niye-cetin-isleri-birinci-gormeliyik

Niyə çətin işləri birinci görməliyik?

Yəqin görüləcək işlər siyahınıza hər gün asan işlərlə yanaşı sizin üçün çətin olan işləri də daxil edirsiniz. Hansını əvvəl etməyin daha faydalı olacağı haqqında heç düşünmüsünüz?
 İnsanlar çox zaman  ümumiyyətlə çətin tapşırıqları təxirə salır və əvəzinə daha kiçik tapşırıqları yerinə yetirməyə meyilli olur. Bunun səbəbi  kiçik  vəzifələrin icrasının  daha asan görünməsidir ki, bu da məhsuldarlıq hissi yaradır. Ancaq  ilk növbədə ən çətin tapşırıqları yerinə yetirmək işlərin daha səmərəli bir şəkildə həyata keçirilməsinin açarıdır.  


Bəs çətin işi birinci etməyin sizə hansı faydaları ola bilər?


-    İşinizin məhsuldarlığını artırır
Məhsuldarlığın ən yaxşı ölçüsü kəmiyyət deyil, yerinə yetirilən tapşırıqların keyfiyyətidir. Günün əvvəlində daha enerjili olursunuz və  işə lazım olan qədər zaman ayıra bilirsiniz ki bu da gördüyünüz işin məhsuldarlığını artırır.  Əslində işlər siyahınızdakı ən çətin iki tapşırığı yerinə yetirirsinizsə, deməli  səkkiz tapşırığı birləşdirib yerinə yetirməyinizdən daha keyfiyyətli iş çıxarmısınız. Elə buna görə də ən uğurlu və məhsuldar işçilər ardıcıl olaraq ən çətin vəzifələrini kiçik vəzifələrin önünə qoyurlar. 


-    Təxirə salmanı aradan qaldırır
Çətin tapşırıqlar daha çox enerji tələb edir. Bir iş nə qədər çətindirsə, onu yerinə yetirmək üçün daha çox enerji və diqqət  lazımdır. İnsanların böyük əksəriyyəti günün sonunda  fiziki və zehni enerjinin aşınmasına görə günün əvvəlinə nisbətən daha az motivasiyalı olur və onsuz da çətin olan iş  bu zaman daha ağır və əzablı işə çevrilərək növbəti günə qalır. Buna görə ən çətin və ən vacib tapşırıqları erkən yerinə yetirmək daha mantiqlidir. Çünki yorğun olduqda çətin işə  başlamaq daha çətindir və çox vaxt başqa bir günə təxirə salmaqla nəticələnir. Çətin iş birinci görüldüyü zaman isə təxirəsalma vərdişi  aradan qalxır. 


-    Digər işləri görmək  üçün sizi motivasiya edir
Görülməli işlər siyahısından sizin üçün çətin olan işi çıxardığınız zaman  hiss etdiyiniz rahatlıq düşüncə yorğunluğu ilə ortaya çıxan emosional ruh düşkünlüyünü aradan qaldırır  və sizi daha çox işləmək üçün motivasiya edir. Həmçinin kiçik qələbələr əslində sizə daha çox iradə vermək qabiliyyətinə malikdir. İlkin tapşırıq nə qədər çətin olarsa öz potensialınızdan əmin olursunuz və sonrakı tapşırıqları daha əzmli şəkildə və qısa zamanda edirsiniz.  


-    Vaxtın effektiv idarəsinə şərait yaradır
Benjamin Franklinin dediyi kimi   “Gecikdirə bilərsən, amma vaxt gecikməz və itirilən vaxt bir daha tapılmaz”. Çox zaman gün ərzində fikrinizdə böyük bir tapşırığa sahib olmağın ağırlığı əlinizdəki işə diqqətinizi itirir. Bu fokus itkisi tapşırığın daha uzun müddətdə görülməsinə və ya ümumiyyətlə görülməməsinə  səbəb olur. Bunun nəticəsində  iş nəzərdə tutduğunuzdan daha uzun müddətdə yerinə yetirilir və digər işləri görmək üçün zamanınız qalmır. Çətin tapşırığınıza erkən başlayaraq proqnozlaşdırdığınız zamanda başa çatdıra bilərsiniz. Nəzərə almaq lazımdır ki vaxtın səmərəli istifadəsi üçün əsas faktorlardan biri də hər tapşırıq üçün lazım olan qədər zamanın ayrılmasıdır. İşinizin çətinlik dərəcəsinə uyğun vaxt limiti təyin etmək lazım olduğunu da unutmayın. 


Tədiqatlar göstərir ki, əvvəlcə ən çətin tapşırıqlarını icra edən insanlar, daha məhsuldar olmaqla yanaşı yüksək nailiyyətlər əldə edirlər. İşinizdə daha uğurlu olmaq  istəyirsinizsə bunun sirlərindən biri də çətin işləri doğru zamanda etməyi bacarmaqdır. Günün əvvəlində  ən çətin işi görməyə cəhd edin.  Bununla  özünüzü təxirə salan biri kimi görməyə son qoyacaqsınız və daha məhsuldar biri kimi görəcəksiniz.  Hal – hazırda bu sizin üçün çətin görünə bilər ancaq unutmayın ki təcrübə ilə istənilən və ya lazımlı hesab etdiyiniz hər hansı bir davranışı öyrənə və ya vərdiş edə bilərsiniz.