Nazir Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşdü
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşüb. 4 saylı DOST mərkəzində keçirilən görüşdə 50-dək media təşkilatı və KİV rəhbəri iştirak edib.
S.Babayev Nazirliyin fəaliyyətində ictimaiyyətlə əlaqələrin təşkilində media ilə sıx əməkdaşlığa xüsusi önəm verildiyini bildirib. Sosial islahatlarla, əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahələrində görülən işlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasında, sosial maarifləndirmədə medianın mühüm rolunu vurğulayıb.
O qeyd edib ki, Nazirlik hər gün media ilə sıx təmasda fəaliyyət göstərir, qurumun fəaliyyəti mütəmadi olaraq mediada əksini tapır. Hazırkı görüş də müvafiq mövzularda media orqanları rəhbərləri ilə fikir mübadiləsi aparmaq, sosial sahədə görülən işlərin nəticələri ilə bağlı məlumat vermək, onların rəy və təkliflərini dinləməkdir.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı bu kimi görüşlərin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı qeyd olunub ki, vətəndaş rifahının təminatı Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının yeni imzalanan Sərəncamları da bunun əyani nümunəsi olmaqla, 1 milyonadək işçinin əməkhaqqının artırılmasını təmin edir. Bu artım üçün illik 742 milyon manat əlavə vəsait ayrılıb. Bu artımlarla cənab Prezidentin 2021-ci il 16 oktyabr tarixli Sərəncamı əsasında sosial islahatların yeni mərhələsi başlanır. Yeni islahat mərhələsi 2,1 milyondan çox vətəndaşın rifahına dəstək olacaq. Bunun illik əlavə 1,5 milyard manat nəzərdə tutulub.
Ətraflı məlumat

