldilir. Yeniyetmə və gənc kadrların  mütaliə xarakteri isə hər gün dəyişir. Onlar üçün kitabı müstəqil seçmək heç də həmişə asan olmur. Yeni başlayan oxucu çox vaxt özü də nə istədiyini, nə oxuyacağını bilmir. 16 Oktyabr – Mütaliə Bayramı ilə əlaqədar olaraq, kitabxanada bir sıra tədbirlər :  kitab müzakirəsi, oxucu konfransı, icmal, dəyirmi masa, rəsm müsabiqəsi, oxucularla söhbət, səhnəciklər, icmal və s. keçirilə bilər. Mütaliə Bayramı məqsədilə kitabxanada kitab sərgisi təşkil olunmalıdır. Bu mövzuyla bağlı fotostend, dünya mətbuatından və eləcə də, Azərbaycanın ilk qəzet nümunələri, məqalə və kitablar sərgidə öz yerini alır.
     Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə asudə vaxtının demək olar ki, çoxunu mənasız şeylərə sərf edən insan həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. İşdən evə dönərkən evdə olan boş zamanı adətən televiziya verilişlərinə baxmaqla keçirən insan bu vaxtınının heç olmasa bir saatını kitab oxumağa ayırsa, bir çox müsbət keyfiyyətlər qazanmaqla yanaşı vaxtını dəyərləndirmiş olar. Ya da internet klublarda, kompüter arxasında, kafelərdə, əyləncə məkanlarında və başqa yerlərdə vaxtlarını keçirən gənclər bu vaxtlarının üçdə birini kitabxanalarda keçirsələr və kitab oxumağa ayrısalar cəmiyyətin ümumi düşüncə səviyyəsi yüksələr və geri qalan cəmiyyətlər sırasında olmaqdan qurtulmuş olarlar. Kitabları oxunması baxımından üç qrupa ayırmaq olar. Birincisi, stolüstü kitablardır. Bunlar bir dəfə oxunaraq tərk edilmir, əksinə dönə-dönə mütaliə edilir. Qida kimi hər zaman onlara ehtiyac vardır. İkincisi, elmi-tədqiqat əsərləridir. Bunlara da lüğətlər, ensiklopediyalar, hər hansı bir elm sahəsinə aid yazılmış kitablar, terminoloji əsərlər və s. daxildir. Bu tip kitablar da dərman kimidir. Ehtiyac duyulduğu zamanlarda oxunulur. Üçüncüsü, də ümumi deyə biləcəyimiz, mədəniyyət, fikir, tarix, ədəbi və s. sahələrlə bağlı olan kitablar, əsərlərdir. Bunlar elmi tədqiqat obyekti olmaqla yanaşı, həvəskarlar tərəfindən çox vaxt oxunulur. Bu cür kitablar adətən ən çox müraciət olunan kitablar olur.

      Mütaliə mövzusunda kitabxanada keçiriləcək tədbirlərdən biri də “Kitabla dost ol, ən yaxşı oxucu ol” adlı dəyirmi masadır. Kitabxanaçı oxuculara mövzu haqqında dəyərli məlumatlar verir.
       Böyük şəxsiyyətlərin həyatına nəzər saldıqda, mütaliə haqqında çox əhəmiyyətli və maraqlı faktlar meydana çıxır. Nizami elm öyrənməyi hər şeydən üstün tuturdu. O, özü qədim yunan mənbələrini birər-birər öyrənirdi. Müasirimiz olan S. Vurğun, R.Rza mütaliənin vacibliyini dönə-dönə qeyd edirdilər. Bir az keçmişə qayıdaq. "Risaleyi Nur" kitabının müəllifi olan Badiuzzaman Said Nursi yeniyetməlik çağında gündə 200 səhifə mütaliə etməklə 90 kitab oxumuş və qeyri-adi hafizəsi hesabına onların hər birini əzbər yadda saxlamışdır.
       Mütaliə psixoloji proses kimi komminukasiya-əlaqə fəaliyyətini mümkün edər. O da diqqətdən kənarda qalmamalıdır ki, informasiyalaşmış cəmiyyətin formalaşması və tərəqqisi mütaliə prosesinin bəhrəsidir. Mütaliə insanı həyata bağlayır, zehni açır, ətraf mühiti, dünyanı, bütün insanları sevdirir. Onda estetik hislər oyadır, kulturoloji hazırlıq aşılayır. Təsadüfi deyildir ki, gözəl nitqə, zövqə, əxlaqa malik olanlarla işləmək daha asan və daha maraqlıdır. Ttələbələr də, müəllimlər də, pedaqoji işçilər də öz rəhbərlərini mütaliə mədəniyyətinin ən bariz daşıyıcısı kimi tanımalıdırlar. Belə adamlarla ünsiyyət yorucu olmur. Onları dinləmək, onlardan öyrənmək gündəlik tələbata çevrilir. Azərbaycan oxucusunun əlinin altında klassiklərimizlə yanaşı Tolstoy, Puşkin, Çexov, Lermontov kimi rus klassiklərinin əsərləri vardır. Onlar dilimizə çox gözəl tərcümə olunmuşdur.

Mütaliə mədəniyyəti həmçinin kitabla iş prosesində vərdişlər kompleksidir. Bura daxildir:
• kitabın mövzusunun seçilməsi;
• mənbələrdə düzgün istiqamətlənmək bacarığı;
• mütaliədə sistemlilik və ardıcıllıq, konkret kitabın seçilməsi;
• oxuduğunu mənimsəmək və kitabın məzmununu dərk etmək;
• əldə edilmiş informasiyanı təcrübədə tətbiq və istifadə 
etmək, informasiyanı biliyə çevirmək;
• kitaba, dövri və ardı davam edən nəşrlərə qayğı ilə yanaşmaq;
• kitabla işin düzgün təşkili, gigiyenik qaydalara əməl edilməsi və s.

Şərt deyil ki, yazıçı və ya şair olasınız, peşəkar mühitdə mütaliə vərdişini formalaşdırmaq, sizdə kifayət qədər təcrübə və bilik qazandıcaq. Önəmli olan bunu iradə ilə icra etməkdir. 
Uğurlar